azia.az
azia.az

Vergidən yayındırılan milyonlar: “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”

21-05-2019, 08:56


“Keçmiş şəriki, iş adamı Arzuman Əliyevin cinayət təqibi təhlükəsi qarşısında ölkədən didərgin düşməsinin səbəbkarı olan Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”.
Vergidən yayındırılan milyonlar: “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”
“AzPolitika.info”-ya müraciət edən və müəyyən səbəblərdən adının çəkilməməsini xahiş edən mənbə belə deyib.
Xatırladaq ki, bu yaxınlarda saytlara müraciət edən iş adamı Arzuman İsa oğlu Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə axtarışda olduğunu bildirərək, əslində günahsız olduğunu bəyan edib. “Ən başda onu bildirim ki, mən özümü günahkar hesab etmirəm. Belə ki, 2006-2007-ci illərdə mən, mənim uzaq qohumum Sərraf Məmmədzadə və bir neçə il çox yaxın olduğum bir dostum – üçümüz Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) bəzi malları satmaq üçün ortaq işə başladıq. Eyni zamanda, 2006-ci ildə mən öz əmlakımı banklarda girov qoyaraq cəlb etdiyim kredit vəsaitlərinin hesabına bir yaşayış binası tikintisinə başlamağı qərara aldıq. Belə bir razılığa gəldik: mən Sərraf Məmmədzadəni 47% bina tikintisi şirkətinə şərik edirəm, o da məni 50% ARDNŞ ilə işlərə şərik edir. Mən inşaat işini aparıram, o da ARDNŞ-ə boru və digər malların satışlarını təşkil edir” – deyən A.Əliyev qeyd edib ki, elə ARDNŞ-ə mal satışında şəriki Sərraf Məmmədzadənin bəzi öhdəlikləri yerinə yetirməməsi nəticəsində cinayət işi açılıb və onun çox ciddi problemləri yaranıb. Bu səbəbdən ölkədən didərgin düşüb.
Vergidən yayındırılan milyonlar: “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”
Keçmiş şəriklər arasındakı bu çəkişmələrdən məlumatlı olan mənbə bildirib ki, S.Məmmədzadənin özü ciddi maliyyə maxinasiyaları ilə məşğul olub, bu yolla külli miqdarda qazanc əldə etmiş bir adamdır. “Məsələn, faktiki Sərraf Məmmədzadənin mülkiyyəti olan, amma cinayət tərkibindən bir qədər məsafədə durmaq məqsədi ilə kiralıq kasıb-küsubun adına qeyd olunmuş bir tikintidəki vergidən yayınmanın ağlasığmaz miqyasını görmək üçün bəzi rəqəmlərə baxmağımız kifayətdir:
Sahibkarlıq subyekti: “MİDİYA-999” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 2527-ci məhəllə, 32A
Tikinti obyektinin göstəriciləri: Mənzillərin ümumi sahəsi – 1 1278kv.m. (layihə üzrə olmalıdır 1 1691 kv.m)
Qeyri yaşayış sahələrinin ümumi sahəsi: 1 575,7 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Qarajların ümumi sahəsi: 876 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Cəmi vergitutmadan yayınmaq məqsədilə gizlədilmiş tikinti sahəsi: 2 038,7kv.m
Vergidən yayınmanın zamanı: 2017-ci ildən bu günə qədər davam edir”.

“Ölkəmizin büdcəsi onun təkcə bu fəaliyyətindən bir neçə yüz min manat zərərə uğradı. Bu pulu biriləri Avropanın “Louis Vuitton”, “Tiffany”, “Buccellati” mağazalarında özündən 30 yaş gənc sevgilisinə hədiyyələrə xərclədi. Dövləti aldadanlar cəzasız qaldı…”


Mənbə deyir ki, S.Məmmədzadənin ARDNŞ-lə ticarətində də maliyyə maxinasiyalarının ciddi izləri var. “Diqqət edin, “Petroleim tools and machinery limited” deyilən bir şirkət ARDNŞ-in “Kompleks qazma işləri” trestini məhkəməyə verib, 2018-ci ilin oktyabr ayında bir məhkəmə qərarı əldə edir. Bu qərara görə “Kompleks qazma işləri” tresti “Petroleim tools and machinery limited” şirkətinə 156 000 ABŞ dolları ödəməlidir. Cavabdeh məhkəmə qərarından şikayət vermir və bu pulu dərhal ödəyir. Maraqlı burasıdır ki, bu “Petroleim tools and machinery limited” şirkəti 0% vergili offşor şirkətidir, gözdən pərdə asmaq üçün əlbir olduğu adamların və hətta ARDNŞ-in nə olduğunu bilməyən qadınların adı bu şirkətin direktoru kimi keçsə də, onun əsl sahibi Sərraf Məmmədzadədir”.

Mənbə diqqəti ona yönəldir ki, “Kompleks qazma işləri” trestinin müdiri İsgəndər Şirəli (Bu yaxınlarda işdən çıxarılıb-red.) hətta məhkəmə qərarı rəsmən qüvvəyə minməmiş 155 000 dolları Sərraf Məmmədzadəyə ödəyib, bu isə müəyyən şübhələrə yol açmaya bilməz. ““Kompleks qazma işləri” trestinin illərdir borclu olduğu adamlar var, pullarını ala bilmirlər. Amma məhkəmə qərarı qüvvəyə minmədən Sərraf Məmmədzadənin pulu ödənilir. Bu operativliyin səbəbi nədir?…”

“Sərraf Məmmədzadənin onlarla saxta, onun-bunun adına sənədləşən şirkətlərindən biri də “Nordwind Corporation LLP” olmuşdur. Bu “Nordwind Corporation” şirkəti də 0% vergi rejimli offşor şirkətidir. 2015-ci ildə “Nordwind Corporation” “Kompleks qazma işləri” tresti ilə müqavilə bağlayıb, adı çəkilən trestə 399 000 ABŞ dolları dəyərində bir kran satmağı öhdəsinə götürür. Öhdəliklərə o cümlədən bu kranın quraşdırılıb işə salınması və rels yolunun çəkilməsi də daxil olur. “Nordwind Corporation” 2017-ci ildə bu kranı gətirib “Kompleks qazma işləri” trestinə təhvil verir. Lakin “Kompleks qazma işləri” tresti kran montaj olunmadan, rels yolu hazır olmadan 399 000 ABŞ dollarını Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış “Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret” şirkətinə ödəyir. Həmişəki kimi, bu başa çatmamış müqavilənin pulu Sərraf Məmmədzadəyə ödənəndə “Kompleks qazma işləri” trestinin qapısında illərdir qəpik-quruş pulunu gözləyən, Azərbaycanda vergi ödəyən namuslu şirkətlər var idi. Nəyə görə və kimə görə hər məclisdə özünü ARDNŞ-in səlahiyyətli əməkdaşı və ARDNŞ-in rəhbər işçilərinin iş ortağı kimi qələm verən Sərraf Məmmədzadəyə bu pulları bütün qanun və prosedurları pozaraq ödəyirlər – bunu Azərbaycan Respublikası Baş Prokurorluğu araşdırmalıdır” – mənbə əlavə edib.

Mənbə ümid etdiyini bildirib ki, Vergilər Nazirliyi bu sadalananlara biganə qalmayacaq. Belə ki, Azərbaycan mənbələrindən əldə edilmiş gəlirin offşor şirkətlərdə və offşor banklarda gizlədilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 və 128.1 maddələrinin ən kobud və qəbuledilməz şəkildə pozulması deməkdir. “Bununla yanaşı, təəssüf ki, vergi qaçaqçılığına ortak olmağı Lixtenşteyndə yerləşən Bendura Bank (SWİFT Code HYIBLI22XXX) bir fəliyyət istiqaməti kimi seçmişdir. Bendura Bankın bu vergi qaçaqçılığından əldə edilən pulları leqallaşdırma xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” prinsiplərinə və 28.01.2016 tarixli “Anti-Tax Avoidance Package EU” normativ sənədinə ziddir və “APCA UK Ltd” şirkətinə qarşı yekunlaşmış Böyük Britaniya məhkəməsinin qərarı və onun yaratdığı məhkəmə praktikası da təsdiq edir”.

Qeyd edək ki, bu məqalədəki iddialarla bağlı Sərraf Məmmədzadənin mövqeyini öyrənmək cəhdimiz bizə təqdim olunan telefon nömrələri bağlı olduğundan baş tutmadı. Bununla belə, mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk. İstinad olunan mənbə bu linkdir:My Webpage

“AzPolitika”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi