azia.az
azia.az

Mirşahin xəstəliyindən danışdı

23-11-2016, 10:14

Mirşahin xəstəliyindən danışdı
“İnşallah, 3-4 günə Bakıya qayıdacağam”

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayevin Azərbaycanı tərk etməsi haqda yayılan xəbərlərin ardından onun əməliyyat keçirməsi xəbəri yayılıb.

Mirşahin Ağayevin yaxınlarından əldə etdiyimiz məlumata görə, əməliyyatdan sonra onun vəziyyəti normaldır.

“Bakıya nə vaxt qayıdacağı məlum deyil. Hər şey vəziyyətinin düzəlməsindən asılıdır Mirşahinin səhhətində çoxdan problemlər var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub” - mənbə bildirib. Adının çəkilməsini istəməyən şəxs bildirdi ki, Mirşahin Ağayev onkoloji problemə görə əməliyyat keçirib.

Mirşahin Ağayevin özü ilə də əlaqə saxlamağa çalışdıq. O isə danışmaq istəmədiyini bildirərək, Mais Məmmədovla əlaqə saxlamağımızı tövsiyə etdi. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mirşahin Ağayevin Azərbaycandan köçməsi ilə bağlı xəbər yalandır: “Mirşahin Türkiyəyə əməliyyat üçün gedib, şənbə günü əməliyyat olunub. Həmin saytlar yalan yazırlar, yaxşı ki, Mirşahinin Amerikaya qaçdığını yazmayıblar, Trampın yanına... Bunu da yaza bilərdilər. Mən bu yalan informasiyaların səbəbini bilmirəm. Axı belə deyil. Biz açıqlama vermişik ki, yayılan informasiyalar şayiədir”.

M. Məmmədov onu da bildirdi ki, Mirşahin Ağayev mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur: “Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Lakin onkoloji problemin olması ilə bağlı xəbərlər yalandır. Onkoloji xəstəlik yoxdur. Min şükür olsun ki, yoxdur. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”.

Mais Məmmədov Mirşahinin əməliyyat üçün niyə məhz Türkiyəni seçməsi ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, o çox zaman müalicəsini Türkiyədə alıb, bu dəfə də eyni həkimlərə üz tutub: “Onun müalicəsini Türkiyədəki həkimlər ediblər. Daha əvvəl də 3-4 dəfə gedib. Bu dəfə də əməliyyat üçün oraya gedib. Biz də onun qayıtmasını gözləyirik. O özü də dilxordur, hər gün 3-4 dəfə zəng edib şirkətlə bağlı buradakı vəziyyəti soruşur. Həkimlər icazə verən kimi qayıdacaq”.

Mais Məmmədov ANS-in yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərlərə də münasibət bildirdi: “Mən bilmirəm və dəqiq heç nə deyə bilmərəm. Hələ ki mən bu şad xəbəri eşitməmişəm. Biz də çalışırıq, Allaha yalvarırıq, prezidentimizdən xahiş edirik ki, ANS yenidən fəaliyyətə başlasın. Baxaq, görək necə olacaq. İnanırıq ki, Allah üzümüzə baxacaq və bu şad xəbəri eşidəcəyik”.

Əlavə edək ki, ANS prezidenti Vahid Mustafayev Mirşahin Ağyaevin xəstəxana palatasında çəkilmiş videoçıxışını öz səhifəsində yerləşdirib. Vahid Mustafayevin paylaşdığı video aşağıdakı cümlələrlə müşayiət olunub: “Bu gün (dünən-red.) Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mirşahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mirşahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda bele hay-küy olmamışdı. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Muayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir.

Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi videoismarışı paylaşıram".

Videoda Mirşahin öz xəstəliyindən danışır və “İnşallah, 3-4-günə Bakıya qayıdacağını” deyir. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi