"Mənim bacım məndən qəşəng olub. Mən sonradan qəşəngləşdim. Amma mənə gələn elçilər ondan çox idi. Səbəbi o idi ki, mən oxuyan idim" - o bu suala belə cavab verib.
Könül Kərimova müasir müğənnilər barədə nə düşünür?
"Biz Şövkət Ələkbərovanın, Niyazinin, Süleyman Ələsgərovun, İslam Rzayevin, Arif Babayevin, Canəli Əkbərovun qarşısında imtahan vermişik. Onda indiki kimi sms-lə seçilmirdilər. Ona görə də indi ortalıqda olanlar faciəvi təsir bağışlayır. Adlarını müğənni qoyublar, dilləri də nə boyda. Yox səsləri ilə bu gün səhnədə at oynadırlar. Deyir, utanmasan, oynamağa nə var? Onlar beşcə gün efirə çıxmasınlar, oxumasınlar, həmin dəqiqə də unudulacaqlar" - deyə o bildirib.
- Onu anası zorla ərə verib?
Bu suala müğənni belə cavab verib: "O, bizi kimə versəydi, getməliydik. Bizim ixtiyarımız yox idi onun sözündən çıxaq. Məni 21 yaşımda öz bacısı oğluna verdi. Mən də elə yeniyetməlikdən bilirdim ki, xalam oğluna gedəcəm. Sizə bir söz deyim, müğənnilik sənəti ilə bərabər mən ailə qurmağa da həvəsli idim. İstəyirdim çoxlu uşaqlarım olsun. Bunu arzulayırdım. O vaxtı mənim üçün fərqi yox idi, kimə ərə versəydilər, sakitcə gedəcəkdim. Tez ailə qurmağa can atırdım. Universiteti bitirəndən sonra ailə qurdum".
- Qayınanası müğənni olduğu üçün onu oğluna alıb?
Müğənninin dediyinə görə ona sırf bunun üçün elçi düşüblər:
"Bir-iki il səhnədən uzaq düşdüm. Çünki oğlum anadan olmuşdu. Getdim Ağcabədidə bir-iki ay qaldım, oğlum özünə gəldi. Bir gün qayınanam məni çağırdı, dedi, bala, o uşağı ya mənə ver, ya da anana, get sənətinlə məşğul ol. Səni biz elə belə almamışıq. Oxumağına, o gözəl səsinə görə almışıq. Niyə yatmısan? Uşaq böyüyəcək. Məni çığırda-çığırda uşağımdan ayırıb toya yolladılar"
- Könül Kərimova mahnı bəstələyib?
"Məhəbbət Kazımovla işləyəndə mənim özümün yazdığım mahnılar da oldu. Həmişə mənə zarafatla deyirdi ki, Üzeyirin nəvəsi, gəl bu mahnının filan yerini düzəlt. Onun özünün də musiqiləri vardı. Mən bu məsələni bir az gec açıqladım. Bəziləri inandı, bəziləri inanmadı. Qısqananlar da oldu ki, niyə bunları o vaxtı demirdin, indi deyirsən? "Qız, Allahın bəlasıdır gözlərin", "Təkcə mənim olaydın", "Laçınım" mahnılarının musiqilərini yazdım. Məhəbbətə qədər isə mən "Yar başına dönüm sənin" mahnısını yazmışdım", - deyə o bildirib.
- Məhəbbət Kazımovla duetləri niyə dağılıb?
"Çılğın adam idi, xasiyyəti o qədər də mülayim deyildi. Çətin xarakterli, ziddiyyətli idi. Amma məni qoruyurdu. İnan, ayrılmaq üçün aramızda ciddi heç bir səbəb olmadı. İstəyirdim, solo karyeramı qurum, buna görə incidi, elə bildi ki, məni kimlərsə öyrədir.
- Könül Kərimova Cabbar Musayevlə iş birliyini necə qiymətləndirir?
"Cabbar Musayevlə iş birliyinə başladığım gün elə bil, mənim üçün nəfəslik açıldı. Cabbar müəllimə qədər, elə bil, mənim həyatımda tutqun, soyuq hava idi. Ondan sonra Günəş doğdu. Cabbar Musayevlə mən səhnədə çox gücləndim. Ondan atalıq, qardaşlıq, dostluq gördüm, məni heç vaxt büdrəməyə qoymadı", - deyə o qeyd edib.
- Könül Kərimova özünü xoşbəxt qadın hesab edir?
"Yox. Mənə deyəndə ki, xoşbəxtsən? Donub qalıram. Həyatımı balalarıma qurban vermişəm" - şəklində cavablayıb bu sualı.
- Könül Kərimova bu gündən sonra sevə bilər?
Mən hər an sevə bilərəm, hər an. Sadəcə, o sevgidən qorxuram. Çünki sevəndə azad olmalısan. Sevəndə istədiyin kimi yaşamadınsa, o sevgi ölür. Mən kənardakılar üçün tək deyiləm. Ailəm, qohumlarım var. Onların mənə zillənən baxışları ki var, mən onlara baxıb istədiyim həyatı yaşaya bilmərəm. Bəzən susaraq mənə ünvanlanan suallara cavab verə bilmirəm.
- Könül Kərimova hansı mahnıda öz taleyini oxuyur?
"Nə yazıq bəndəyəm, nə yazıq bəndə". İnanın ki, o mahnını hər dəfə oxuyanda min dəfə ölürəm. Mənim ünvanım yoxdu. Ünvansız qadınam. O qapını tapa bilmirəm" desə də Könül Kərimova ölkənin ən varlı qadın müğənnilərindən biridir. Özünə ünvansız deyən müğənninin çox böyük villası var.