azia.az
azia.az

“İntiharları araşdıran qurum yaradılmalıdır”

6-01-2017, 10:09

“İntiharları araşdıran qurum yaradılmalıdır”
Ekspertlər ilk növbədə suisidlərin səbəblərini araşdırmağı zəruri sayırlar

Azərbaycanda intiharların sayı durmadan artmaqdadır. Rəsmi statistikalardan da məlum olur ki, hər gün ən azı 1-2 nəfər intihar edir. Təkcə bu ilin yanvar ayının ilk günlərində ölkənin paytaxt və regionlarında çoxsaylı intihar hadisələri baş verib. Onların arasında gənci də, yaşlısı, qocası da var.

İntihar səbəblərinə gəldikdə isə bəzən bu səbəblərin çox kiçik və sadə, həll edilə bilən problemlərdən qaynaqlandığını görürük. Psixoloqlar isə qeyd edir ki, üzdə olan intihar səbəbi əksər hallarda əsl səbəb olmur, onu yaradan digər nüanslar var.

Bu mövzuda söhbət etdiyimiz psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında intiharları yaradan müxtəlif səbəblər olduğunu, onları araşdıran xüsusi bir qurumun yaradılmasına böyük ehtiyac olduğunu bildirdi: “Bəli, bu gün intiharların sayı çoxdur. Həyatda baş verən hər bir hadisə intihara gətirib çıxarda bilər. Sadəcə, möhkəm psixoloji müqavimət göstərə bilən insan hansısa səbəbdən intihara əl atmır, amma digəri özünə qəsd edir. Məsələn, ilk məhəbbət intiharları az deyil. Ancaq o demək deyil ki, bütün eşq-məhəbbətlə qarşılaşan insanlar intihara əl atır. İmtahandan kəsilən yüz nəfərdən biri intihar edir və sairə. Yəni bunlar təkcə görünən səbəb deyil. Deməli, arxada nəsə var. İntiharı yaradan kompleks səbəblər olur, axırıncı xırda səbəbi isə əsas səbəb kimi görürük. Ona görə qeyd edirəm ki, bütün bunları araşdırmaq lazımdır. İnsanlar arasında region, cins, yaş və digər sairə məsələlərlə bağlı fərqlər var. Hətta intiharların formaları arasında fərqlər mövcuddur”.

Psixoloqa görə, bunların hamısını dəqiqləşdirmək, araşdırmaq lazımdır: “Bu gün ancaq subyektiv deyə bilərik ki, intiharların sayı çoxalıb. Amma hansı yaş, cins qruplarında, rayonlar arasında necə baş verir, bunu deyə bilmərik. Bu məlumatı araşdırsaq konkret risk qruplara qarşı tədbirlər həyata keçirə bilərik, məsləhətlər edilə bilər. Gənclər və İdman, Səhiyyə nazirliklərinə, hansısa ayrı-ayrı qurumlara məsləhətlər verə bilərik ki, bu yaş qrupunda təhlükə var və bununla bağlı filan məsləhətlərə ehtiyac var”.

Psixoloqun sözlərinə görə, hələ keçmiş SSRİ-nin Səhiyyə Nazirliyinin tərkibində İntihar Araşdırma Mərkəzi mövcud olub. Həmin mərkəzdə psixoloqlar, psixiatrlar, hüquqşünaslar araşdırmalarla məşğul olublar: “Hazırda Qərb ölkələrində belə qurumlar var. Onlardan kimi qeyri-hökumət təşkilatları kimi, kimisi psixoloqların tərkibində və yaxud dövlətə məxsus mərkəzlərdə fəaliyyət göstərir. O demək deyil ki, bu, hansısa bir qurum olsun. Bir neçə təşkilat birləşib lazımi araşdırma işini birgə aparmalıdırlar. Burda hüquqşünaslar, psixoloqlar, müəllimlər, həkimlər və bir neçə peşə adamları birləşib birgə tədbirlər hazırlamalıdırlar”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu belə bir qurumun yaradılması ilə bağlı artıq təkliflər hazırlandığını bildirdi: “Həm intiharlar, həm də zorakılıqlar çoxalıb. Baxmayaraq ki, qanunla qəbul edilib, amma kişilər öz arvadlarını öldürür, eyni zamanda əksinə, qadınlar kişiləri öldürür, intiharlar olur. Bununla bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi dekabrın 28-də dəyirmi masa keçirdi. Orda bütün hüquq müdafiəçiləri və qadın təşkilatları yığışmışdı. Təkliflərimizi verdik ki, bu cür məsələlərin monitorinqini aparmaq lazımdır ki, kim cavabdehdir. İntiharlara səbəb doğrudan da daha çox sosial vəziyyətdirmi, yoxsa başqa dəyişikliklər var? Axıra qədər bunu araşdıran yoxdur ki, bu problemin kökündə nə durur. Psixoloq və hüquq müdafiəçilərindən ibarət qurum yaratmaq, birgə analiz aparılmalı, monitorinqlər keçirilməlidir. Bu işin axırına çıxmaq lazımdır ki, niyə intiharlar artır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi