azia.az
azia.az

Tamerlan Qarayev “Qarabağı yalnız qarabağlılar azad edəcək” deyibmi?

3-05-2019, 08:20

Tamerlan Qarayev “Qarabağı yalnız qarabağlılar azad edəcək” deyibmi?
Akif Nağı: “Tamerlan Qarayev həmin mitinqlərdə iştirak edib, amma çıxışında elə bir ifadə işlətdiyini xatırlamıram”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a müsahibəsində bildirib ki, bir dəfə AXC-nin liderlərindən olmuş birisi vəzifəsindən geri çağırılandan sonra “Qələbə” meydanında təşkil olunmuş mitinqdə bəyan edib ki, Qarabağı yalnız qarabağlılar azad edəcək. “Bu çıxışından sonra çağırıb dünyanın o başına göndərdilər. Qarabağ da yaddan çıxdı, qarabağlıların Qarabağı azad etməsi vəzifəsi də, bu məqsədi naminə aldadıb başına yığdığı və istifadə etdiyi qarabağlılarla birlikdə yaratdığı təşkilat da. Ona görə də indi bəzi adamların pafoslu çıxışlarına əhəmiyyət vermək lazım deyil”,-deyə deputat bildirib.

Qüdrət Həsənquliyev konkret ad çəkməsə də, söhbətin Tamerlan Qarayevdən getdiyi məlumdur.

Tamerlan Qarayev AXC Ali Məclisinin sədri,1992-ci il mayın 18-dən 1993-cü il sentyabrın 3-dək Ali Sovet sədrinin birinci müavini, 3 sentyabr 1993-cü ildən 7 may 2001-ci ilədək Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfiri olub. Çində səfir vəzifəsindən geri çağırıldıqdan sonra 3 ilə yaxın Bakıda yaşayıb və bu müddətdə “Qarabağ Evi” adlı təşkilat yaradıb. Həmin təşkilat daha çoxu Qarabağdan olmaqla xeyli sayda insanı öz ətrafında toplaya bilmişdi. Tamerlan Qarayev bu müddətdə Qarabağ məsələsi ilə bağlı aktiv fəaliyyət göstərirdi. 2004-cü ildə Tamerlan Qarayev yenidən səfir göndərildi-bu dəfə Hindistana. Bununla da onun “Qarabağ Evi” təşkilatının fəaliyyəti dayandı. T.Qarayevin Hindistanda səfir həyatı 15 sentyabr 2011-ci ilə qədər davam etdi. 15 sentyabr 2011-ci ildə prezident İlham Əliyev onu İndoneziyada səfir vəzifəsinə təyin etdi. Keçmiş cəbhəçi diplomatın İndoneziyada səfirlik həyatı da uzun müddət çəkdi - 7 ildən artıq. 13 dekabr 2018-ci ildə onu İndoneziyadan geri çağıraraq Litvaya səfir vəzifəsinə təyin etdilər. Hazırda Litvada səfirdir.

Bəs diplomat olan Tamerlan Qarayev belə bir fikir işlədibmi, ümumiyyətlə, Qarabağı yalnız qarabağlılarmı azad etməlidir kimi fikirlər nə qədər ziyanlıdır?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Qüdrət Həsənquliyevdən o cür açıqlamanı heç gözləmirdi. Çünki Qüdrət Həsənquliyev Qarabağ məsələsinə həmişə həssas yanaşıb, indi niyə belə müəmmalarla, eyhamlarla danışması anlaşılan deyil: “2001, 2002, 2003-cü illərdə QAT-ın təşkilatçılığı ilə Bakıda ”Qələbə" meydanında Qarabağ mitinqləri keçirilib. Tamerlan Qarayev həmin mitinqlərdə iştirak edib, amma çıxışında elə bir ifadə işlətdiyini xatırlamıram. Ümumiyyətlə, inanmıram ki, kimsə belə mövqedən çıxış etsin. Əksinə, biz sevinirik ki, bu gün Azərbaycanda hamı deyir ki, qarabağlıyıq. Cəmiyyətdə belə bir vacib birlik əldə olunub, bu, çox yaxşıdır. Məncə, bu gün kiminsə nə vaxtsa dediyi və ya demədiyi fikir qabardılırsa, çox böyük yanlışdır. Bu gün Azərbaycanın hər yerində Qarabağa azadlıq tələbi qoyulur. Hər kəs Qarabağın azad olunmasında iştirak etməyə hazırdır. QAT-ın bütün bölgələrdə, o cümlədən Astara, Lənkəran, Qusar, Xaçmaz, Naxçıvan, Gəncə, Goranboy, Qazax, Tovuz, Ağstafa, Şəki, Zaqatala, Balakən və digər bölgələrimizdə şöbələri var, üzvləri fəaliyyət göstərir. Azərbaycandan kənarda geniş dəstəyimiz var. Qarabağ bütün dünya azərbaycanlılarını birləşdirən ən vacib milli ideyadır. Qarabağı azad etmək işi təkcə qarabağlıların deyil, bütün Azərbaycan xalqınındır və biz bu işi xalq olaraq birlikdə həll etməliyik və edə bilərik. Bir neçə ay əvvəl mən bir konseptual məqalə də yazdım: "Qarabağ- dünya azərbaycanlılarının milli ideyası".

Mayın sonunda keçirəcəyimiz konfransda da bu məqalə ilə çıxış edəcəyəm. Son aylar ərzində Rusiyada, İranda, Gürcüstanda, Avropada və Azərbaycanda Qarabağ ətrafında baş verən hadisələr aydın şəkildə göstərdi ki, bizi birləşdirən ən vacib amil Qarabağdır. Ona görə də bu gün tamamilə yanlış bir tezisin ortaya atılmasını düzgün hesab etmirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi