Vallah bu camaat elə bir işarəyə bənddi ki, gözə-könülə xoş gəlməyən əməllərinə, qınaq obyektinə çevrilə biləcək hərəkətlərinə haqq qazandırmaq üçün kimlərisə günahlandırsınlar, üzrü günahından da betər səbəblər, səbəbkarlar tapsınlar. Əksər hallarda da günahlar yazılır “dövran və ya dövrü zaman”ın ayağına, dilsiz-ağızsız olduğu üçünsə binəva dövrana da bütün iddiaları susaraq dinləməkdən başqa çıxış yolu qalmır. Halbuki dövran köhnə dövrandı, vədinə sadiqdir, dəyişən və onu da dəyişdirməyə cəhd edən isə o dövrün insanlarıdır. Elə həmin dövrü zaman da nə günümüzdə həyatımızın bir hissəsinə çevrilən medyaya, nə də orda yayımlananlara cavabdeh deyil. Bu yaxınlarda efirlərdə nümayiş olunan verilişlərin cəmiyyətdə gedən qızğın müzakirələri məni də televizor önünə keçərək yerli telekanallara kiçik bir səyahət etməyə məcbur etdi. Lakin seyr etdiklərim nə qədər acınacaqlı olsa da bu dövranın deyil birbaşa insanların günahıdır. Sanki bütün telekanallar bir şablon, bir sxem üzərində qurulub, sadəcə aparıçılar, tezliklər ayrıdır. Yəni səhər yemək saatı, günorta həkimlərlə məsləhətləşirik, axşam ailə dramları və gün yekunu bayağı musiqilər, vəssalam. Bu millətin sən demə yeməkdən və bu yediklərinin orqanizmlərində yarada biləcəyi xəstəliklərdən başqa dərdi yoxmuş. Üstəlikdə günlərlə öz taleyini unudub, 15 yaşında ailə qurub dağıtmağı çatdıranlar, övlad axtaranlar, evdən qaçanların taleyi və aqibəti ilə yatıb-duran insanlar varmış.
Görəsən illər öncə televiziya olmadığı zamanlarda bu məsələlər necə həll olunurdu, ailələri, küsülüləri kim barışdırırdı, itənləri kim tapırdı? Bir çox nəsillərin ağsaqqal, ağbirçəkləri öz səlahiyyətlərini, mövqelərini niyə itirdilər ki, indi teleaparıcılar, yad insanlar onların vəzifələrini yerinə yetirir, həftənin 5 günü yığışıb kimlərəsə ağıl verirlər. Günün sonunda ayrılan showtime zamanında isə heç kimin tanımadığı, çox bəsit musiqilərlə şou biznes aləminə inteqrasiya etməyə çəhd edənlər, bir birinə söz ataraq məşhurlaşmağa çalışanlar cövlan edir, üstəlikdə ailə dramlarından sonra bayağı musuqi dinləməyin də bir başqa ləzzəti var. Çox maraqlıdır, öncə falçılar, indi bayağı mügənnilər, həkimlər, görəsən bir müddət sonra telekanallar kimi reklam edəcəklər, mollaları? Verilişlərə vizual səyahətim nəticəsində bir müşahidəm isə məni lap məyus etdi. Bu qədər telekanallar, imkanlar daxilində cənclər, məktəblilər üçün maarifləndirici, onların bir fərd olaraq düzgün formalaşmasına, cəmiyyətə inteqrasiya etdikdə içtimai mühitə tez uygunlaşmalarına istiqamət verəcək, nəinki bir proqram heç bir reklam çarxına belə rastlamadım. Halbuki bir çoxlarının bəyənmədiyi sovetlər dönəmində məktəblilərin maariflənməsi üçün debatlar, müzakirələr, tövsiyyələr dolu verilişilər hazırlanırdı, biz necə tərbiyəvi filmlər, kinokomediyalarla böyümüşdük.
Bəlkə də bir çoxları hər gün izlədiyi teleməkanın əslində 3 güclü təsirə maarifləndirici, psixoloji, tərbiyəvi effektə malik olduğundan xəbərsizdir. Efir məkanları arabir də olsa maarifləndirmə funksiyasına da riayət etsəydi bugün məktəblilər arasında evdən qaçma, kütləvi davalar, hətta Sumqayıt məktəblərindən birində olduğu kimi bıçaqlanma halları olmazdı.Amma biz əsas funkisiyaları unudub gücü yönəldmişik reklama, şouya, reytinqə, xüsusəndə həkimlərin reklamına. Halbuki yaxşı həkimin reklama ehtiyacı yoxdur, lakin dövlət xəstəxanalarında olan hərc mərcliklərə isə aydınlıq gətirməyə ehtiyac var. Paralel olaraq özəl klinikalarda da işləyən həkimlərin, dövlət yönlü xəstəxanalara gələn xəstələri orda müayinə etməyərək pula görə işlədikləri özəl klinikalara yönəltmək halları mütləq işıqlandırılmalıdır. Onların bu hərəkəti bəzi müəllimlərin şagirdlərə dərs keçməyərək “yanıma hazırlığa gəl başa salım” mövzusunu xatırladır. Gənclər, yeniyetmələr sanki hər kəsin baxış bucağından kənarda qalır, məktəblərdəki tədris səviyyəsilə bağlı biabırçı vəziyyət isə göz qabagındadır. Bəlkə də müşahidə etmisiniz son zamanlar apteklər kimi hazırlıq kursları da sanki saatbasaat artır.
Əgər məktəblərdə də bu kurslarla eyni fənnlər tədris olunursa görəsən bu hazırlıq kurslarına nə ehtiyac var? Görünür yerlərdə direktorların və təhsil şöbələrinin müdirlərini etinasızlığı, orta məktəb müəllimlərindən vəzifələrini layiqincə yerinə yetirmələrini tələb etməmələri bu cür kursların artmasına zəmin yaradır. Hətta Sumqayıt şəhərində məktəb daxilində hazırlıq kurslarının fəaliyyətinə icazə verən məktəb direktorları belə var. Müəllim, məktəb anlayışı bugün əfsus ki ilkin təyinatından çox uzaqlaşıb və nə yazıq ki ucuzlaşıb.
Sovet dövründə əlaçı şagirdlərin daha da həvəsləndirilməsi üçün oxuduğu məktəbin müəllim heyəti onun evinə qonaq gedib, zəhmətinin qiymətləndirildiyini nümayiş etdirməyə çalışırdılarsa, indiki dövrdə müəllimlər öyrənmək istəyən uşaqlara da sanki başqa planetdən gəlmiş kimi baxırlar, fənn müəllimin deyil başqa müəllim yanına hazırlığa gedən uşaqları isə alman düşərgəsindən heç də geri qalmayan cəza tədbirləri gözləyir. Ucuz reklamlar, pul qazanmaq həvəsi istər ailədə, istər cəmiyyətdə o qədər gözümüzü tutub ki, bəşəriyyətin gələcək aqibətini də unutmuşuq. Əgər bugünki gənclər,yeniyetmələr cəmiyyətimizin gələcəyinin təyinatıdırsa bu gedişlə 10 il sonrakı aqibətimizin necə olacağını təxmin etmək üçün görücü olmağa ehtiyac yoxdur, proqnozlar isə nikbin deyil.
ELÇİN ŞÜKÜR