Onlayn təhsilin qiymətləndirmə müəmması - İmtahanlarda kimlərə güzəşt ediləcək?
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin biliyinin qiymətləndirilməsi aparılacaq. Artıq orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə biliklərinin qiymətləndirilməsi üçün summativlərin keçiriləcəyi barədə valideynlərə məlumat verilib. Dünən, dekabrın 19-u saat 14:00-dan başlayaraq "Virtual məktəb"də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunub. Təhsil Nazirliyinin yaydığı məlumata görə, milli qiymətləndirmənin IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkili nəzərdə tutulub. Qiymətləndirmədə iştirak etmək üçün "Virtual məktəb" platformasında "Teams -> General" bölməsindən "Testlər" altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazım idi. Qiymətləndirmə prosesində:
- IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə);
- VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat);
- IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunub (qiymətləndirmənin müddəti – 3 saat).
İmtahan başlayandan sonra sosial şəbəkələrdə xeyli valideyn və şagird internetin yetərsizliyi, yaxud kəsilməsi və digər texniki problemlər səbəbindən imtahanın yarımçıq qalmasından şikayətlənib.
Qeyd edək ki, ali təhsildə də qış imtahan sessiyalarına hazırlıq başlayıb. Bəs görəsən, yeni tədris ilindən pandemiya səbəbindən təşkil olunan onlayn təhsilə qoşula bilməyən şagird və tələbələrə qiymətləndirmə zamanı hansı güzəştlər ediləcək?
Məsafədən təhsilə qoşula bilməyən şagird və tələbə kontingenti ilə yanaşı, onlayn təhsilin o qədər də keyfiyyətli olmadığını da nəzərə alsaq, proqramın mənimsənilməsində müəyyən çətinliklərin olduğu danılmazdır.
Ekspertlər hazırki şəraitdə həm şagirdlərə, həmçinin də tələbələrə müəyyən güzəştlərin edilməsinin vacib olduğunu söyləyirlər.
Professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə qiymətləndirilmənin aparılması ilə bağlı bir təcrübə yoxdur: "Belə bir pedaqoji təcrübə yoxdur. Çünki indiyədək koronavirus olmayıb ki, pedaqoqlar da bir təcrübə ilə çıxış etsinlər. Bununla bərabər, şagird və tələbələrin biliyinin qiymətləndirilməsinə ehtiyac var. Nazirlik də təhsilalanların biliyinin qiymətləndirilməsini tələb edir. Təbii ki, Nazirlikdə də mövcud vəziyyəti başa düşürlər. Ona görə də çox ciddi qiymətləndirmədən söhbət gedə bilməz. Onlayn təhsildə, sözsüz ki, təxmini qiymətləndirmə olacaq.
Dediyim kimi, təhsil və sağlamlıq bir dəyərdir. Biz bu dəyərlərin hamısına üstünlük verməliyik. Amma sağlamlıq bizim üçün daha öndədir. Təhsilalanların əyani təhsildən kənar qalmasının səbəbləri məlumdur. Bir tərəfdən pandemiya, bir tərəfdən müharibə təhsildə müəyyən problemlərə səbəb oldu. Ona görə də belə bir şəraitdə tələbə və şagirddən sərt şəkildə tələbkarlıq mümkün deyil. Sözsüz ki, təxmini qiymətləndirmə aparılacaq".
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da Sputnik Azərbaycan-a bildirib ki, təhsildə qiymətləndirmə vacibdir: "Məlum vəziyyətə görə təhsilalanların heç də hamısı bu onlayn təhsil prosesinə cəlb oluna bilmədi. Distant təhsilə keçidlə bağlı problem oldu. Amma nəzərə alaq ki, orta təhsil üzrə təhsil ancaq internet üzərindən olmadı. Teledərslər oldu, valideynlərə çağırış edildi ki, bu prosesə qoşulsunlar. Düzdür, internetlə bağlı problemlər var. Orta məktəb üçün bu problem çox da narahatedici səviyyədə deyildi. Amma ali təhsillə bağlı problem var idi. Qiymətləndirmənin mahiyyətində o durur ki, dərs proqramını şagirdlər nə dərəcədə mənimsəyiblər.
Bu, bir ölçmədir. Bunu cəzalandırma kimi başa düşmək, şagird və tələbələrin cəzalandırılması kimi qəbul etmək düzgün deyil. Çünki qiymətləndirilmənin buna görə keçirilməsi nəzərdə tutulmur. Bu qiymətləndirmə hansı məktəblərdə və hansı rayonlarda proqramın mənimsənməsinin vəziyyətini ortaya qoyacaq. Hansı kənddə, hansı məktəbdə şagirdlər dərsi mənimsəyə bilməyiblərsə, bunun üzərində gələcəkdə iş gedəcək. Bu baxımdan da qiymətləndirmə prosesi vacibdir. Bu prosesdən çəkinmək lazım deyil".
Ali məktəblərə gəlincə, imtahan sessiyalarında güzəştlər hər ali təhsil ocağının öz qərarından asılıdır. Azərbaycan Dillər Universitetindən bildirdilər ki, imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə qərarlar verilib. Universitetin mətbuat katibi Ağa Cəfərli bildirir ki, qış imtahan sessiyası müddətində maksimum güzəştlər tətbiq olunacaq:
"2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində keçən semestrlərdə olduğu kimi maksimum güzəştlər tətbiq olunacaq. Azərbaycan Dillər Universitetinin rəhbərliyi həmişə olduğu kimi, bu dəfə də tələbələrin yanındadır. Cəbhə bölgəsində yaşayan tələbələr, habelə digər bölgələrimizdə yaşayan bir sıra internet problemləri olan tələbələr üçün maksimum güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Dərs müddətində tələbənin imtahanqabağı topladığı bal 34 bala çatmırsa, o halda balın 34-ə çatdırılmasında universitet rəhbərliyi güzəşt tətbiq etməyi planlaşdırır.
Qayıb limitinin 50%-ə qaldırılmasını nəzərə alaraq, tələbə iştirak etmədiyi dərslərdə davamiyyətə görə balın çıxılması tələbələrin imtahanaqədər giriş ballarının differensiallaşdırılması məqsədilə, həmçinin də mövcud əsasnamənin müddəalarına uyğun hesab olunur. Lakin ölkə ərazisində olan mövcud vəziyyəti nəzərə alaraq, 50% qayıb limitini keçən tələbələr də imtahana buraxıla biləcəklər.
25% imtahanların ödəniş qaydası, təkrar imtahan verən tələbələrin təqaüdə iddialı olması, AR Nazirlər kabineti və Təhsil Nazirliyinin müvafiq əsasnamələrinə uyğun tənzim olunur. İmtahan prosesində bütün tələbələrin minimum 17 balla təmin olunması üçün universitet rəhbərliyi tərəfindən maksimum güzəştlər tətbiq olunacaq.
Keçən yaz semestrində və yay məktəbində olduğu kimi kəsirsiz imtahan sessiyası, yaranmış hər hansı bir neqativ hala qarşı tələbəyə fərdi yanaşma, problemin işçi qaydada həlli nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı Elmi Şurada müvafiq qərar qəbul olunub".
Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiyası "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası"nın təsdiq edilməsi barədə qərar verib. Qərara görə, I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir. İllik ballar və qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
Hər hansı fənn üzrə illik qiyməti "3" və ya "4" olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur: Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən, şagirdlərin sinifdən-sinfə keçirilməsi Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalarla tənzimlənir.
Onu da bildirək ki, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Məlumat üçün bildirək ki, ilk qiymətləndirmə Çində tətbiq olunub. 587-ci ildən bu ölkədə keçirilməyə başlanmış qiymətləndirmə "Çin imperiya imtahanları" adı ilə tanınırdı. Burada dövlət məmuru kimi çalışmaq üçün imtahandan keçmək lazım idi. Şifahi, sonralar həm də yazılı aparılan bu imtahanlar Çində 1905-ci ilədək davam edib. Avropada məktəblərin yarandığı ilk dövrlərdən şagirdlərin biliklərini ölçmək yolları haqqında düşünür və müxtəlif üsulları təcrübədən keçirirdilər. Əvvələr imtahanlar şifahi götürülürdü. Şagirdlər qoyulan suallara latın dilində cavab verirdilər və müəllim bu cavabları qiymətləndirirdi. İlk yazılı imtahanların tarixi isə 1792-ci ildə Kembric Universitetindən başlanır. Ümumiyyətlə, pedaqoji sahədə tədqiqatçılar qiymətləndirmə tarixini bir neçə mərhələyə bölürlər. Birinci Dünya müharibəsinə qədər olan dövrdə şagirdlərin bilikləri testlər vasitəsilə qiymətləndirilir və əsasən, fənlərin məzmununun mənimsənilməsinə diqqət yetirilirdi. XX əsrin əvvəllərindən başlayaraq təhsil sahəsində inkişaf meylləri gücləndikcə şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı yeni ideyalar meydana çıxırdı. Həmin dövrdə ABŞ-da "mütərəqqi təhsil ideyası" yarandı və tədricən digər ölkələrə də yayıldı. Pandemiya dövründə qiymətləndirmə ilə bağlı isə hər hansı geniş yayılmış bir təcrübə yoxdur.