"Məktəbli formaları podium üçün yox, uşaqlar üçün tikilir" - Buna qazanc kimi baxırlar...
Ölkəmizdə bir ildən artıqdır ki, məktəbli formasının necə olması məsələsi müzakirə olunur. Bu, artıq valideynlərin də, şagirdlərin də başağrısına çevirilib. Elə onlar təzə-təzə məktəbli forması ilə bağlı qərara alışırlar ki, başqası ortaya çıxır. Eskizlər hazırlanır və yenidən işlənir, onların üzərində o qədər işləyirlər ki, sanki təhsildə başqa problem yoxdur - əsas odur ki, şagirdlər nə geyinəcəklər.
Növbəti tədris ilindən Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni məktəbli forması tətbiq olunacaq. Bu formanın yeni görünüşü ictimaiyyətə təqdim edilib. Bir neçə rəngdən hansının seçiləcəyinə hər bir məktəbin Pedaqoji Şurası qərar verəcək.
Artıq məktəbli formalarının ümumi dizaynı hazırdır, onların tikilməsi üçün parça seçimi ilə bağlı hazırda danışıqlar aparılır. Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev AzTV-nin efirində deyib ki, ümumiyyətlə, formalar idman üslubunda hazırlanıb. Məktəblər bir dərs ili ərzində mərhələli şəkildə yeni formaya keçəcək. Yeni formanın qiyməti hələ təsdiqlənməyib. Dia.az xəbər verir ki, səkkizinci sinif şagirdinin anası Tamara Səlimova AYNA-ya açıqlamasında yeniliyə mənfi münasibət bəslədiyini söyləyib: “Bunun nə üçün lazım olduğunu başa düşə bilmirəm, çünki bizim təhsil sahəmizdə həll edilməli olan daha çox aktual məsələlər var. Bu, dərsliklərin keyfiyyəti və çaşqın, həddən artıq mürəkkəb məktəb proqramı və müəllimlərin peşəkarlığı, eləcə də bir sıra başqa problemlərdir”.
“Bir çox valideynlər (o cümlədən mən) uşaqlarının böyüməsini nəzərə alaraq geyim alırlar. Artıq iki il əvvəldən oğluma məktəb üçün yüksək keyfiyyətli ağ köynəklər almışam. İndi onları bir ildən sonra məktəbə geyinə bilməyəcəksiniz, tələblərə cavab verən yenilərini almalı olacaqsınız. Hər şey bahalaşır və hər bir qəpiyin əhəmiyyəti var, insanlar birtəhər dolanmağa çalışırlar və burada belə bir lazımsız israf ortaya çıxır”, - deyə həmsöhbətimiz bildirib.
Yeni formanın dizaynına gəlincə, valideynin bu barədə də bəzi şikayətləri var: “Müsbət cəhətlərdən biri qızlar üçün şalvar təqdim edilməsindədir, çünki qışda ətəkdə soyuq olur. Amma gödəkçə... Nə üçündür, axı hamı onsuz da öz üst paltarını geyinir. Yeni formanın keyfiyyəti məsələsi də həyəcanlandırmağa bilməz. Köynəklərdəki yaxalıq və manjetlər əsas parçadan rənginə görə fərqlənir. Parça bir rəngdədirsə, onu yumaq daha asandır, lakin köynəyin köhnəlməsi riski daha çoxdur və yenisini almalı olacaqsınız”.
“Ümumiyyətlə, ağ üst-qara alt variant həmişə universal hesab edilib. Nə üçün yeni bir şey icad edib valideynlərin həyatını çətinləşdirirlər? Axı indiki formanın dizaynı normaldır. Yaxşı olardı ki, indi istehsal olunan formada olan parçaların keyfiyyətini yaxşılaşdırsınlar. Əsasən sintetikdir və uşaqlar üçün təbii parçalara üstünlük verilsə yaxşı olardı”, - deyə Səlimova narazılığını ifadə edib.
Paytaxt sakini Səkinə Ağayevanın məktəbli olan üç qızı var və kiçik uşaqlar böyüklərindən sonra məktəbli forması geyinirlər. Ailə aztəminatlıdır, minimum əmək haqqı alır, əri qeyri-sabit gəlirə malikdir, ona görə də pul çatmır.
“Hesab edirəm ki, aztəminatlı ailələrə yeni forma pulsuz verilməlidir, çünki bu, bizim üçün böyük xərcdir”, - deyə o, əməkdaşımızla söhbətində qeyd edib.
Təhsil eksperti Səbinə Əliyeva hesab edir ki, hazırda məktəbli geyimlərinə bu qədər diqqət normaldır. “Təhsildə problemlər bitmir, orta məktəblərdə nizam-intizam isə elə məktəbli formasından başlayır. Ancaq əlbəttə ki, məktəblilərin böyüdüyü çoxuşaqlı, aztəminatlı ailələrin maraqlarını nəzərə almaq lazımdır. Onların bəziləri artıq gələcək üçün forma alıb. Ona görə də məncə, düzgündür ki, ilk vaxtlar məktəblilər həm köhnə, həm də yeni forma geyinmək imkanı əldə edirlər”, - deyə mütəxəssis AYNA-ya şərhində bildirib.
Onun sözlərinə görə, forma rahat, erqonomik olmalıdır: “Parçalar təbii olmalıdır, uşağın allergiyası ola biləcəyini nəzərə almaq lazımdır. Məktəbli formaları podium üçün yox, uşaqlar üçün tikilir ki, onlar özlərini rahat hiss etsinlər. Burada Britaniya məktəbləri və Azərbaycandakı Xabad məktəbi nümunə ola bilər”.
“Uşaqların formaları ilə fəxr etmələri və onları zövqlə geyinmələri vacibdir. Bəs niyə Təhsil Nazirliyinin icazəsi ilə onun üzərində Azərbaycan bayrağının təsvirindən istifadə etməyək? Vətənpərvərlik tərbiyəsi çox vacibdir, uşağa öz vətəni ilə fəxr etməyi kiçik yaşlarından aşılamaq lazımdır”, - deyə Əliyeva fikrini yekunlaşdırıb.
İnanmaq istərdik ki, nəhayət, məktəbli forması məsələsinə yağlı bir nöqtə qoyulacaq və forma uzun illər dəyişməz qalacaq. Amma buna inanmaq çətindir, çünki bəziləri üçün başağrısı olan, digərləri üçün sərfəli biznesdir.
Mənbə:My Webpage