azia.az
azia.az

Kollektorun üstünə “göydən düşən” ev – Nizami RİH yağışın altında necə qaldı?

Bu gün, 11:33

Paytaxt Bakıda hər dəfə yağan intensiv yağışlar sanki şəhərin üzərindəki süni pərdəni qaldırır və illərdir yığılıb qalan, görməzdən gəlinən, bəlkə də qəsdən ört-basdır edilən acı reallıqları bütün çılpaqlığı ilə ortaya qoyur. Son günlərin yağıntıları sadəcə küçələri suya qərq etmədi, həm də idarəetmədəki boşluqları, məsuliyyətsizliyi və korrupsioner yanaşmaların gətirdiyi fəsadları bir daha gündəmə gətirdi. Ən çox müzakirə edilən və cəmiyyətdə haqlı narazılıq yaradan məqam isə Keşlə qəsəbəsində bir evin birbaşa strateji kollektorun üzərində tikilməsi faktıdır. Yağış yağır, sular daşır və birdən-birə məmurlar “kəşf edir” ki, sən demə, burada qanunsuz tikili varmış. Bu mənzərə qarşısında insan istər-istəməz sual verir: Bu ev göydən düşməyib ki? Tikinti prosesi aylar, bəlkə də illər çəkərkən Nizami Rayon İcra Hakimiyyəti hara baxırdı? Hansısa vətəndaş həyətində bir daş-daş üstünə qoyanda dərhal peyda olan icra nümayəndələri, memarlıq şöbəsinin əməkdaşları bu boyda tikilini, kollektorun üstündə ucalan o mülkü necə görməyiblər? Bu, sadəcə bir “gözdən qaçma” məsələsi deyil, bu, dövlət əmlakına, şəhərin təhlükəsizliyinə və qanunlara qarşı edilən açıq-aşkar hörmətsizlikdir. Aidiyyəti qurumların indi çıxıb “qanunsuzdur” deməsi özü-özlüyündə bir etirafdır – öz fəaliyyətsizliyinin, öz nəzarətsizliyinin etirafı. Bu məsələdə kimlərin imzası, kimlərin susqun razılığı və kimlərin cibinə gedən “icazə pulları” var? Budur əsas sual. İnsanların həyatını, şəhərin kanalizasiya sistemini iflic edən bu qanunsuzluğun arxasında dayanan məsul şəxslərin susqunluğu artıq qəbul edilə bilməz.

NOCOMMENT.az xəbər verir ki, məsələnin texniki və tikinti normaları tərəfini NOCOMMENT.az-a şərh edən tikinti sahəsi üzrə ekspert Camal Abuşov bildirir ki, strateji infrastrukturun üzərində tikinti aparmaq təkcə qanun pozuntusu deyil, həm də mühəndislik cinayətidir: “Kollektorlar şəhərin “damarları” hesab olunur və onların üzərində hər hansı ağır konstruksiyanın qurulması həmin xətlərin deformasiyasına, sınmasına və nəticədə bütün ərazinin su altında qalmasına gətirib çıxarır.  Keşlədə baş verənlər illərdir davam edən xaotik tikinti siyasətinin nəticəsidir. Bir evin tikilməsi üçün bünövrə qazılır, kommunikasiya xətləri çəkilir və bu proses zamanı ərazinin altından keçən magistral xətlərin görünməməsi qeyri-mümkündür. Əgər bir qurum buna icazə veribsə, deməli, o, bilərəkdən texniki təhlükəsizlik qaydalarını heçə sayıb. İndi həmin evin sökülməsi belə problemi tam həll etmir, çünki kollektor artıq ciddi zədə alıb və onun bərpası dövlət büdcəsinə əlavə milyonlarla manat yük deməkdir. Rayon memarlıq idarələri hər bir kvadratmetrə nəzarət etməli olduqları halda, belə bir kobud xətanın “gözdən qaçması” yalnız və yalnız maraqların toqquşması və ya korrupsiya fonunda baş verə bilər. Şəhərsalma normalarına görə, mühafizə zolaqlarında tikinti qəti qadağandır və bu qadağaya nəzarət etməli olan qurumlar bu gün məsuliyyətdən qaçmamalıdırlar”.

Hüquqşünas Natiq Ələsgərov isə məsələyə hüquqi müstəvidən yanaşaraq bildirir ki, burada birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səhlənkarlığı elementləri mövcuddur. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər bir tikinti obyekti üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmalıdır: “Əgər ev qanunsuzdurusa, deməli, İcra Hakimiyyəti vaxtında bu tikintini dayandırmalı və sökülməsi üçün məhkəmə qarşısında vəsatət qaldırmalı idi. Kollektorun üzərində tikinti aparılması həm də dövlət əmlakına qəsdən ziyan vurma kimi qiymətləndirilə bilər. Məmurların indi “bizim xəbərimiz yox idi” deməsi onları məsuliyyətdən azad etmir, əksinə, onların öz işlərini icra etmədiklərini sübut edir. Qanunvericiliyə görə, mühafizə zolağında tikilən hər hansı obyektə görə həm tikintini aparan şəxs, həm də buna şərait yaradan, göz yuman vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Bu məsələdə prokurorluq orqanları ciddi araşdırma aparmalı, Nizami Rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinin fəaliyyətinə hüquqi qiymət verilməlidir. Heç bir vətəndaş müvafiq məmurların “yaşıl işığı” olmadan belə bir riskli ərazidə mülk ucalda bilməz. Bu, zəncirvari bir qanunsuzluqdur və bu zəncirin hər bir həlqəsi qanun qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Bakının və ətraf qəsəbələrin illərdir həllini tapmayan bu “qanunsuz tikili” problemi əslində idarəetmə sistemindəki xərçəng kimidir. Yağış yağır, evləri su basır, insanlar əziyyət çəkir və yalnız o zaman biz eşidirik ki, hansısa məmur bu və ya digər obyektin qanunsuz olduğunu bəyan edir. Bəs bu vaxta qədər harada idiniz? Niyə o evlərin bünövrəsi qoyulanda, divarları ucalanda səsinizi çıxarmırdınız? Sakinlərin taleyi, kanalizasiya xətlərinin vəziyyəti yalnız fəlakət baş verəndəmi yadınıza düşür?

Keşlədəki bu hadisə bir nümunədir, lakin paytaxtın hər addımlığında oxşar mənzərələrlə rastlaşmaq mümkündür. İnsanların qanunsuz yollarla əldə etdikləri saxta sənədlər və ya şifahi “razılıqlar” bu gün onların başına bəla olub. Amma bu bəlanın memarları həmin o məmurlardır ki, vaxtında vəzifə borclarını yerinə yetirmək əvəzinə, şəxsi maraqlarını ön plana çəkiblər. Bu gün Bakının küçələrində axan çirkab suları təkcə infrastrukturun deyil, həm də həmin məsuliyyətsiz məmurların iş prinsipinin aynasıdır. Bu mənzərəni təmizləmək üçün sadəcə suyu çəkmək kifayət deyil, həm də bu qanunsuzluqlara imza atan, göz yuman “sistem sularını” təmizləmək lazımdır. Əks halda, növbəti yağış yenə eyni sualları, eyni bəhanələri və eyni acı mənzərəni bizə bəxş edəcək. Cəmiyyət artıq boş vədlər və “qanunsuzdur” kimi gecikmiş bəyanatlar yox, konkret məsuliyyət və şəffaf araşdırma tələb edir.

Tunar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi