“Azərbaycanda rus dilində təhsili qadağan etməliyik...” – Keçmiş təhsil nazirindən açıqlama
Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri bu bölməni övladına dil öyrətmək sevdası ilə, digərləri isə rus bölməsində xüsusi nizam-intizam, səliqə-sahmanın olduğu fikrinə görə seçirlər. Amma rus bölməsinə olan bu maraq cəmiyyəti çox təhlükəli tendensiya ilə üz-üzə qoyur.
Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində ümumiyyətlə, bu əcnəbi dili bilən olmur. Hazırda aşağı siniflərin tədris proqramlarının kifayət qədər mürəkkəbləşdiyini nəzərə alsaq, şagirdin bilmədiyi, məlumatsız olduğu bir dildə ev tapşırıqlarını sərbəst şəkildə necə hazırlaması sual doğurur. Həmçinin onların oxuduğu sinifdə şagirdlərin 50 faizi rusdilli ailələrin uşaqları olduğundan, bəzən yoldaşları ilə münasibətlərində problem yarana bilir.
Məsələ ilə bağlı Gundem.az-a danışan türkoloq-alim, sabiq təhsil naziri Firudin Cəlilov bildirib ki, rus dilini öyrənmək lazımdır, ancaq bu dili ana dilindən üstün səviyyədə tutmaq bağışlanmaz bir günahdır:
“Mənim nəvələrim 3 yaşından 6 yaşına kimi məktəbə getmədən rus dilində danışıblar. Telefonda rus çizgi filmlərinə baxırdılar deyə özləri rus dilini biliblər, onları öyrədən yox idi. Nəinki rus, digər xarici dilləri öyrənməyin hansısa ziyanı yoxdur, lakin rus ya da ingilis dilində təhsil verməyi qadağan etmək lazımdır. Azərbaycanlı bir uşaq orta məktəbə gedirsə, o, bütün dərsləri ana dilində almalıdır. Özəlliklə ədəbiyyatı öz dilimizdə öyrənmək lazımdır. Orta məktəb proqramlarına rusdilli dərsləri əlavə edirlərsə, bu böyük bir səhvdir. Rusdilli məktəblərin sayını mütəq azaltmaq lazımdır!”.