azia.az
azia.az

"TikTok"da siğə etdirən azərbaycanlı qadın – Şərif Ağayarın yazısı...

10-02-2022, 13:24

"TikTok"da siğə etdirən azərbaycanlı qadın – Şərif Ağayarın yazısı...

"TikTok"da siğə etdirən azərbaycanlı qadın – Şərif Ağayarın yazısı...



İllər öncə çinlilərin özünə xas "Youtube" layihəsi hazırlaması haqda bir materiala rast gəldim. Marağımı çəkdi. Tanış olandan sonra qısa bir məlumat hazırladım. Səhv etmirəmsə başlığı belə qoydum: “Çinlilər "YouTube"a meydan oxuyur”.
Səmimi deyim, qoyduğum başlığa özüm də inanmamışdım, lakin materialın məğzi doğrudan da bundan ibarət idi.
"YouTube" ağlagəlməz platformadır. Onun sayəsində postmodernizm dövrünün bir əfsanəvi faktı gerçəkləşdi: hamı rejissora, hamı aktyora, hamı aparıcıya, hamı reportyora çevrildi. Hər kəs çəkdi, montaj etdi, yaydı, istəyəndə canlı efir açıb minlərlə insana sözünü dedi.
Bunun qarşılığında çinlilər nə edə bilərdilər?
Bu resurs hardan idi onlarda?
Lap olsun, belə qısa vaxtda yutubla rəqabət apara bilərdilər?
Amma etdilər!
Həm də qısa bir zamanda.
Bəli, söhbət "TikTok" platformasından gedir...
İlk yarananda nə qədər tənqidi qarşılansa və xor görülsə də, "TikTok" internetin ən amansız həqiqətlərindən birinə çevrildi.
Belə baxanda hansı layihəyə ilk əvvəllər normal yanaşmışıq? "Facebook"la bağlı nələr danışmırdılar? Yadımdadır, belə bir ironik deyim də vardı: tərbiyəli qızın "Facebook"da nə işi var?
Ölkəmizdə hələ də bu qafada olan insanlara rast gəlirik.
"Instagram" onun kimi...
Hələ "Telegram"dan danışmıram.
Porno videoların tükənməz mənbəyi...
Razıyam, sosial şəbəkə istifadəçilərinin təsnifatını aparsaq, hansında hansı zümrəyə aid insanların daha çox olduğunu müşahidə edə bilərik. Lakin ümumilikdə bütün platformalar bir güzgüdür, nəyə baxmaq istəsən onu göstərəcək.
"TikTok"sa həm də bir labirintdir. Səni tutub saxlayır və çıxmağa qoymur. Virus kimi, lap elə omikron kimi yoluxdurmaq qabiliyyətinə malikdir.
"TikTok" həm də toplumun nə qədər ikiüzlü olduğunun canlı sübutudur. Ən çox tənqid olunan və etiraz doğuran videolar ən çox baxılandır. Hamı etiraz edir, əcəba baxan kimlərdir?
"TikTok" qızların-qadınların arxasına təpik vurub qaçan o sırtıq “kitay gədəsi”ndən tutmuş Tural Abbaslıya qədər ağlagəlməz mövzu və qəhrəmanları milyonlara ulaşdıran qəribə bir dünyadır.
Qeyri-adi müşahidə imkanıdır. Bir neçə dəqiqəlik, bəzən bir neçə saniyəlik həyat fraqmentləri mövzular üzrə sıralanıb tamaşaçıya növbəti təklifini edir. Hətta onun əvəzinə bir əl ekranı ehmalca yuxarı sürüşdürür.
Cihazlara yüklənib digər sosial hesablarla paylanmaq imkanını da nəzərə alsaq, ona epidemiya yox, pandemiya deməliyik. Lakin bütün bu imkanları yalnız tənqidi gözdə görmək doğru deyil.
Biz kitabı, ciddi musiqini, mütərəqqi hadisələri də "TikTok"a daşıya bilərik və bilirik.
Onun nə göstərməsi əsas deyil, bizim nə görmək istəməyimizdir!
Bu yaxınlarda mənə "TikTok"dan bir səs yazısı atmışdılar. Gülməkdən gözləri yaşaran smayliklərlə bəzənmiş materialda azərbaycanlı qadın siğə etdirmək üçün din adamı ilə söhbət edirdi.
Qadın utancaq səslə ərinin öldüyünü, tənhalıqdan əzab çəkdiyini, yaxından tanıdığı, güvəndiyi bir kişi ilə ünsiyyət qurmaq istədiyini söyləyirdi. Sadəcə, bir müsəlman kimi qəlbən rahat olmaq, günah iş görmədiyinə əmin olmaq idi məsələ.
Allahüçünə, din adamı onu aşağılamır, sadəcə bəzi artıq suallar verirdi.
Qadının səsindəki məsumluq və acizlik ürək parçalayırdı.
O, öz təbii hisslərini, öz qadınlığını yaşamaq üçün təkcə yerdəkilərdən deyil, həm də göydəkindən çəkinirdi. Və ağlına gəlmirdi ki, bu səmimi qorxusunu dilə gətirər-gətirməz ona pisliklərin ən böyüyünü edəcəklər.
Səsini yayacaqlar!
Bir neçə dəqiqəlik əyləncə naminə həyatını alt-üst etməyi gözə alacaqlar.
Onu dinləyə-dinləyə ürəyimdən bircə arzu keçdi. Səs hərlənib-fırlanıb onun özünün və qohumlarının əlinə keçməsin...
Bəlkə, keçib də, ehtimal olunan faciə yaşanıb da!
...Əl boyda mexanizm bir-iki dəqiqəlik materialla Azərbaycan qadınının romanlara sığmayan faciəsini göstərdi mənə.
"TikTok"un belə işləri də var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi