azia.az
azia.az

Tələbələrin ölümünə səbəb olmuş avtobus qanunsuz fəaliyyət göstərirmiş – Rəsmi

9-03-2017, 15:50

Tələbələrin ölümünə səbəb olmuş avtobus qanunsuz fəaliyyət göstərirmiş – Rəsmi


Bakı-Sumqayıt yolunda dəhşətli qəzaya səbəb olan mikroavtobusun qanunsuz şəkildə fəaliyyət göstərdiyi məlum olub.

Bu barədə Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı məlumat verib. Xidmət əməkdaşı bildirib ki, həmin mikroavtobuslara verilən lisenziyalar çoxdan ləğv olunub:

“Biz həmin avtobuslara lisenziya verirdik, lakin o lisenziyalar çoxdan ləğv olunub. Yəni həmin mikroavtobus qanunsuz fəaliyyət göstərib”.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev də sözügedən mikroavtobusun heç bir marşrut xətti üzrə qeydiyyatda olmadığını deyib.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov BakiPost.az-a açıqlamasında qanunsuz olaraq marşrut xəttinə çıxan avtobusun tutumundan artıq sərnişin daşıdığını bildirib:

“Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi edirlər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13-15 nəfərlik buraxır. Amma düzürlər oturacaqları və 18-20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Belə olan halda qəzanın fəsadları da minimuma enər”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusu yük maşınına çırpılıb. Qəza nəticəsində 5 tələbə həlak olub, 20-dən çox adam xəsarət alıb. Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş “Ford Transit” markalı mikroavtobusda 28 sərnişinin olmasıdır.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda 28 nəfər olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi