azia.az
azia.az

Ağdaşda peyda olan "qulyabanı"nın izi ilə

29-06-2016, 03:55

Ağdaşda peyda olan "qulyabanı"nın izi ilə Son günlər Ağdaş rayonunun Qoşaqovaq kəndində baş verən olaylar ölkə mediasında, sosial şəbəkələrdə hər kəsin marağına və təəccübünə səbəb olub. Kənd sakinləri qorxu və təlaş içindədir.

Kənd sakinləri bütün olayların gecə saatlarında baş verdiyini iddia etdiyi üçün APA TV-nin əməkdaşı ötən gecə səhərədək Qoşaqovaq kəndində olaraq, baş verən hadisələri lentə almağa çalışıb.

Gecə saatlarında rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndinin girişində yerli sakinlərin qurduğu ilk postda sakitlik hökm sürürdü. Kəndin mərkəzində polis əməkdaşlarının və kənd sakinlərinin toplaşdığı əraziyə çatdıqdan bir neçə dəqiqə sonra naməlum məxluqun həyətlərin birində peyda olduğu xəbəri gəldi.

Kənd sakinlərinin sözlərinə görə, onları qorxuya salan bir neçə nəfərdir. Müxtəlif boyda, çəkidə və görkəmdə olan şəxslər gecə saat 23:00-dan 4:00-dək peyda olurlar.
Gecə saatları olmasına baxmayaraq, evlərdə qadınlar və uşaqlar yata bilmir. Kənd bələdiyyəsinin sədri ilə söhbət edən zaman yenidən səs gəlir. Hamı səs gələn tərəfə qaçır.

Qoşaqovaq kənd bələdiyyəsi sədrinin sözlərinə görə, həqiqətən də gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq yox, adi insandır. Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Amma sakinlərin gözünə görünən bu naməlum məxluq təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır.

Kənd sakinlərinin sözlərinə görə, dəfələrlə naməlum şəxsləri tutmaq üçün onları qovlasalar da, bu məxluqlar adamların keçə bilmədikləri tikanlıqlardan, hündür hasarların üstündən asanlıqla keçib qaçırlar. Hazırda Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları və kənd sakinləri naməlum məxluqların tutulması üçün kəndin müxtəlif ərazilərində axtarış işləri aparırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi