azia.az
azia.az

Mehriban Əliyeva: Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir

24-02-2016, 08:36

Mehriban Əliyeva: Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində fevralın 23-də Pio-Klementino muzeyində olub. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub.
Pio-Klementino muzeyinin əsası məşhur yunan-Roma incəsənət əsərlərinin qorunması məqsədilə XVIII əsrdə Papa XIV Klimentin və Papa VI Piyanın tapşırığı ilə qoyulub. Muzeydə minlərlə qədim incəsənət nümunələri qorunur, lakin onların arasında yunan mifologiyasında baş tanrı hesab olunan Zevsin heykəli daha çox maraq doğurur. Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən, mərmərdən hazırlanmış və Roma imperiyası dövrünə aid olan bu heykəl mifik hekayələri və tarixi stilistikanı özündə əks etdirir. Vatikan Muzeyinin direktoru Antonio Paolucci bildirib ki, Zevsin bərpa olunan heykəlinin əsas elementləri qartal, hakimiyyət, ildırım və taxt-tacdır. Hakimiyyətin və gücün rəmzi olan Zevs əlində üzərində qartal dayanmış çubuq və qalibiyyəti əks etdirən qızıl və fil sümüyü tutub. Heykəlin yaratdığı təəssürat gücü, qüdrəti və hakimiyyəti təcəssüm etdirir. Yunan mifologiyasında Zevs, Roma mədəniyyətində Yupiter, Şərqdə isə Ahur Məzda kimi tanınan bu mifik varlıq qədim mənbələrdə xeyir və şərin paylayıcısı kimi təqdim olunur.
A.Paolucci Heydər Əliyev Fonduna və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirərək onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdi. Mehriban Əliyeva bundan sonra da müvafiq sahədə işlərin davam etdiriləcəyini diqqətə çatdıraraq dedi:
- Mən ilk növbədə muzeyin direktoruna və bütün əməkdaşlarına bəşəriyyət üçün dəyərli əsərlərin qorunmasına, gələcək nəsillər üçün saxlanılmasına görə dərin minnətdarlığımı bildirirəm. Mən çox xoşbəxt adamam ki, dəfələrlə Vatikanın muzeylərində olmuşam və hər dəfə buraya gələndə fikirləşirəm ki, mən nə zaman yenidən buraya dönəcəyəm. Fəxr edirəm ki, rəhbərlik etdiyim Fond burada qorunan abidələrin bərpasına öz kiçik töhfəsini verir. Mən sizə bu əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.
Vatikanın dövlət qubernatoru, kardinal Cuzeppe Bertello Azərbaycan dövlətinə və xüsusən də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi. O, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında bu cür dialoqların davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva da ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra Apostol Kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxdı. Qeyd edək ki, dolabların olduğu Sistina zalı 1587-1589-cu illərdə tikilib. Həmin dövrlərdə Papa V Sikstus tərəfindən irəli sürülən bu təşəbbüs dəyərli kitabların saxlanılması üçün xüsusi bir məkanın yaradılmasını əks etdirirdi. Sistina zalında Andrea Lilli kimi istedadlı rəssamlar tərəfindən çəkilmiş gözoxşayan freskalar məkanın ecazkar görüntüsünə xüsusi cazibə qatır. Kitablar Papa XIII Leo kilsəyə rəhbərlik etməyə başladığı dövrə qədər bu yeni zalda saxlanılıb. Kitabxana müxtəlif dövrlərdə xeyli sayda biblioqrafik kolleksiyaların gətirilməsi ilə zənginləşdirilib. Kitabların saxlanıldığı dolablar isə bu mənada xüsusi əhəmiyyət daşıyır və onların qorunması Vatikan üçün mühüm önəm kəsb edir.
Sonra muzeyin Sistina zalında olan Mehriban Əliyevaya zalın tarixi və buradakı sənət əsərləri barədə məlumat verildi. Qeyd edildi ki, son illərdə aparılan təmir-bərpa işləri nəticəsində zalın özəlliyi artıb, onun tarixi mahiyyəti daha da güclənib. Nadir divar rəsmlərini görmək üçün hər gün minlərlə turist bu zala axışır. Onlar dünya incəsənətinin şah əsərlərindən olan bu zalda tavana və divarlara çəkilən rəsmləri böyük maraqla izləyirlər.
Daha sonra Mədəniyyət üzrə Papa Şurasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi arasında görüş oldu. Görüş başa çatdıqdan sonra kardinal Ravazi Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlıqla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışdı, bərpası planlaşdırılan digər katakombalar barədə məlumat verildi. O, bu əməkdaşlığın dinlər və mədəniyyətlərarası platformaya töhfə verdiyini, müsəlman ölkəsinin bu sahədəki fəaliyyətinin böyük önəm daşıdığını, Roma Papası Fransiskin də Azərbaycanın müvafiq istiqamətdə səylərini yüksək qiymətləndirdiyini dedi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Müqəddəs Taxt-Taca gəlməyindən məmnunluğunu bildirərək, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı 2012-ci ildən etibarən icra olunan layihənin əhəmiyyətindən danışdı. Sivilizasiyalararası münasibətlərdə belə əməkdaşlığın böyük rol oynadığını bildirən Heydər Əliyev Fondunun prezidenti dedi:
- Xüsusən də müasir dünyada belə münasibətlər - dinlərarası, sivilizasiyalararası, xalqlararası münasibətlərdə bu cür əməkdaşlıq çox böyük rol oynayır.
Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edirik. Biz mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq. Öz dininə hörməti olan insan hər zaman digər dinlərə hörmətlə yanaşır.
Sonda qeyd etmək istəyirəm, mən fəxr edirəm ki, Azərbaycan dövləti xristian aləminin dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verir.
Sonra Müqəddəs Sebastian sərdabələrinin bərpası üzrə müqavilə imzalandı. Müqaviləni Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi imzaladılar. Qeyd edək ki, eramızın III əsrində həlak olmuş romalı sərkərdə Sebastianın adı ilə adlandırılan Müqəddəs Sebastian sərdabələri dördmərtəbəli məzarlıqda yerləşir. IX əsrədək katakombalar bu məzarlıqda saxlanılıb, daha sonra Müqəddəs Sebastian kilsəsinə daşınıb və hazırda orada mühafizə olunur.
Daha sonra jurnalistlərin sualları cavablandırıldı. Müsəlman ölkəsi olan Azərbaycanın Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına maraq göstərməsinin səbəbi ilə bağlı suala cavabında Mehriban Əliyeva bildirdi ki, ölkəmiz hər zaman dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olub. Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə baş verməyib. Heydər Əliyev Fondu bu cür işləri həm ölkədə, həm də dünyanın müxtəlif yerlərində həyata keçirib. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası isə Azərbaycan ilə Vatikan arasındakı yüksək səviyyəli əməkdaşlığın nümunəsidir.
Kardinal Canfranko Ravazi isə Heydər Əliyev Fondu ilə Vatikan arasında geniş əməkdaşlığın olduğunu vurğuladı. Bu əməkdaşlığa Vatikan muzeyləri ilə əlaqələr, qədim əlyazmaların bərpası və digər məsələlər daxildir. Ölkəmizə səfərlərini və müxtəlif dinlərin nümayəndələri ilə görüşlərini xatırladan C.Ravazi Müqəddəs Taxt-Tacın Azərbaycanla əlaqələrinin çoxşaxəli olduğunu diqqətə çatdırdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi