Rio-2016 başa çatdı: yığmamızla bağlı rəylər
Bəxtiyar Sadıqov: “Buna fiasko demək olarmı?”; Aydın Bağırov: “Komandanın 56 üzvündən 18-i medal qazanıbsa...”
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatdı. Olimpiadanı Azərbaycan idmanı üçün növbəti ciddi uğur kimi qiymətləndirmək olar. Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer aldı. Cənubi Amerikaya 56 idmançı ilə yollanan olimpiya yığmamızın qazancı 1 qızıl, 7 gümüş və 10 bürünc medal oldu.
Millimizin heyətində taekvondoçu Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xexaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutub.
Azərbaycan medal sayına görə bu olimpiada da rekord vurdu. Belə ki, komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Yəni hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo və kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.
Qeyd edək ki, Rio-2016-da ilk sıranı ABŞ tutub. Onlar 46 qızıl, 37 gümüş və 38 bürünc medal qazanmaqla, həm qızıl həm də ümumi medal sayında hamını qabaqlayıb. Böyük üstünlüklə birinci olan amerikalılar ən yaxın izləyicisi Böyük Britaniyanı 54 medal geridə qoyublar. İlk “üçlüy”ü isə Çin qapayıb.
Azərbaycanın olimpiada da uğurlu çıxışına baxmayaraq, Rio-2016-dakı iştirakımızla bağlı fikirlər ictimaiyyət arasında birmənalı deyil. Doğrudur, əksəriyyət uğurlu çıxış etdiyimiz qənaətindədir. Amma bunun əksini deyənlər də var. Xüsusilə son günlərə qədər qızıl medalımızın olmaması belə fikirlərin meydana çıxmasına səbəb olmuşdu. Amma son yarış günlərində bir idman növündə himnimizin səslənməsi, son gündə isə 3 idmançımızın qızıl medal üçün final oyununa çıxması narazı fikirlərin bir qədər qarşısını aldı.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Rio-2016 ilə bağlı tənqidi fikirlər səsləndirənlərə sərt cavab verdi: “Bir ölkə olimpiadada 18 medal qazanırsa, buna fiasko demək olarmı? Təsəvvür edin ki, 5 atletlə çıxış etmişik. 17 idman növü üzrə yarışmada iştirakçı olmuşuq. Yarış dövründə 60 qələbə qazanılıb. Güləş üzrə ən çox medal qazanan Azərbaycan olub. Ən çox gümüş və bürünc qazandığımız Rio olub. MDB-də 2-ci, Avropada 7-ci yeri tutmuşuq. İslam, türk və Qafqaz ölkələri arasında ilk sıranı qazanmışıq. Bu qədər faktdan sonra fiasko demək olarmı? Azərbaycan idmançıları möhtəşəm qələbə qazandılar. İdmançıların heç birindən narazı deyiləm. Onlar qələbə qazanmağı hamıdan çox arzu edirdilər. Olimpiya elə bir yerdir ki, orada proqnoz vermək çətindir. Dünyanın ən güclüləri orada iştirak edirlər. Özü də bir gündə görün nə qədər görüş keçirirlər. Burada həm psixoloji, həm fiziki, həm də texniki hazırlıq lazımdır. Bunların hamısını qurmaq çətindir. İdmançılar və biz nə qədər arzulasaq da, istədiklərimiz alınmır. Orada zəif idmançı yoxdur. Bu yarış müstəqil Azərbaycanımızın növbəti qələbəsidir. Orada 18 dəfə bayrağımız ucalıbsa, bir dəfə himnimiz səslənibsə, 10 milyonluq Azərbaycan üçün böyük uğurdur. ABŞ, Rusiya və digər ölkələr var ki, 100-dən çox idmançı ilə təmsil olunurlar. Arzumuz çox qızıl medal qazanmaq idi, amma arzu başqa, reallıq tamam başqa. İdmançılarımızın hamısını təbrik etməliyik. Onlara mənəvi cəhətdən dayaq olmalıyıq. Federasiyalar əminəm ki, bir daha psixoloji, texniki və taktiki məsələləri öz aralarında təhlil edib, 4 ildən sonrakı yarışmaya daha yaxşı qatılacaqlar. Nəticədə qızıl medallarımızın sayı artacaq. Xalqımızdan razıyam. Çünki həyəcanla sona qədər idmançılarımıza azarkeşlik etdilər. Çoxsaylı medal arzulayanlar ilk növbədə, Azərbaycanın gücünə inananlardır”.
Qol.az saytının rəhbəri Aydın Bağırov da Azərbaycanın olimpiadadakı çıxışını uğursuz sayanlarla razılaşmır: “Komandamızın çıxışını uğursuz sayanlarla razılaşmıram. Bir komandanın 56 üzvündən 18-i medal qazanıbsa, bunu necə uğursuz adlandırmaq olar? Nəzərə alaq ki, müstəqil ölkə kimi qatıldığımız 6 Olimpiya oyununda (1996, 2000, 2004, 2008, 2012 və 2016) ən çox medalı məhz Rioda əldə etdik. Nəticədə medalların əyarına görə komanda hesabında 207 ölkə arasında 39-cu, sayına görə isə 15-ci yeri tutmuşuq. Sadəcə, qızıl medalın, London olimpiadasında olduğu kimi, yarışın əvvəlində deyil, son günlərində qazanılması müəyyən tənqidlərə yol açdı. Amma qazanılan qızıl, bu dəfə də tənqidlərin tələsik olduğunu göstərdi. Ümumiyyətlə, adətən belə yarışlarda son günə qədər komandaların tutduğu mövqedə xeyli dəyişiklik olur. Məsələn, Azərbaycan komandası bir qızıl medal qazanmaqla 19 pillə irəliləməyə nail oldu. Ümumilikdə, 1 qızıl, 7 gümüş və 10 bürünc qazanan komandamızın çıxışını əvvəlki illərlə müqayisədə müsbət saymaq olar. Sevindirici bir fakt da odur ki, ilk dəfə olaraq, Azərbaycan üçün qeyri-ənənəvi idman sayılan taekvandoda qızıl qazandıq. Bundan başqa, bu növdə iki idmançımız bürünc medala sahib oldu: 1 qızıl, 2 bürünc. İlk dəfə idi ki, taekvonda komandamız Olimpiya oyunlarında medal, özü də 3 medalı birdən qazanırdı. Bu həm də onu deməyə əsas verir ki, bir neçə il əvvəl federasiyanın idarəçilik sistemindəki ciddi dəyişiklik öz müsbət nəticəsini verdi”.(musavat.com)