“Əyriçay”da işlər düzəlmir
Əyriçay su anbarı Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi Məmməd Qasımovun fəaliyyətinin yoxlanmasında və gərəkli ölçünün götürülməsində hələ də qərarlı deyil Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Əyriçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətində yer almış çoxsaylı ciddi nöqsanlara dair açıqlamalar yer almaqdadır. Bu xüsusda ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, Əyriçay su anbarı Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Bu obyekt Şəki və Qax rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir. Bu rayonların iqlim şəraitlərinin daha çox yağmurlu olduğundan, habelə ərazilərin əsasən dağlıq relyef üzrə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də digər yerli suvarma idarələri ilə yanaşı həm də Əyriçay Su Anbarı İstismarı İdarəsinin vəzifələrinə aiddir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Həmçinin Şəki və Qax rayonlarının iqtisadiyyatının inkişafı üçün bu idarənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İdarənin əsas işi su anbarının doldurulması və vegetasiya dövründə limit əsasında verilməsini həyata keçirməkdir. Bundan başqa, idarə bəndlərin və su paylayıcı qurğuların istismarı, təmiri və bərpası ilə məşğul olur. Lakin yerli sakinlərin rəyinə görə, Əyriçay Su Anbarı İstismar İdarəsi rəis Məmməd Qasımovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları üzündən öz funksiyalarını lazım olan səviyyədə həyata keçirə bilmir. Mənbələrin iddiasına görə, idarədə hökm sürən özbaşınalıq istehlakçıların suvarma və kommunal-texniki suya olan tələbatının tam ödənməsinə imkan vermir. Mövcud su mənbələrindən səmərəli şəkildə istifadə edilmir. Sel sularının hidrotexniki qurğulardan maneəsiz ötürülməsi üçün zəruri tədbirlər həyata keçirilmir. İdarəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara, hansı işlərə sərf olunması da dəqiq bilinmir. Məlumatlarda qeyd olunur ki, idarədə məhz yeni texnika və avadanlıqların alınması xüsusunda külli-miqdarda mənimsəmələrə yol verilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. Məlum olduğu kimi, aqrar sahənin inkişafı baxımından torpaqların meliorativ qaydalara müvafiq şəkildə suvarma suyu ilə təminatı məsələsi böyük əhəmiyyət kəsb edir. (Bizimdovr.az) Bu məqsədlə su anbarlarının, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən sığortalanması məsələsi daim müvafiq dövlət qurumlarının diqqət mərkəzində saxlanılır. Bu vacib işlərin həyata keçirilməsi üçün də hər il dövlət büdcəsindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə on milyonlarla manat məbləğində vəsait ayrılır. Lakin yerlərdən aldığımız məlumatlardan da bu qənaətə gəlmək olur ki, bəzi vəzifəli şəxslər büdcə vəsaitlərini heç də təyinatı üzrə xərcləmək niyyətində deyillər. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi isə, bu kimi vəzifə sahiblərinin, o cümlədən Məmməd Qasımovun fəaliyyətinin yoxlanmasında və gərəkli ölçünün götürülməsində hələ də qərarlı deyil...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.