“Körpü – Bina Tikinti” fəhlələri müqaviləsiz işlətdi — Prezidentin göstərişlərinə zidd gedənlər kimdir?
“Körpü – Bina Tikinti” fəhlələri müqaviləsiz işlətdi — Prezidentin göstərişlərinə zidd gedənlər kimdir?
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri uğurla davam etdirilir.
Qeyd olunan yolun tikintisini keçirmək üçün elan olunmuş tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) oldu. Artıq yolun tikintisinə başlanılıb.Yol əhali üçün nəzərdə tutulsa da, bəzi xoşagəlməz hallar yaşanıb.
Tikintidə çalışan bir qrup fəhlə Oxu24.com saytına müraciət edib. Ucar rayonu,Qarabörk və Qazyan kənd sakinləri olan fəhlələr bildirib ki, tikinti başlayan zaman onlar müxtəlif vəzifələrdə işləmək üçün şirkətə müraciət edib.
Qarabörk kənd sakini Allahverdiyev Valeh saytımıza açıqlamasında bildirib ki, O, tikintidə fəhlə kimi işləmək üçün müraciət edib. Şirkətin işlərini icra edən Mübariz adlı əməkdaş onlardan müqavilə üçün lazım olan sənədləri istəyib.
“Tələb olunan sənədləri ona verdim.Mənə şirkətin rəhərinin adına tarixsiz ərizə yazdırdı.Dedi ki, sizi rəsmi qaydada işə götürürük. Əmək Kitabçasını da ona verdim. Üstündən xeyli müddət keçdikdən sonra mənə kart verilməsini və müqavilənin nüsxəsini tələb etdim. Onlar hər dəfə məsələni uzadırdı.”
Tikintidə fəhlə işləyən Ucar rayonu,Qazyan kənd sakini İlkin Manafov bildirib ki, eyni hadisə onun da başına gəlib.
“Biz bütün sənədləri Mübariz müəllimə verdik. O, layihə üzrə direktorun köməkçisi idi. Bizə söz verdi ki, sənələri rəsmi qaydada qeydiyyata alacaq. Amma 10 ay bizi qul kimi işlətdi. Biz hüquqlarımızı tələb edəndə Mübariz müəllim tərəfindən təhqir olunduq.Biz yayın istisində,günün altında çox ağır vəziyyətdə işləyirdik. Amma maddi ehtiyaca görə bütün çətinliklərə dözdük. Haqqımızı tələb edəndə bizi təhqir edirdi.”
Ucar rayonu,Qazyan kənd sakini Xəlilov İsrayıl bildirib ki, o da işləmək üçün şirkətə müraciət edib. Eyni qaydada ondan da sənədlər toplansa da, müqavilə bağlanmayıb.
“Bizi müqaviləsiz 10 ay işlətdilər. Hətta əlavə saatlarda bizi məcburi işə çağırırdılar. Biz əlavə saatlara görə, ödəniş istəyəndə təhqiq olunurduq və bizi işdən çıxarmaqla hədələyirdilər. Bütün bunları Mübariz adlı şəxs edirdi. O, sonda bizə dedi ki, kimə istəyirsiniz şikayət edin. Bizim arxamızda güclü şəxs dayanıb. Biz də Dövlətimizə və Ölkə başçımıza güvənib şikayət etdik. Xahiş edirik, bizim məsələyə hüquqi qiymət verilsin.”
Oxu24.com məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, müqaviləsiz işlədilən şəxslər kütləvi halda olub. Onların bir hissəsi məcburi şəkildə işdən çıxarılıb. Hazırda işdə qalanlarla isə sonradan müqavilə bağlanıb və əmək haqqı kartı verilib.
Oxu24.com məsələdə adı hallanan Mübariz bəylə əlaqə saxlayıb. O, əməkdaşımıza açıqlamasında suallara cavabı şirkətin verilməli olduğunu bildirib və əlavə suala cavab verməkdən imtina edib.
Oxu24.com məsələnin hüquqi tərəfinə də aydınlıq gətirib.
İşçini əmək müqaviləsindən kənar işlədən şəxsləri hansı cəza gözləyir?
Birinci vergidən yayınmaq, yəni vergi ödəməmək.
Digər isə sosial ödənişlərdən azad olmaqdır.
Mövzu ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki,
işəgötürənlər tərəfindən əmək müqaviləsi olmadan işçilərin işlədilməsi qanun pozuntusudur və belə əməllər pozuntunun həcmindən asılı olaraq həm inzibati həm də cinayət məsuliyyəti yaradır.
Əmək Məcəlləsinə əsasən işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamalı və həmin müqavilə müvafiq dövlət orqanının elektron informasiya sisteminə daxil edildikdən və bu barədə məlumat işəgötürənə göndərildikdən sonra hüquqi qüvvəyə minir.
İnzibati Xətalar Məcəlləsi işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur.
Əgər əmək müqaviləsi olmadan işlədilən fiziki şəxslərin sayı on nəfər və ondan çoxdursa belə əməl cinayət tərkibi yaradır və buna görə cinayət məsuliyyəti vardır. Belə əməllərə görə də yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə, bu cinayət əməlləri təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları işəgötürənlər üçün tətbiq oluna bilər.
Həmçinin bildirim ki, belə cinayət əməlini törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin bu güzəşt də belə əməli törətmiş şəxslərə bir dəfə şamil olunur.
Fiziki şəxslərin əmək müqaviləsi bağlanmadan işlədilməsi onların konstitusion hüquqlarının pozulmasıdır. Elə ona görə də belə əməllər Cinayət Məcəlləsində insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir.
Əmək müqaviləsi bağlanmadan işlədilən fiziki şəxslərin sosial təminat, məzuniyyət, sığorta, pensiya hüquqları pozulmuş olur. İş zamanı onlar hər hansı bir xəsarət alsalar heç bir təminatları olmur.
Belə hallarla qarşılaşan vətəndaş nə etməlidir?
Hüquqşünasın sözlərinə görə, belə hallarla qarşılaşan fiziki şəxslər Dövlət Əmək Müfəttişliyinə, Vergi Xidmətinə və ya prokurorluq orqanlarına şikayət edib, ödənilməmiş əmək və məzuniyyət haqlarının ödənilməsini, əmək müqaviləsinin rəsmiləşdirilməsini, həmin müddətin iş stajına daxil edilməsini və digər pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər.
Oxu24.com məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığınız sorğunuza cavab olaraq bildiririldi ki, adları qeyd etdilən vətəndaşlar tərəfindən Xidmətə daxil olan şikayət icraata yönəldilib və hazırda araşdırma aparılır.
Oxu24.com ərazidə tikinti həyata keçirən “Körpü-Bina-Tikinti” MMC barədə daha bir faktı yaxın zamanda təqdim edəcək.