azia.az
azia.az

“Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub

9-04-2016, 14:26

“Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, muxtar respublikanın Yazıçılar Birliyi və Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik şagird, müdavim və tələbələr iştirak ediblər.

Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən qaliblərin mükafatlandırılması mərasimində təhsil naziri Məmməd Qəribov qalibləri təbrik edərək bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində müasir maddi-texniki bazaya malik olan kitabxanaların fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, kitabxanaların hamısı bədii ədəbiyyat və pulsuz dərsliklərlə təmin edilib. Kitabxanalara 2005-ci ildən indiyədək 2 milyon 152 min 243 nüsxə dərslik verilib ki, onların da 132 min 761 nüsxəsi 2015-ci ilin avqust ayında gətirilib. Bundan başqa, məktəb kitabxanalarına 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə verilib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, muxtar respublikanın Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışlarında bildiriblər ki, “Kitab bilik mənbəyidir” kəlamı illərdən süzülüb gəlsə də, aktuallığını itirmir. Çünki insan oxuduğu kitablarla kamilləşir, ucalır.

Vurğulanıb ki, müsabiqənin qalibləri haqqında “Şərq qapısı” qəzetində yazıların dərc olunması nəzərdə tutulub.

Sonda hər yaş qrupu üzrə 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yerlərə layiq görülənlərə diplom və qiymətli hədiyyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi