azia.az
azia.az

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

12-12-2024, 15:06

Dekabrın 12-də müasir və müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümumiilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümüdür. Aradan illər ötdükcə dahi şəxsiyyətin dövlətimizin və xalqımızın qarşısındakı tarixi xidmətlərinin əhəmiyyətini daha dərindən anlayırıq. Çünki respublikamız məhz Heydər Əliyevin yaratdığı sağlam təməllər üzərində inkişaf edərək böyük uğurlara nail olur.

Tarix sübut edir ki, hər bir xalqın taleyində görkəmli şəxsiyyətlərin, liderlərin böyük rolu olmuşdur. Məhz belə şəxsiyyətlərin sayəsində həmin xalqlar öz dövlətlərini qurmuş, inkişaf etmişlər. Heydər Əliyev də Azərbaycan xalqının taleyində çox böyük və əvəzolunmaz xidmətləri olan belə şəxsiyyətlərdən biridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Lakin hansı dövrdə rəhbərlik etməsindən asılı olmayaraq Heydər Əliyev bunların hər birində dövlətə şərəflə xidmət etməyin ən gözəl nümunəsini yaratmışdır.

Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərliyə başlayanda ölkəmiz öz inkişaf göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdə dayanırdı. Lakin Ulu Öndər özünün müdrik siyasəti ilə Azərbaycanı tezliklə ittifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksəltdi. 1969-1982-ci illərdə Azərbaycanda iqtisadiyyatın bir çox sahələri sürətlə inkişaf etdi, sənaye istehsalında və kənd təsərrüfatında ciddi artımlar qeydə alındı. O illərdə Azərbaycanda istehsal olunan məhsullar keçmiş ittifaqın ayrı-ayrı respublikalarına və xarici dövlətlərə ixrac olunurdu.

Xalqımızın dahi oğlu 1982-1987-ci illərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də öz vətəninə diqqət və qayğısını əsirgəmədi. Məhz Heydər Əliyevin sayəsində həmin illərdə ölkəmizdə çoxsaylı istehsal sahələri yaradıldı.

Heydər Əliyev M.Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək 1987-ci ilin sonlarında tutduğu bütün vəzifələrdən istefa versə də, yenə də öz xalqının yanında idi. Təsadüfi deyil ki, 1990-cı ilin 20 yanvar faciəsindən sonra ilk dəfə olaraq məhz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində cəsarətlə SSRİ rəhbərliyini ifşa etmiş, xalqımıza qarşı cinayət törədildiyini bəyan etmişdi.

Bütün bunlara görə xalqımız Heydər Əliyevə inanır və ona böyük ehtiram göstərirdi. Təsadüfi deyil ki, 1990-cı ilin iyulunda Azərbaycana, Naxçıvana gələn Heydər Əliyev ictimaiyyət tərəfindən deputatlığa namizəd göstərlmiş və keçirilən seçkilərdə Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Məclisinə üzv seçilmişdi. Yenidən siyasi meydana qayıdan Ulu Öndər Heydər Əliyev o dövrdə özünün böyük siyasi qətiyyəti ilə Naxçıvanı işğaldan qorumuş, Türkiyə və İranla əlaqələr yaradaraq blokada vəziyyətində olan Muxtar Respublikadakı sosial-iqtisadi çətinliyin aradan qaldırılması üçün mühüm işlər görmüşdü. Eyni zamanda Heydər Əliyevin ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı rəsmi bayraq kimi ucaltması respublikamızda müstəqillik uğrunda aparılan mübarizəyə böyük stimul vermişdi. 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması da xalqımızın Ulu Öndərə olan dərin inamından irəli gəlirdi.

1993-cü ilin gərgin və ağır iyun günləri hər birimizin yaddaşındadır. Azərbaycana rəhbərlik edənlərin naşı, xəyanətkar siyasətləri nəticəsində həmin ölkəmizdə böhran pik həddə çatmış, müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. Bir tərəfdən Ermənistanın işğalçı hücumları, bir tələfdən də separatizmin güclənməsi Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bütün bunlar həm də ondan xəbər verirdi ki, Azərbaycanı bu vəziyyətdən yalnız bütün xalqı öz ətrafında birləşdirə bilən nüfuzlu və güclü siyasi lider çıxara bilər. Xalqın inandığı, güvəndiyi, etibar etdiyi həmin lider isə Heydər Əliyev idi. Həmin vaxt xalqın istək və arzusu ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev böyük siyasi müdrikliklə Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Ulu Öndər yenicə qazanılmış müstəqilliyimizi qorudu, onu sarsılmaz və əbədi etdi.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin dövrdə dünyanın tanınmış neft şirkətlərinin iştirakı ilə «Əsrin müqaviləsi»nin imzalanması, dövlətçiliyimizin etibarlı təməllərinin formalaşdırılması, ordu quruculuğunun şəyata keçirilməsi, hüquqi dövlət quruculuğunun başa çatdırılması, müstəqil dövlətimizin Konstitusiyasının qəbulu, MDB-də ilk olaraq respublikamızda torpaq islahatlarının reallaşdırılması, iqtisadi tənəzzülə son qoyulması, Azərbaycanın dünya birliyində layiqli yer tutması məhz Heydər Əliyevin dövlətimiz qarşısındakı tarixi xidmətlərinin göstəriciləridir.

Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri möhtərəm Prezidenimiz İlham Əliyevin timsalında özünün layiqli siyasi varisini yetişdirməsidir. Ötən 21 ildə Azərbaycanın keçdiyi inkişaf yolu bir daha Heydər Əliyevin nə qədər dahi və uzaqgörən bir şəxsiyyət olduğunu təsdiq edir. Bu illər ərzində Azərbaycanı yüksəliş yoluna çıxaran cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğurumuz onu göstərir ki, Heydər Əliyevin siyasi kursu layiqincə davam etdirilir və Ulu Öndərin ideyaları həyata vəsiqə alır. 21 ildə qazandığımız uğurlar həm də Heydər Əliyev yolunun düzgün və alternativsiz olduğunu təsdiq edir.

Heydər Əliyevin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər 2003-cü ilin prezident seçkilərindən əvvəl xalqımıza etdiyi müraciətdə inamla bildirirdi ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları İlham Əliyev başa çatdıra biləcək. 4 il əvvəl 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ötən il isə Qarabağda erməni separatçılığına son qoyulması Heydər Əliyevin nə qədər haqlı olduğunu göstərdi. Bununla da cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu və vəsiyyətini yerinə yetirdi. Artıq Ulu Öndərin ruhu rahatdır. Çünki onun bütün arzuları reallaşır.

12 dekabr Anım Günündə Ümummilli Lider Heydər Əliyevi bir daha dərin ehtiramla yad edir, xatirəsi önündə baş əyirik. Ulu Öndər hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq, ölməz və əbədiyaşar ideyaları daim respublikamızın inkişafına işıq salacaq.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi