azia.az
azia.az

Milyonçu oğlu adam öldürdü: - Deputat hərəkətə keçdi

6-05-2017, 22:34

Milyonçu oğlu adam öldürdü: - Deputat hərəkətə keçdi

24 yaşlı iki uşaq anasını öldürən 16 yaşlı yeniyetmənin sosial şəbəkələrdə kimlərlə hansı məclislərdə olmasını, sulu qəlyan çəkməsini, var dövlətlərini əks etdirən video və şəkillərini gördüm. Azərbaycan xalqına və dövlətinə belə gənclər lazım deyil.

Bu sözləri Axar.az-a iş adamı Füzuli Fərəcovun 16 yaşlı oğlu Ağəli Fərəclinin 200 minlik maşınla 24 yaşlı ananı vurub öldürməsi hadisəsinə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Millət vəkili bu hadisədə ilk növbədə valideynin məsuliyyət daşıdığını vurğulayıb:

“Günah o uşaqda deyil, onu formalaşdıran valideyndə, təhsil aldığı məktəbin rəhbərliyində və müəllimlərindədir. Çox güman ki, o uşaq heç normal yazıb-oxuya da bilmir. Atası açıqlamasında deyib ki, 16 yaşlı uşağı həbs edərlər? Bəs 24 yaşlı iki uşaq anasını vurub öldürərlər? O atanın verdiyi tərbiyə nəticəsində məhz bu gün belə bir hadisə baş verib. Ata bunun qarşısını vaxtında alsaydı, övlad da gəlib bu həddə çıxmazdı. Dünən həmkarlarım da vurğuladı ki, var-dövlətini övladların üçün yığmısan, düz yığmısan, səhv yığmısan, bu, sənin işindir; o qadının günahı nə idi ki, iki uşaq anasını vurub öldürdüz? O uşaq, çox güman ki, “Porşe” ilə heç orta məktəbin həndəvərinə də getmir. Müəllimlərin nəzarəti hanı bəs? Xatırlayıram ki, bir gün dərsə getməyəndə müəllim və valideynimiz tərəfindən döyülürdük. Çox acınacaqlıdır ki, bir ata övladına bu cür tərbiyə verib küçələrə buraxır, azyaşlı da maşın və dollarlarla İnstaqramda şəkillərini çəkib paylaşır. Belə şey ola bilməz”.

Millət vəkili 16 yaşlı şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə də aydınlıq gətirib və bununla bağlı qanunvericilikdə boşluqların olduğunu qeyd edib:

“İndi uşağın valideyni yəqin ki, İnzibati Xətalar Məcəlləsi ilə cəzalanacaq. Ancaq əlimdə olsaydı, belə övlad böyüdüb küçələrə atan, başqalarının həyat və əmlakı üçün təhlükə yaradan o atanı uzun müddət həbsə göndərərdim. Ekspert Ərşad Hüseynov açıqlama verdi ki, azyaşlının əməlinə görə, qanunda 180 manat cərimə nəzərdə tutulur və Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, uşaq cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bəs yetim qalan o uşaqların taleyi necə olacaq? Tamamilə haqlısız ki, bu hadisə birbaşa qanundakı boşluqlardan xəbər verir. Bəli, qanunda müəyyən məsələləri araşdırıb tapmaq lazımdır. Hüquq mühafizə orqanaları indiyə qədər bu boşluqlarla bağlı bizə təklif verməliydi. İndi məcburuq ki, özümüz təşəbbüslə çıxış edək. Parlamentin hər bir üzvünün qanunvericilik subyekti kimi təşəbbüs qaldırmaq hüququ var. Mən bu məsələ üzərində düşünürəm. Eyni zamanda, azyaşlıya sükanın verilməsi ilə bağlı valideynlərin suçu inzibati məsuliyyətlə tamamlanmamalıdır, bu da başqa cür olmalıdır”.

Ç.Qənizadə son günlərin ən aktual probleminə çevrilən qanunsuz ət satışı ilə bağlı məsələyə də münasibət bildirib:

“Faktiki olaraq Cinayət Məcəlləsinin 200-cü maddəsi işləmir. Zoopark üçün nəzərdə tutulan əti tutulana qədər gətirib müəyyən obyektlərdə satdırırlar. Onu alana da, satana da lənət olsun. Onlar insanlıqdan kənardırlar. Hesab edirəm ki, CM-nin 200-cü maddəsində əsaslı və ciddi sanksiyalardan özünü ehtiva edən dəyişikliklər olunmalıdır. Hər iki məsələni diqqətdə saxlayacam”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi