ANS-in bağlanmasından 6 ay ötdü
Yanvarın 18-də ANS-in qapadılmasının 6 ayı tamam olur
Bu müddət ərzində keçirilən məhkəmə prosesləri nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib.
Ötən 6 ay ərzində ANS-in əməkdaşlarının da bir qismi digər kanallarda işə düzəliblər. Lakin əksər əməkdaşların kanalın fəaliyyətinin bərpa olunacağı ümidi ilə gözlədiyi bildirilir.
“Yeni Müsavat”a danışan ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri olmuş Mais Məmmədov isə bildirib ki, kanalın açılması ilə bağlı heç bir xəbər yoxdur:
“Əgər xəbər olsaydı bunu deməzdim, sevincimdən qışqırardım. Ancaq təəssüf ki, hələ ki hər hansı bir xəbər yoxdur. Kanalın əməkdaşlarından da bəziləri digər yerlərdə işə düzəliblər, bir qismi isə gözləyirlər. Başqa kanallara gedənləri də anlayırıq. Çünki onların da maddi ehtiyacları, kreditləri var. Təbii ki, kanal açılarsa, həmin şəxslər geri qayıdacaqlar. Çünki ANS-in doğma kollektivi uzun müddət idi ki, bir arada çalışırdı və bizi bir mənəvi bağ da birləşdirirdi. Ümid edirik ki, ANS-in efiri bərpa olunacaq”.
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Həmin zamandan etibarən kanalın fəaliyyəti dayandırılıb.