ARB TV-nin "Rezonans" verilişi bu dəfə qaynanasını öldürən jurnalist haqda sujet hazırlayıb.
İlham Aydınov (14 il cəza):
""Azərbaycan tribunası" qəzetinin baş redaktoru və təsisçisi idim. Yatsam yuxuma da girməzdi ki, mənim əlimdən çıxan səhv üzündən bir insan dünyasını dəyişəcək. Öz qəzetimdə həbsxana hekayələrinə yer ayırırdım. 7-8 ay Şüvəlan təcridxanasında qalmışdım. Müəyyən maddələrlə məni ittiham edirdilər. Həmin maddələr öz əksini tapmadığı üçün azadlığa buraxıldım. Daha sonra evdə söz-söhbətlər yarandı.
Buna səbəb isə mənim nə üçün təcridxanada olmağım və digərləri oldu. Lənkərandakı qaynanam bizə gəldi və yoldaşımla aramızdakı münasibəti sakitləşdirmək istədi. Qaynanam olaya müdaxilə etdi. Mənə pis söyüşlər söydü. Onu qırağa çəkmək üçün əlimlə itələdim. İtələyəndə başı tualetin qapısına dəydi. Yaşlı qadın olduğu üçün özündən getdi. Evdə hay-küy qopdu, qonşular polisə müraciət etdi. Qaynanam 3 gün sonra öldü. Novruz bayramını həbsxanada keçirdim. Ailəm məhkəmələrimdə mənim yanıma gəlmədi. Məndən incidilər.
Öz peşmançılığımı onda da bildirdim. Amma sonradan gəlirlər yanıma. Övladlarım məni tək qoymur. Qardaşlarım da həmçinin gəlirlər. Həbs olunduqdan sonra baba olmuşam. İstəmirəm həbsxana qapısına gəlsinlər. Düşünürdüm ki, yoldaşım bir daha mənimlə danışmaz. Mənim yanıma gəlib məni görəndə ağladı. Anamı erkən yaşda itirdiyim üçün ona həm ana deyirdim, həm də uşaqlarımın anası. Ad günümdə məni heç vaxt tək qoymayacağını dedi".