azia.az
azia.az

5-10 avtomobilin müşaiyəti ilə dolaşan Qazaxın icra başçısı - Sərt ittihamlar

9-11-2016, 16:31

5-10 avtomobilin müşaiyəti ilə dolaşan Qazaxın icra başçısı - Sərt ittihamlarMəktubda yazılır ki, yerli məmurlar icra başçısının təhqir və kobud hərəkətlərindən bezib

Özünü Qazax Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən və adının hələlik çəkilməsini istəməyən məmurlardan biri müxtəlif KİV-lərə, eləcə də Reyting.az saytına sensasiyalı məktub göndərib.

Şikayətçi KİV-lər vasitəsi ilə prezident İlham Əliyevə müraciətində uzun illərdir Qazax Rayon İcra Hakimiyyətində işlədiyini və müxtəlif səbəblərdən adını açıq yaza bilmədiyini qeyd edərək, bildirir ki, rayonun yeni icra başçısı tabeliyindəki şəxslərlə kobud davranır.

Məktubda yazılır ki, yerli məmurlar icra başçısının təhqir və kobud hərəkətlərindən bezib: "Artıq elə vəziyyət yaranıb ki, İcra Hakimiyyətinin və büdcə təşkilatlarının rəhbər şəxsləri etiraz aksiyası keçirmək barədə düşünürlər. Əlbəttə, bu, indiki həssas məqamda doğru hərəkət olmasa da, çıxılmaz vəziyyətdən qaynaqlanır".

Şikayətçi yerli məmurlar adından dövlət başçısından xahiş edir ki, onların bu probleminə əncam çəksin və icra başçısı Rəcəb Babaşovun kobud davranışlarına son qoyulsun:

"İcra Hakimiyyətində 20 ildən artıq işləyən məmurlar da var. Ancaq icra başçısı nə təcrübəyə, nə yaşa, nə də peşəkarlığa dəyər vermədən istədiyi adamın şəxsiyyətini alçaldır, onları iclaslarda, digər büdcə təşkilatlarının əməkdaşlarının, sıravi vətəndaşların gözləri önündə təhqir etməkdən sanki zövq alır.

Rəcəb Babaşov öz aqressivliyini işində tətbiq edərək İcra Hakimiyyətinin işçilərini mütəmadi olaraq təhqir edir, şəxsiyyətlərini alçaldır. İcra Hakimiyyətinin işciləri utandıqlarından bir-birinin üzünə baxa bilmir. Çünki hər biri müxtəlif formada Rəcəb Babaşov tərəfindən təhqir olunur, alçaldılır".

Şikayətçinin iddiasına görə, təhqir olunmasına etiraz edən məmuru R.Babaşov həbslə hədələyir, təhdid edir, iclas zalında "rədd ol, gözüm səni görməsin",- kimi sözlərlə aşağılayır:

"Artıq işçilər "alçaq", "kəs səsini, əskik", "qanmaz" və başqa ifadə olunması mümkün olmayan təhqirlərdən cana doyublar. Bu azmış kimi, icra başçısı tabeliyindəki şəxslərə "sənin cibinə, maşınına narkotik atdırıb tutduraram",-deyə, rayonun polis rəisi Natiq müəllimlə qohum olduğunu eşitdirərək, dəfələrlə bizi hədələyib. Bütün bunlarla yanaşı, iclas zamanı ayağa qaldırıb, söz soruşduğu şəxsin yaşını, səhhətini nəzərə almadan onları saatlarla ayaq üstə saxladır. Həmin şəxs icazəsiz oturduğu üçün onu təhqir edib, zaldan qovur. Bir sıra şəxslər təhqirlərdən cana doyub öz ərizələri ilə işdən çıxıblar, bəziləri də buna hazırlaşırlar".

Məktubda yazılır ki, İcra Aparatının bütün heyəti ciddi səbəb olmadan gecə saat 11-12-dək, bəzi vaxtlarda isə 02.00-dək iş yerində qalmağa məcbur olur. Buna səbəb kimi icra başçısının yersiz tələbləri göstərilir.

Müraciət müəllifi prezidentdən xahiş edir ki, Qazax rayonunu Babaşovun əsarətindən xilas etsin:

"Cənab prezident! Vəziyyət olduqca acınacaqlı və dözülməzdir. Rəcəb Babaşov çox yalnış davranış və idarəçilik üsulu seçib. Bu davranış ümumi idarəçilik prinsiplərinə tamamilə ziddir. O, özünü insani davranış, mədəniyyət və normal insani münasibətlər prinsiplərindən tamamilə bixəbər kimi aparır. Bu isə rayonda ictimai narazılığı artırır və bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər".

Şikayətçi daha bir problemi qabardaraq, yazır ki, icra başçısı bir sıra ticarət, təhsil və xidmət obyektlərinin fəaliyyətini əsassız və ciddi səbəb olmadan dayandırıb. Nəticədə yüzlərlə vətəndaş işsiz qalıb: "Ancaq bunlar da icra başçısının əhvalına təsir etmir. Əksinə, getdikcə özünə vurğunluğu artır.

Rəcəb Babaşov özünə yazar da təyin edib və hətta yas mərasimlərində belə, həmin şəxs ayaq üstə - Rəcəb Babaşovun dediklərini qeyd etmək məcburiyyətindədir. Onun şəhərə çıxması və ya hansısa kəndə, qəsəbəyə gedişi isə sanki ölkə başçısının, prezidentlərin şəhəri gəzməsini xatırladır. Ən azı ətrafında 20-30 rəsmi şəxs... və bütün ərazi polislə mühafizə olunur, əraziyə yad adamlar buraxılmır. Yola çıxan zaman 5-10 avtomobil onu müşaiyət edir.

Cənab prezident!

Xahiş edirik, göstəriş verin, rayona yoxlama gəlsin, kənardan müşahidə eləsinlər. O zaman həmin yoxlama heyəti heyrətdən yerində donub qalacaq. İnana bilmərik ki, ölkənin hər hansı bir rayonunda belə bir icra başçısı olub. Axı bizim və Qazaxın nə təqsiri var ki, bu adam bizə belə zülm edir?".

Məsələ ilə bağlı Qazaxın yeni icra başçısının mövqeyini öyrənə bilmədik. Redaksiya əks tərəfi də dinləməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi