Nazirlər Kabinetinin buraxılacağı xəbərinə reaksiyalar
Müxalif partiya sədrindən “İslahat olarsa, dəstək verəcəyik” bəyanatı
Prezident İlham Əliyevin yanvarda keçirəcəyi müşavirədə Nazirlər Kabinetini buraxacağı ehtimalı barədə məlumat vermişdik. Xəbərdə deyilirdi ki, yeni formalaşdırılacaq Nazirlər Kabinetində köhnələrin əksəriyyəti, hətta bir neçə “açar” nazirlər yer almaya bilər.
Bildirilir ki, prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var. Xəbərlərdə qeyd edilir ki, Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərinin ləğv ediləcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.
Bu barədə deyilənlərə cəmiyyətdən reaksiyalar gəlməkdədir.
Deputat Vahid Əhmədov bildirib ki, 12 sahədə strateji “yol xəritələri” ilə bağlı struktur islahatlar gözlənilir. Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı da bu məsələ ilə bağlı çıxışlar olub. Nazirlər Kabinetinin buraxılması məsələsi birbaşa ölkə başçısının sərəncamında olan məsələdir: “Prezidentin qərarından asılı olaraq Nazirlər Kabineti buraxıla da bilər, saxlanıla da bilər”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, prezident xeyli vaxt idi mövcud komanda ilə vəziyyəti düzəltməyə cəhdlər edirdi. Lakin artıq belə görünür ki, bu Nazirlər Kabineti ilə vəziyyəti düzəltmək, istənilən nəticəni almaq mümkün deyil. Ona görə də ola bilsin ki, hökuməti yeniləmək məsələsi gündəmə gələ bilər:
“Əgər dövlət başçısı radikal reformalara başlayacaqsa, buna yalnız sevinmək olar. Yeri gələrsə, dəstək də vermək lazımdır. Çünki islahatlar olmasa Azərbaycan ciddi sosial kataklizmlərlə üz-üzə qala bilər. Belə vəziyyət isə bütövlükdə dövlətin zərərinə ola bilər. Ona görə də çalışmaq lazımdır ki, ölkənin xaosa yuvarlanmasının qarşısı alınsın. Yanlış, arzu olunmayan istiqamətdən qurtulmanın yeganə yolu ballasta çevrilmiş Nazirlər Kabinetindən xilas olmaqdır. Eyni zamanda cəmiyyətin siyasi konsolidasiyası yolunda da addım atılmalıdır. Hesab edirəm ki, hakimiyyət, onun lideri İlham Əliyev situasiyaya adekvat addımlara gedəcəksə, cəmiyyətdən, xüsusilə siyasi kəsimin məsuliyyətli hissəsindən ona köməklik göstəriləcək, dəstək gələcək. Bu, yeni ildə Azərbaycan xalqı üçün ən böyük hədiyyə və müjdə ola bilər”.