“Uğultu” (hekayə)
Nahiddən YENİ HEKAYƏ
- “Uğultu. Dərin bir uğultu!” Bundan başqa heç nə demir.
- Bibi, sabah gəlin baxım – telefonun dəstəyi asıldı. Qadın əllərini göyə açıb pıçıldadı.
Salam, sağ ol, öpdüm və ya söyüş mənası verən başqa elə əl hərəkətləri də var ki, dünyanın istənilən ölkəsində kimə göstərsən nə demək istədiyini başa düşər.
Dünən, gözü yaşlı qadının “Uğultu. Dərin bir uğultu!” şikayətinə “Baxmaq lazımdı” deyən qardaşı oğlu həkim xalatını geyinib uşağın başına fırlanırdı.
İnsanın yaşını bildirən rəqəm otuz, qırx və ya əlli olduğu əsas deyil. Davranışın necədirsə insanlar sənə uyğun olan adı tapmağa hazırdı. “Uşağa bax, ağsaqqaldı elə bil”, “Ağsaqqala bax, uşaqdı elə bil” deyimləri nümunədir. Həkimin başına döndüyü adamın qırx beş yaşı olsa da dəhlizdə, güllü yaylığını başına çalma etmiş qoca qadına rəqəmlər heç nəyi ifadə etmirdi. Ağlı yerində olmayan oğlunu hər kəsə “Uşaqdı. Mənim uşağım” deyə tanıdırdı. Çox olur, anaların “Sən nə qədər böyüsən də, mənim uşağımsan” dediyi. Qızına elçi gələn insanların önündə çıxış edən tanımadığımız kişi anasına etdiyi hörmətin dərəcəsini anlatmaq üçün – Anam hər dəfə “Sən hələ də mənim uşağımsan” deyəndə, qucağına sığınıb, baş barmağımı sormaq istəyirdim – deməsi təbəssüm yaradacaq bənzətmə olsa da qonaqların çoxu körvəlmişdi. “Allah analara dəyməsin”lər, “Amin”lər göylərə ucalmışdı.
- Qolunu önə doğru uzat. Bax belə - Həkim verdiyi göstərişləri düzgün yerinə yetirməsi üçün uşağa yön verməyə çalışırdı – İndi, qolunu qatlayıb barmağınla burnunun ucuna toxun. Bax belə. Eybi yox, eybi yox. Yenidən.
Proses bir neçə dəfə təkrarlandıqdan sonra uşağın çölə çıxmasını, əvəzində qadının içəri daxil olmasını istəyən həkim dərindən nəfəs alıb bibisini qarşıladı.
- Bibi, sən bu uşağı götür kəndə apar. Şəhərin hay-küyü bir tərəfdən buna təsir edir. Qoy bir az orda vaxt keçirsin, səssizlikdə olsun. Bəlkə ağrıları dinər – Bibisinin ağlamağa hazır olan gözlərinə bələd olduğu üçün dediyi sözləri ehtiyatla seçdi.
- Aparım e bala, başa dönüm. Guya aparmıram ki!? Nə fayda. Sən bir de görüm, bu uşağın devranı haçan düzələcək? Gör neçə ildi. Adam eyni sözü nə qədər deyər axı! Bu necə uğultudu belə kəsmək bilmir? – Qadın ümidli bir cavab eşitmək üçün cümləsini tamamlayıb qardaşı oğluna baxdı.
- Bibi, vallah deməli bir şey yoxdu. Dərmanlar kömək etmir daha. Mərmi beynini məh... – İki boğaz öskürdü - Mərmi beynini gücdən salıb – Bir anlıq özünü unudub “Məhv edib” sözünü işlədəcəkdi - Yenə müayinə etdim. Əvvəlki müayinələrin nəticəsinə təzədən baxdım. Ağrısını dindirmək… Nə bilim.
- Bala, lənətə gəlsin bu müharibəni. Bunu yarımcan qaytardı, kişini də bunun dərdi apardı… Bala, dərd içimi yeyib artıq. “Bu torpağı andıra qalsın” da deyib ağı deyə bilmirəm ki, vətəndi, Allaha ağır gedər – Qadın gileylənsə də, qardaşı oğlunun “Ağrısını dindirmək…” deyərkən nəyə işarə etdiyini fikirləşdi.
- Bibi, nə qədər çalışdım, göstərdim xeyri olmadı. Barmağı ilə burnuna toxuna bilmədi. Heç olmasa toxuna bilsə… Burnuna toxun deyirəm qulağını göstərir.
- Qulağı ağrıyır da bala. Qulağı. Uğultu qulağındadı.
Əslində həkim bibisini incitməmək, “Ümid yoxdu” diaqnozunu deməmək üçün çox danışdı. Lakin ananın “Qulağı ağrıyır da, bala” sözündən sonra danışılanların hamısını eşitmək bizə lazım deyil. Bu adi, heç bir günahı olmayan cümlədə bir həqiqət yatır – Ana. İçimizdəki əminlik uşaqlığımızdan bəri bizi inandırıb ki, dünyanın bütün həkimi yığışıb gəlsə belə, bir insanın harasının ağrıdığını həmin insanın anasından daha yaxşı heç kim bilməz.
Analar haqqında uzun-uzadı danışılan elçilikdə tanımadığımız kişi inadla bildirirdi ki, belinin ağrıdığını dediyində anası onun başını sığallayar, bununla da bütün ağrıları keçib gedərdi. Bəyin danışığını bilməyən atası isə ortalığı nəşələndirmək üçün “Güman ki, belinizə vuran başınızın ağrısıymış” deməsi ilə arvadının böyrünü dümsükləməsi bir olmuşdu.
Yuxarıda dediyimiz əl işarələrinə “dümsük”ləməyi də əlavə edə bilərik. İşlətdiyi cümlənin, etdiyi hərəkətin yanlış olduğuna görə toylarda, restoranlarda, qonaqlıqda qadınların ərlərinin üzərində tətbiq etdiyi bu hərəkəti artıq hər kəs tanıyır.
Maşının kənd istiqamətində hərəkətdədir. Sürücü on manat qarşılığında yoldan götürdüyü sərnişinlərin kimliyini anlamaq üçün başının üstündəki arxalıq güzgüsündən onları süzdü. Arxa oturacağın sol tərəfində uşaq oturmuşdu. Sağ tərəfdə əyləşmiş sərnişinin kök olması qadının iki nəfərin arasında əzilməsinə səbəb olurdu. Uşaq başındakı uğultunun dinməsindən rahatlıq tapıb, göz önündən sürətlə ötən ağaclara tamaşa edirdi. Qadın uşağın rahatlığını pozmamaq üçün əzilməyə dözüb təpənmirdi. Sürücü maşının arxa oturacağına pərçimlənmiş adamlardan ümidini kəsib öndə oturmuş cavan oğlana “Salamatçılıqdı” deyərək söhbətə başlamaq istədi. Cavan oğlan gözünü telefonun ekranından çəkmədən, indi, hər kəsin “like” kimi tanıdığı baş barmağını ona doğru uzatdı. Maşın kəndə çatana qədər başqa heç bir maraqlı hadisə baş vermədi.
- Bu da kənd! – Qadın evlərinə aparan tozlu cığırın izinə düşüb irəliləyərkən qardaşı oğlunun reseptdə “kəndə aparın” dərmanından əlavə daha nəyin yazdığını xatırlamağa çalışdı. Evin dəmir darvazasının önünə çatana qədər də xatırlaya bilmədi.
Məlum olsun ki, ortalıqda həkimin yazmış olduğu reseptin kağızı belə yox idi. Qardaşı oğlunun dediyi ümidli sözlərdən başqa heç nəyin olmadığını bilsə də, uzun illər əlində tutduğu reseptlərlə apteklərin önündəki növbələr onda “resept” alışqanlığı yaratmışdı.
Həyətin dəmir darvazası səs-küylü açılsa da, evin taxta qapısı açılmırdı. Qadın gücdən düşən qollarının keyidiyi üçün kilidin yuvasında sağa-sola burduğu açarı “Bala, bir sən də yoxla gör” deyib kənara çəkildi.
Bəzən, uzun müddət yalnızlığa, sükuta tərk edilən evlər qapılarını pərçimləyib sahiblərinə içəri buraxmaq istəmir. Qapının açılması üçün əlləşən bu iki insan bilmirdi ki, uzun sürən ayrılıqdan gövdəsi buz bağlamış kilid ona ölmədiyini xatırlatdığı üçün açarla daha çox vaxt keçirmək istəyirdi.
Uşaq açarı sola doğru burub sağ çiyni ilə qapıya möhkəmcə toxundu. Zərbənin təsirindən taxta qapı taybatay açıldı.