“Repetitorluq təhsili bazara çevirib”
Danılmaz faktdır ki, bir çox abituriyent ali təhsil müəssisələrinə qəbul olmaq üçün ya fərdi olaraq repetitor yanına, ya da hazırlıq kurslarına müraciət edir.
Bəs abituriyentlər daha yüksək nəticə göstərmək üçün fərdi olaraq repetitor yanına getməlidirlər, yoxsa hazırlıq kurslarına?
AzEdu.az açıqlama verən təhsil eksperti Elçin Əfəndi məsələyə münasibət bildirərək söyləyib ki, hazırlıq kursları abituriyentlər üçün daha əlverişlidir:
“Mən üstünlüyü hazırlıq kurslarına verirəm. Hazırkı vəziyyətdə, xüsusilə pandemiyadan sonra artıq repetitorluq fəaliyyəti olduqca genişləndi. Buna uyğun olaraq hər kəs istədiyi qiyməti təyin etdi. Bu gün təəssüflər olsun ki, 1 abituriyent müəyyən fənlər üzrə hazırlığa gedirsə, həmin ailə minimal 500-1000 manat xərc çəkir. Hətta bəzi ərazilərdə yaşayan ailələr var ki, 1500-2000 manat hazırlıqlara pul verirlər. Söhbət repetitor hazırlığından gedir. Bu gün repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin auditoriyasına baxsaq görərik ki, 15-20 abituriyenti hazırlaşdırırlar”.
Ekspert hazırlıq kurslarının üstün olduğunu qeyd etsə də, bunu hamısına şamil etməyib:
“Hazırlıq kursları hər ay imtahan keçirib uşaqların bilik və bacarıqlarını yoxlayır və onun üzərindən valideynlərə məlumat verir. Bu kurslarda valideyn iclası keçirilir və şagirdin davamiyyəti yoxlanılır. Gecikən, məsuliyyətsiz, dərslərə hazırlıqsız gələn şagirdlərlə bağlı dərhal valideynlərinə bildirilir. Amma təəssüflər olsun ki, bəzi repetitorluqla məşğul olan şəxslərin bu istiqamətdə məlumat vermədiyini görürük. Çünki bu informasiyanı verib uşağı itirmək istəmirlər.
Müəyyən hazırlıq kursları var ki, onlar abituriyent ali təhsil müəssisəsinə qəbul olana kimi onunla maraqlanır. İstər psixoloji cəhətdən, istərsə də maliyyə cəhətdən yardım edirlər. Yəni 6 fənn tədris olunursa, 200-250 manata bu fənnin tədrisini həyata keçirirlər. Amma elə repetitorlar var ki, 1 fənnə görə 250 manat pul istəyir.
Onu da qeyd etmək lazımdır ki, hazırlıq kurslarının əlavə üstünlüklərinin olmasını bütün kurslara aid edə bilmərik”.
Ekspertin sözlərinə görə, indiki dövrdə təhsil bazara çevrilib:
“Hazırlıq kurslarına nəzarət varsa, repetitorluğa nəzarət edən yoxdur. Nəzarətin olmaması da çox hallarda gözləntini doğrultmur. Baxırsan ki, valideyn yaxınlaşıb deyir ki, uşağım 3 ildir repetitor yanına gedir. Amma 150,160 və ya 200 bal toplayıb. Bu kimi məqamlar təəssüf ki, məhz həmin repetitorun keçdiyi dərslərin effektivliliyinin göstəricisidir. Amma elə repetitorlar da var ki, onlar bütün vicdanı ilə abituriyenti hazırlaşdırır. Onlar üçün müvafiq konsultasiyalar keçir, psixoloji hazırlaşdırır və ödənişdə güzəştlər edir. Həmin repetitorların hazırlaşdırdıqları abituriyentlər yaxşı nəticə göstərir”.
Nigar Nəcəfova