azia.az
azia.az

Kürd dövləti sentyabrda yarana bilər-referendum qərarı

23-06-2017, 07:49

Kürd dövləti sentyabrda yarana bilər-referendum qərarı


İraq kürdlərinin lideri sentyabrda referenduma gedəcəklərini deyir, Trampın çağırışlarını qəbul etməyən kürdləri ürəkləndirən nədir?

Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bəyan edib ki, sentyabrın 25-də keçiriləcək referendum qərarından vaz keçməyəcək. “France-24" kanalına müsahibəsində Bərzani referendumun indi keçirilməsi ilə bağlı suala ”nə üçün indi olmasın" sualı ilə cavab verib.
Bərzani deyib ki, onlar müstəqillik referendumunu bir neçə dəfə təxirə salıblar. Əlavə edib ki, əvvəlcə digər problemləri həll edib, bölgədə sabitlik yaratmaq, daha sonra referendum keçirməyi düşünsələr, o zaman “çox uzun zaman” gözləməli olacaqlar. Eyni zamanda əlavə edib ki, referendum qərarı dəyişdirilə bilməz, sentyabrın 25-də mütləq keçiriləcək. Qonşu İran və Türkiyə, o cümlədən ABŞ və AB ölkələrindən etirazlarına gəlincə, Bərzani deyib ki, heç bir ölkə birmənalı şəkildə referenduma qarşı çıxmayıb, sadəcə, 25 sentyabrdan sonra ola biləcəklərlə bağlı narahatlıqlarını dilə gətiriblər.


Bağdadla əlaqələr haqqında danışan Bərzani deyib ki, münasibətlərin bu şəkildə davam etdirilməsi mümkün deyil. Ancaq eyni zamanda deyib ki, qan tökülməməsi üçün əlindən gələni etməyə hazırdır. Gözlənilən müharibənin İraq ordusu, yoxsa könüllü “Həşdi Şabi” qüvvələri ilə ola biləcəyi haqda suala cavab olaraq Bərzani bu barədə nəsə deyə bilməyəcəyini, ancaq baş nazir İbadi ilə münasibətlərinin mükəmməl olduğunu və fəaliyyətlərini koordinasiya etdiklərini deyib.


Bərzani Şimali İraqda referendumla birlikdə parlament və prezident seçkilərinin keçiriləcəyini bildirib. Ancaq əlavə edib ki, növbəti prezident seçkilərinə qatılmaq fikri yoxdur. Qeyd edək ki, kürd muxtariyyətinin lideri Bərzani ABŞ prezidentinin referendumun təxirə salınması ilə bağlı çağırışını rədd edib. Ancaq ehtimal olunur ki, həm Avropada, həm də ABŞ hakimiyyətində ciddi qüvvələr kürd dövləti layihəsini dəstəkləyir. Bərzanini arxayın edən faktorlardan biri də budur.


Qeyd edək ki, İraq kürdləri 1971-ci ildə hüquqi olaraq, 1990-cı illərdə isə faktiki olaraq muxtariyyət əldə ediblər. İraqın Amerika tərəfindən işğalından sonra isə kürdlər faktiki olaraq daxili müstəqillik əldə ediblər. Mərkəzi Ərbildə yerləşən kürd muxtariyyəti İraqın işğalından sonra neft ticarəti və xarici yardımlar hesabına silahlı qüvvələrini (peşmərgə) gücləndirib. Eləcə də neft satışından əldə etdiyi gəlirlər hesabına Ərbildə böyük inşaat fəaliyyətləri həyata keçirib. Ancaq İraqda İŞİD-in peyda olması, terror və xaosun başlamasının ardınca neft qiymətlərinin ucuzlaşması Bərzani üçün “qara günlərin” başlanğıcı olub. Kürd lider eyni zamanda Bağdadın təzyiqi ilə neft gəlirlərinin bir qismindən məhrum olandan sonra Bağdaddan asılılığı artıb. İraqda davam edən hərbi əməliyyatlar zamanı kürd peşmərgələri bir sıra kürd olmayan yaşayış məntəqələrini ələ keçirib. Hazırda mərkəzi İraq qüvvələri, o cümlədən könüllü “Həşdi Şabi” birlikləri ilə kürd peşmərgələri arasında mübahisəli ərazilərlə bağlı gərginlik var.


Bərzaninin həm İraq hökuməti, həm də Türkiyə və İranla yaxşı əlaqələri olsa da, kürd dövlətinin yaradılması nə İranın, nə də Türkiyənin maraqlarına cavab vermir. Türkiyə Bərzanini mərkəzi İraq hökuməti ilə arlarında olan soyuq münasibət səbəbi ilə dəstəkləyir. Ancaq Şimali İraqda kürd dövlətinin yaradılması istənilən halda Türkiyədə kürd separatizmini alovlandıracaq. Bu səbəbdən də Ankara Bərzaninin dövlət qurmasından narahatdır. Üstəlik, baş verə biləcək Ərbil-Bağdad müharibəsinin zərərləri Türkiyəyə də dəyəcək.


İran isə həm öz ərazisindəki kürdlərin fəallaşması, həm də İraqın ərazisinin parçalanmasına görə kürd dövləti mövzusuna isti yanaşmır. Yeri gəlmişkən, bugünlərdə İraq baş naziri Tehrana səfər edib. Yəqin ki, əsas müzakirə mövzularından biri də kürd dövləti olub. Ancaq kürdlər də səbirsizlənir. Çünki indi Bərzani üçün əsl fürsətdir. Hazırda İraq qüvvələrinin başı İŞİD-lə müharibəyə qarışıb, dünyanın diqqəti Suriyada və İraqda İŞİD-ə qarşı müharibəyə qarışıb. Gələcəkdə İŞİD məsələsi həllini tapdıqdan və İraq mərkəzi hökuməti gücləndikdən sonra Bərzani üçün müstəqillik daha da çətinləşəcək. Bu səbəbdən də özünün də dediyi kimi, kürd lider “bu günün işini sabaha qoymaq istəmir”. Hər halda, referenduma 3 ay qalır və Yaxın Şərqdə 3 ay ərzində çox ciddi hadisələr baş verə bilər. Bəlkə də buna görə Bərzaniyə hələ də çox ciddi etirazlar yoxdur.


Kənan RÖVŞƏNOĞLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi