azia.az
azia.az

Bölgənin sabitliyi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edir

22-05-2024, 18:11

Fərmayılov Anar Hümbət oğlu, incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı,S.ü.f.d.

Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş olan dövlət kimi böyük potensiala, eyni zamanda siyasi nüfuza malik olan qüdrətli ölkədir. Bütün bu uğur və nailiyyətlərin əsasını isə Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası təşkil edir. Ölkə başçısının rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir.

Məlum olduğu kimi, cari ilin mayın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərək qeyd etmişdir: “Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür”. 

Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.

Açılış mərasimi zamanı hər iki ölkə lideri tərəfindən səslənən fikrlər, verilən bəyanatlar bir daha onu göstərir ki, İran və Azərbaycan hər zaman qonşuluq prinsiplərinə əməl etməkdə, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirləsi və dərinləşməsində hər zaman maraqlı olublar. Azərbaycanın 44 günlük Şanlı Zəfərindən sonra regionda yaratdığı reallıqlar isə iki ölkə arasındaki münasibətlərə yeni təkan vermiş oldu.

Bu gün iki dost ölkə istər beynəlxalq, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı bir çox ortaq baxışlara malikdirlər. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edir. Məhz bu münasibətlərin səmimi dostluq üzərində formalaşması sayəsində İran və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərməkdə qərarlıdırlar.

Bir sözlə, İran-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri də çox müsbətdir və genişdir. İran-Azərbaycan birliyini, dostluğunu heç bir kənar qüvvə poza bilməz.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi