Ötən həftələrdə Goranboy rayonunda yaşayan tanınmış biznesmen Qalib Mustafayevin Amon və İsida adlı cins itlərinə səs-küylü toy eləməsi ictimaiyyət arasında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi.
Lakin bununla yanaşı, biznesmenin itlərinin toyunda iştirak edən aşıq və balaban ifaçısı da qınaq obyekti oldu.
Balaban ifaçısı Haqverdi Əliyev sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyi əsas gətirilərək, üzvü olduğu Aşıqlar Birliyindən xaric edildi.
Halbuki, o, toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduğunu vurğulamışdı.
Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu bildirərək, yenidən Aşıqlar Birliyinə müraciət edib.
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Modern.az-a açıqlamasında bildirib ki, Haqverdi Əliyevin birliyə yenidən üzv olmaq kimi şansı yoxdur:
“Baş verən hadisədən sonra biz onu xaric etdik. Aşıqlar Birliyindən bir dəfə xaric etdiyimiz biri yenidən qayıdıb müraciət etsə nə olacaq?... O bilməlidir ki, onun fəaliyyəti elə budur”.
Qeyd edək ki, itlərin toyunda iştirak edən Aşıq Şəmməd Məmmədov isə birliyin üzvü olmadığından sadəcə qınanılıb.