azia.az
azia.az

Bu sahənin jurnalistləri nə dərəcədə peşəkardırlar?

10-01-2019, 10:21

Bu sahənin jurnalistləri nə dərəcədə peşəkardırlar?

Azia.az xəbər verir ki,Qəzet və saytların künc sütunlarında dərc olunan, siyasi, iqtisadi, sosial və digər ictimai problemlərlə bağlı müəllifin şəxsi fikirlərini ifadə edən yazılara "köşə” deyilir. Köşələr adətən günü və ya həftəni əks etdirir. Müəyyən sahədə ixtisaslaşan və ekspertə çevrilən köşə yazarları 2-4 min işarəlik yazılarında bəzən bütöv bir kitabda deyildiyindən daha çox şey deyə bilirlər. Məhz bu baxımdan, dünya mediasında ən çox qiymətləndirilən yazarlar da onlardır.

Qərb ölkələrində hər şeydən yazan köşə yazarları yerinə konkret sahə üzrə ixtisaslaşmış köşə yazarı tipi daha çox önə çıxmağa başlayır. Bu sırada xəbər əsaslı çalışan köşə yazarı tipi daha geniş yayılıb. Belə tip yazarların özlərinin xüsusi bürosu var, xəbər toplama işi ilə ayrı adamlar məşğul olurlar. Köşə yazarı həmin xəbərlər əsasında ilgili dairələrlə ya özü, ya köməkçiləri vasitəsilə danışır, əlavə məlumatlarını toplayır, analiz edir və ondan sonra səhifəyə qoyur. İstinad edəcəyimiz Türkiyə mətbuatında da bu tendensiya müşahidə olunur. Türkiyə mətbuatında köşə yazıları say etibarilə çoxluq təşkil edir. Mütəxəssislər bunu belə əsaslandırır ki, köşə yazısına dayanan qəzetçilik xəbərə əsaslanan qəzetçilikdən daha ucuz başa gəlir. Çünki ciddi xəbər toplama işi bahalıdır və media patronları az xərclə başa gələn populyarlığa, xəbərə əsaslanmayan köşələrə üstünlük verirlər. Qəzetlərdə yazarın nüfuzuna, yazısının oxunaqlığına görə səhifə bölgüsü aparılır. Məsələn, Türkiyədə yazarın "çəki”sinə görə köşə yazıları sinifləndirilir. Sağ köşə yazarı, sol köşə yazarı, orta köşə yazarı, yan köşə yazarı və s. Ən "hörmətli” yazar isə üçüncü səhifə yazarı sayılır. Üçüncü səhifə yazarı qəzetin ağır topu deməkdir. Böyük qəzetlərin əksəriyyətində bu ənənə qorunur. Türkiyədə hansı qəzetdə çalışmasından asılı olmayaraq, özünün oxucu kütləsi olan çox sayda köşə yazarı var. Bu şəxslərin əksəriyyəti orta yaşı keçmiş, qəzetçiliyə müxbirlikdən başlamış, çoxillik təcrübəsi olan jurnalistlərdir. Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, Azərbaycanda elə qəzetlər var ki, onu sadəcə tanınmış köşə yazarının yazısına görə alırlar. Yəni bizdə də "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var. Amma dünya praktikasından fərqli olaraq Azərbaycanda yaşından və başından asılı olmayaraq, kim istəsə, köşə yaza bilir. Təbii ki, onların hamısının geniş oxucu auditoriyası yoxdur. Köşə yazarlarımızın maddi durumu da o qədər ürəkaçan deyil. Azərbaycanda gündəlik qəzetlərdə bir köşə yazısının qiyməti orta hesabla 30-50 manatdır.

Mütəmadi olaraq mətbuatda köşə yazıları ilə çıxış edən gənc yazar Elnur Astanbəyli deyib ki, köşə yazarlarına yaş məhdudiyyəti qoymaq qeyri-ciddi arqumentdir: "Sovet vaxtı deyirdilər ki, 40 yaşından aşağı elmlər namizədi, 60 yaşından aşağı doktor, 80-dən aşağı isə akademik ola bilməzsən. Köşə yazarları ilə bağlı yaş söhbəti də təxminən buna bənzər bir şeydir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində insanlar ən erkən yaşlarından nəinki elmi dərəcələr alırlar, hətta ölkələri idarə edirlər. Şübhəsiz ki, bu, hər bir insanın bacarığından, intellektual yükündən və istedadından asılı olan məsələdir”. E.Astanbəyli köşə yazarları ilə bağlı Azərbaycan-Türkiyə müqayisəsinin aparılmasının tərəfdarı olmadığını söyləyib: "Ölkəmizdə türk mətbuatı çox izlənildiyinə görə, onlarla bizim aramızda tez-tez müqayisələr aparılır. Ancaq Türkiyə ilə müqayisədə çox kəskin fərqlər ortaya çıxır. Öncə onu deyim ki, çoxlarının vurğuladığı kimi türk köşə yazarlarının hamısı heç də ağsaqqal, ağbirçək deyil. Məsələn, Türkiyənin ən məşhur köşə yazarlarından biri Yızmal Özdilin indi 50 yaşı var. Amma o, 20 ildir mətbuatda köşə yazıları ilə çıxış edir. Deməli, Yızmal Özdil 30 yaşından köşə yazır. Təbii ki, burda müəyyən parametrlər olmalıdır. Türkiyə təcrübəsindən çıxış etsək, bir köşə yazarının ərsəyə gətirdiyi yazı təkcə həmin müəllifin əməyi hesab olunmur. Hər hansı bir yazının hazırlanmasında yazarın köməkçiləri ona peşəkar yardım göstərirlər. Bizdə isə mənzərə tamam başqa cürdür. Özləri normal maddi duruma sahib olmayan Azərbaycan köşə yazarlarının köməkçi tutması gülməli görünür”.

Gənc yazarın sözlərinə görə, bu gün dünyada çox geniş yayılan blok yazılarını köşələrin yeni növü, mərhələsi kimi qəbul etmək olar: "Rusiyada, Avropada, Çində bloqqerlər çox erkən yaşlardan parlamağa, məşhurlaşmağa başlayırlar. Dünyada kifayət qədər tanınmış, ölkələrindəki ictimai mühitə təsir etmək imkanları olan bloqqerlər əslində elə köşə yazırlar. Mən onları müasir dünyanın köşə yazarları adlandırıram. Amma bloqqerlər köşə yazarlarından fərqli olaraq daha çox tanınır və üstünlük qazanırlar. Bunun səbəbi isə iki faktordan asılıdır: - İntellektual səviyyədən və cəsarətdən. Heç bir sahədə intellektualizmi və istedadı inkar etmək mümkün deyil. Peşəsindən asılı olmayaraq, hər sahəyə peşəkar münasibət göstərmək vacibdir. Təəssüf ki, bizdə bu sahədə çox ciddi problemlər var. İstedadlı adamlarda intellekt problemi, intellektli şəxslərdə isə istedad problemi ortaya çıxır. Əgər bu iki amil eyni adamda birləşərsə, onun yaratdığı hər şey yaşından asılı olmayaraq gözəl alınacaq. Bizdə yazan çoxdur, amma oxuyan yoxdur. Köşə yazarı hər gün oxumalı, öyrənməli, mütaliə etməli, araşdırmalıdır. Bu, ən vacib şərtdir. Şübhəsiz ki, anadangəlmə istedad da olmalıdır. Bunlar olduqda qələm adamı püxtələşir”.

Yazar deyib ki, istər siyasi-ictimai, istərsə də, mədəni və sosial anlamda fikir yürüdənlər cəsarətli olmalı, qorxmamalıdır: "Yazar öz-özünün senzoruna çevrilməməlidir. Ənənəvilikdən kənara çıxmalıdır. Əgər hamının dediyini və düşündüyünü yazırsa, o zaman yazmağının nə əhəmiyyəti var ki? Fərqli yanaşma ortaya qoymaq istəyirsə, şəxsi mülahizə və baxış tərzinə üstünlük verməlidir. Bizim mediada, xüsusilə köşə yazılarında çox ciddi cəsarət problemi var. Heç kim hadisənin üzərinə getmək istəmir. Fikrimcə, bizim qəzetçilikdə tamada təfəkkürü güclüdür. Baxırsan ki, hamı yazır, amma 70-80 faiz yazar sadəcə tost deməklə məşğuldur. Yəni indiki köşələrlə hansısa sünnət toyunda deyilən tost arasında fərq tapmaq çox çətindir. Biz ənənəvi fikirlərin, yanaşmaların tərəfində dayanaraq, tutuquşu kimi eyni fikirləri təkrar edərək ortaya çox əcaib bir məhsul çıxarırıq. Qorxuruq ki, görəsən bu yazıya dostumuz nə deyəcək, qonşumuz nə deyəcək. Yəni məsələlərə münasibətimizi ifadə etməkdə rahat və səmimi deyilik. Həmişə yazdıqlarımızı qəlibin içərisinə salmağı, onu çərçivələməyi xoşlayırıq”.

E.Astanbəyli bildirib ki, Azərbaycanda köşə yazarlarına verilən qonorarı dünyanın heç bir ölkəsi ilə müqayisə etmək mümkün deyil: "Bizdə köşə yazısına verilən qiymət tam bir rəzalətdir. Halbuki köşə yazısının arxasında əmək və zəhmət dayanır. Mən bir mövzu üzərində işləyəndə sözü sözün arxasına qoşaraq bəlli həcmdə formal məqalə ortaya çıxartmaq niyyəti ilə yazmıram. Mövzunu əvvəlcə araşdırıram, ona vaqif oluram, müxtəlif qaynaqlara baş vururam. Amma gəlin görək, köşə yazılarına verilən qonorar yazı üçün sərf olunan vaxta və zəhmətə adekvatdırmı? Gizlətmək lazım deyil, mən bir köşə yazısına görə, 10-15 manat alıramsa, bununla ortaya çıxartdığım yazı yüksək istedad məhsulu ola bilməz. Biz maddi məsələləri kənara qoyaraq, "pul həlledici faktor deyil”, "əl çirkidir” və s. deyə bilərik. Amma pul həqiqətən önəmli faktordur. Hansısa köşə yazarı aldığı qonorarla mağazadan sadəcə 1-2 kitab ala bilər. Deməli o, yeyib-içməməli, geyinməməli, ailəsini saxlamamalıdır. Belə absurd və təzadlı bir məqamda işləmək çətindir. Yəni problemin obyektiv və subyektiv səbəbləri var. Ancaq bəzi səbəblər yazarın özündən asılıdır. İnsan yazı yazırsa, vicdanlı olmağa borcludur. Yazını araşdırmağa, dəqiqləşdirməyə, üzərində işləməyə vaxtı yoxdursa, yazı xətrinə yazı yazmamalıdır. Mümkün olan qədər öz yazısında ən azından bir-iki cümlə ilə oxucuya yeni informasiya, fikir və ideya verməlidir. Hesab edirəm ki, bütün çatışmazlığı qonorarın üzərinə atmaq düzgün deyil. Şübhəsiz ki, bu gün Azərbaycanda özünü təsdiqləmiş, imzasına hörmətlə yanaşdığımız köşə yazarları var. Bəzən onlara qarşı da qınaq olur ki, eyni şeyləri çox yazırlar, öz-özlərini təkrarlayırlar. Ancaq fikrimcə, onları da başa düşmək lazımdır. Çünki əməkləri qarşısında aldıqları qonorar onların özlərini daha sürətlə püxtələşdirməsinə imkan vermir. Həm də nəzərə almaq lazımdır ki, biz zəngin hadisələrin olduğu dövrdə yaşamırıq, həyat materiallarımız çox deyil. Düşünürəm ki, mediamızın köşə yazarlarına ağlamaq olar, amma onları qınamaq doğru deyil”.

Jurnalist Asəf Quliyev isə hesab edir ki, köşə yazarı mütəxəssis olmalıdır: "Əgər iqtisadi sahəni bilən şəxs iqtisadiyyatla bağlı köşə yazarsa, o yazı həm güvənli olacaq, həm də maraqlı. Mən son illər ancaq Qarabağ mövzusunda köşə yazıram. Çünki 10 ildən çoxdur ki, Qarabağ mövzusunu araşdırıram. İstəyirəm sırf bu istiqamətdə özümü formalaşdırım. Çox istərdim ki, köşə yazarlarımız mövzularının bilicisi olsun. Köşə yazarı həm də güvənli insan deməkdir”.

"Yeni Müsavat” qəzetində Samir Sarı imzasıyla köşə yazan Xalid Kazımlı deyib ki, o, mövzunu deyil, mövzu onu tapır: "Ölkədə və regionda önəmli hadisələr baş verir. Onların birini seçib yazmaq lazım gəlir. Bəzən hətta heç kimin diqqət yetirmədiyi hadisə baş verir. Amma o hadisənin içində elə enerji olur ki, onu götürüb o barədə xatirələri və bilgiləri birləşdirib çox gözəl yazı yazmaq olur. Ancaq bəzən gündəmdə olmayan hadisələrdən də yazmaq lazım gəlir. Halbuki, buna çox adam fikir vermir”.

"Media Forum” saytının redaktoru və köşə yazarı Hikmət Sabiroğlu əvvəlki vaxtlardan fərqli olaraq indi nadir hallarda köşə yazdığını deyir: "Qəzetdə işləyəndə üzərimdə öhdəlik var idi. Hər həftə köşə yazmalı idim. Ona görə mövzu olmayanda məcbur olub nəsə bir şey tapıb yazırdım. Ancaq indi işim çox olur, saytda materialların yerləşdirilməsi və redaktə edilməsi ilə məşğul oluram. Bu səbəbə görə də gec-gec yazıram. Bəzən heç mövzu fikirləşməyə də vaxtım olmur”. H.Sabiroğlu köşə yazarlarının gündəmin nəbzini tutduğunu deyir: "Zamin Hacı və Xalid Kazımlı gündəmin aktual məsələləri ilə bağlı köşələr yazırlar. Demək olar ki, köşə yazılarının böyük əksəriyyətinə diqqət yetirirəm”.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi