Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
"Azia.az"a Mətbuat xidmətindən verilən məlumata görə:Martın 1-də AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.
İlk olaraq akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsinə baxılıb. Bölmə üzvlərinin təklifləri müzakirə edilib və seçki keçirilib. Səsvermənin nəticələrinə görə akademik Ramiz Məmmədov yenidən Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib. Seçkinin nəticəsinin təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən “AMEA-nın Xəbərləri” (yer elmləri seriyası) jurnalının nəşrinin təkmilləşdirilməsi və “Web of Science”, “Scopus” elmi bazalarına daxil olması istiqamətində işlərin gedişi haqqında müzakirələr aparılıb. Akademik Fəxrəddin Qədirov bildirib ki, jurnalın bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib, müqayisəli təhlillər aparılıb və nəşr müasir tələblərə uyğunlaşdırılıb.
Daha sonra çıxış edən Geologiya və Geofizika institutunun şöbə müdiri, yer elmləri üzrə elmlər doktoru, jurnalın baş redaktorunun müavini Qulam Babayev jurnalın adının “ANAS Transactions Earth Sciense” olaraq dəyişilməsinin məqsəuyğun olduğunu qeyd edib. O bildirib ki, jurnal artıq “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilib. Alim jurnalda geologiya, geofizika, coğrafiya, həmçinin neft və qaz yataqlarının işlənilməsi sahəsində orijinal nəzəri və eksperimental tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərc ediləcəyini vurğulayıb.
Jurnalın beynəlxalq standartlara uyğunlaşdırılmasından, redaksiya heyətindən və çap olunacaq məqalələr üçün müəyyən olunan tələblərdən danışan Q.Babayev diqqətə çatdırıb ki, jurnal haqqında ətraflı məlumatı “http://journalesgia.com/az” saytından öyrənmək olar.
Daha sonra yığıncaqda təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
Aybəniz Abdulova