Kolleclərin plan yerləri boş qala bilər - Ekspertdən XƏBƏRDARLIQ
"Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə tərəfindən mətbuat çıxışında ifadə etdiyi 150 ballıq ixtisasların sayının çoxalması ilə bağlı ciddi etirazlar ediblər. Əslində, burada haqlılıq payları da var. Haqlılıq payları nədən ibarətdir? DİM bu qərarı aldığı təqdirdə, əlbəttə ki, bəzi məsələləri düşünməlidir. Əgər biz uşaqların kolleclərə qəbul olunmasını istəyiriksə və kollecdən sonra subbakalavr kimi universitetə qəbul olmalarını düşünürüksə, bəzi ixtisaslarda xüsusilə də bu məsələyə diqqət göstərilməlidir. Ya ümumiyyətlə həmin ixtisasların 150 ballıqlara salınması deyil, ya bütün ixtisasları bu formada edəcəyik, 150 bal keçid balı qoyacağıq, deyəcəyik hər kəs bu ixtisaslara müraciət edə bilər və yaxud da ki, bunu regionlar üçün edəcəyik. Məsələn, Bakı universitetlərində deyil, regionlar üçün olunsa, daha yaxşı olar. Regionlara axın çoxalmış olar".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd etdi.
"Məsələn, kompüter mühəndisliyi və yaxud informasiya texnologiyaları ixtisaslarında keçidi 150 bala endirsəniz, subbakalavrların qəbullarını məhdudlaşdırmış olacaqsınız. Çünki qayda belədir: abituriyentlər qəbul olunurlar, ondan sonra subbakalavrların boş qalan yeri varsa, ora müraciət həyata keçirilir və qəbul planlaşdırılır. Əgər boş yer yoxdursa, subbakalavr qəbul ola bilmir. Yəni indi bu adı çəkilən ixtisaslar birbaşa 150 ballıq ixtisasların içərisinə daxil olunarsa, yəni blok imtahanında 100 balı keçə bilməyənlər həmin ixtisaslara seçim edərsə, avtomatik orada qalan boş yerləri onlar doldurmuş olacaqlar və subbakalavrlara yer qalmayacaq.
İkinci qrupda da eyni vəziyyətdir. Ona görə də illərlə iqtisadiyyat, maliyyə ixtisaslarından kolleclərə qəbul olunub subbakalavr kimi universitetlərə müraciət etmək həvəsi olanların artıq həvəsləri qursaqlarında qaldı. Yəni onların artıq həmin ixtisaslarda qəbul olunma ehtimalları, imkanları məhdudlaşdı. Qəbul ola bilməyəcəklər deyil, əlbəttə ki, ola bilərlər. Amma bu reallıqdır ki, məhdudlaşdı".
Həmsöhbətimiz düşünür ki, DİM son zamanlarda verdiyi qərarlarda həm ictimaiyyətin nəbzini tutmalı, həm ictimai, həm də təhsil mütəxəssisləri ilə görüş həyata keçirməlidir:
"Yəni qərar verildiyi təqdirdə, sadəcə özbaşına veriləcək bir qərar olmamalıdır. Ən azından təhsil ictimaiyyəti, təhsil mütəxəssisləri, təhsil ekspertləri, təhsildə irəli gələn qurumlarla müəyyən görüşlər həyata keçirilməli, ona görə qərar verilməlidir.
Bu gün kollecdə artıq universitetə subbakalavr kimi qəbul məhdudlaşdığı təqdirdə, sabah kollecə heç kim seçim etməyəcək və verilən plan yerləri boş qalacaq. Bu da, əlbəttə ki, arzuolunan deyil".
Aytəkin TOFİQQIZI