azia.az
azia.az

Xarici media müharibəni necə gördü? - EKSPERTLƏR ŞƏRH EDİR

5-04-2016, 16:31

Xarici media müharibəni necə gördü? - EKSPERTLƏR ŞƏRH EDİR Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə xarici medianın yaydığı xəbərlər heç də obyektiv deyildi. Cəbhə bölgəsindən yayılan xəbərlər hər ölkənin mətbuatında fərqli şəkildə təqdim edilir.

Müşahidələr də onu göstərir ki, xüsusən Rusiya mətbuatı hadisələri birtərəfli, yəni Ermənistan tərəfinin mövqeyindən işıqlandırır.

Lent.az məsələ ilə bağlı ölkənin Azərbaycanın nüfuzlu media rəhbərlərinin fikirlərini öyrənib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Lent.az-a açıqlamasında deyib ki, bəzi xarici mətbuat orqanlarının yazdığına inansaq, guya Azərbaycan öz ərazisində ərazi bütövlüyünü bərpa etmək üçün müharibə aparmır, sanki hər hansısa bir ölkəni işğal etməyə çalışır: “Əlbəttə, ayrı-ayrı KİV orqanları çalışırlar ki, baş verənlərlə bağlı kifayət qədər obyektiv, qərəzsiz xəbərlər versinlər, ancaq ümumiyyətlə biz xəbərlərin yayımlanmasında xarici mətbuatda birtərəfli mövqenin nümayişinin də şahidi olduq. Məsələn, bir çox xarici xəbərlərdə Dağlıq Qarabağ tərəf kimi göstərilir. Guya ki, Azərbaycan öz ərazisində ərazi bütövlüyünün bərpası üçün çalışmır, əksinə hər hansısa bir ölkəni işğal etmək niyyətindədir”.

Ə.Amaşov bildirib ki, xarici mətbuatda gedən xəbərlərdə hadisələr təhlil olunmamış verilir: “Rusiyanın hansısa bir saytında erməni silahlı qüvvələrinin raket qurğularının Dağlıq Qarabağa yerləşdirilməsi xəbəri getmişdi. Bu, düzgün deyil əslində. Hətta bu məsələni xristian-müsəlman müstəvisinə qaldırmağa cəhdlər də göstərilir. Rusiya ilə Türkiyə arasında olan gərgin münasibətdən bəziləri istifadə edərək bu məsələdə Türkiyə faktorunu qabardırlar. Hətta əksər saytlarda bildirilir ki, Türkiyə Dağlıq Qarabağ fonunda bayrağını yüksəltməyə çalışır”.

Xarici jurnalistlərin Azərbaycanın cəbhə bölgələrindən canlı reportaj yayımlamasına da fikir bildirən Şura sədri vurğulayıb ki, həmin jurnalistlər rəsmi icazə almamış cəbhəyanı ərazilərə getməklə ölkəmizin ərazi bütövlüyünü pozmuş olurlar: “Xarici İşlər Nazirliyi tərəfindən də bildirilib ki, Dağlıq Qarabağ ərazisinə getmək üçün jurnalistlər Bakıdan rəsmi icazə almalıdır. Ancaq Rusiyanın əksər mətbuat orqanlarının jurnalistləri bütün cəbhəboyu reportaj hazırlayır, birbaşa təqdim edirlər. Bunun özü də Azərbaycan ərazi bütövlüyünün pozulmasıdır ki, Bakıdan icazə almadan Azərbaycan ərazilərinə daxil olurlar. Bunlar onu göstərir ki, Rusiya mətbuatı bu hadisələri birtərəfli işıqlandırır”.

APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev isə Rusiyanın bu məsələdəki mövqeyini qətiyyətlə pisləyib: “Rusiya mətbuatının hadisələri bu cür işıqlandırmasını pis, çox pis dəyərləndirirəm. Rusiya mətbuatı cəbhəyanı bölgələrdə baş verənlərlə bağlı çox qeyri-obyektiv, həqiqətə uyğun olmayan, qərəzli, ermənipərəst mövqe sərgilədi. Bu ölkənin mətbuatının heç birində bircə dənə də olsun Azərbaycanın mövqeyini görmədik”.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Rusiya mətbuatının məsələlərə bu cür yanaşmasından heyrətləndiyini deyib: “Rusiya mətbuatının Azərbaycan ərazisində, xüsusilə Dağlıq Qarabağ ətrafında baş verən proseslərə münasibəti məni heyrətləndirdi. Doğrusu, bu qədər də gözləmirdim. Sanki əməliyyatlar Azərbaycan torpağında erməni separatçılarına qarşı yox, Rusiya torpaqlarında baş verir. Bu qədər kəskin reaksiya verir və bu qədər tərəf tuturlar ki, heyrətlənməmək mümkün deyil. Peşəkarlıq, münasibətlər hər şey kənarda qalıb və ermənidən daha çox, onlar reaksiya verir. Üstəlik, yazdıqlarının, Azərbaycan haqqında dediklərinin, xüsusilə hərbi əməliyyatlarla bağlı reportajlarının böyük əksəriyyəti plana söykənir. Və çox təəssüf ki, Ukrayna hadisələrində Ukraynaya münasibətdə tətbiq oluna texnologiya və informasiya müharibəsi taktikası Azərbaycana da tətbiq olunur və bu da istər-istəməz bizi ciddi şəkildə düşündürür".

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev isə bildirib ki, Ermənistan və Rusiya həm hərbi, həm də digər məsələlərdə tərəfdaş olduqlarından Rusiyanın belə bir mövqe sərgiləməsində təəccüblü bir şey yoxdur: “Rusiya mətbuatında gedən məlumatların çoxu məhz rəhbərləri erməni olan mətbuat tərəfindən verilir. Və demək olar ki, bu, nə onların dövlət rəhbərliyinin, nə də dövlətin mövqeyidir. Onlar bunu öz mövqeləri kimi təqdim edirlər. Yəni eyni zamanda da fikirləşmək lazımdır ki, Ermənistan Rusiyanın vassalıdır, onlar həm hərbi həm digər məsələlərdə tərəfdaşdır. Yəni təəccüblü bir şey yoxdur. Ermənilər bütün mexanizmlərini tam olaraq işə salıb”.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov məsələ ilə bağlı Lent.az-a bildirib ki, son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərlə bağlı Rusiya mətbuatında yayılan xəbərlər erməni mövqeyini dəstəkləyən, qeyri-obyektiv xarakterli məlumatlardır. Onu da əlavə edək ki, aparat rəhbəri bundan əvvəl də Lent.az-a açıqlamasında bildirmişdi ki, qeyri-obyektiv məlumatlar yayımlayan xarici telekanallar Milli Televiziya və Radio Şurasının (MTRŞ) diqqətindədir və xoşagəlməz hallar təkrar olunsa, həmin kanalların kabel yayımına baxıla bilər.

Xatırladaq ki, bir neçə Rusiya televiziyası, habelə bu ölkənin NTV telekanalı, Rusiya informasiya agentlikləri Azərbaycana qarşı təxribata əl atıb. NTV telekanalı Azərbaycanın cəbhə bölgəsində lentə alınan kadrları Ermənistan tərəfinə aid edib, eyni zamanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi Albert Andryandan açıqlama alıb. Digər Rusiya televiziyaları isə öz xəbərlərində əsasən erməni tərəfinin qeyri-obyektiv məlumatlarına istinad edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi