azia.az
azia.az

Baş nazir vəzifəsinin ləğvi istənilir

29-08-2016, 09:28

Baş nazir vəzifəsinin ləğvi istənilir
“Prezidentli respublika quruluşunda icra hakimiyyətinin başçısı prezidentdir, baş nazirə ehtiyac yoxdur”

Referendumdan sonra Nazirlər Kabinetinin taleyi ilə bağlı müxtəlif fikirlər irəli sürülür.

Nazirlər Kabinetinin ASAN xidmət modelinə keçəcəyi barədə də fikirlər bildirilir. Belə hesab edilir ki, hökumətin Azərbaycanda sınaqdan çıxmış və çox uğurlu model kimi hətta dünya ölkələrinin də nümunə kimi göstərdiyi ASAN xidmət modelinə keçməsi çox ciddi hadisə ola və effekt verə bilər.

Siyasi partiya sədrləri isə hesab edir ki, ilk növbədə demokratik islahatlara keçilməlidir. ASAN modelinə keçmək müsbət addım olardı, ancaq bunun üçün konstitusiyada Nazirlər Kabinetinin idarəçiliyi ilə bağlı dəyişikliklər olmalıdır.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, prezidentli respublika quruluşunda icra hakimiyyətinin başçısı prezidentdir, baş nazirə ehtiyac yoxdur, bütün hökumətin fəaliyyətinə görə də prezident cavabdehlik daşıyır: “SSRİ-nin son illərində idarəetmə sisteminə əlavə edilən Nazirlər Sovetinin sədri-baş nazir vəzifəsi hələ də Azərbaycanda formal olaraq saxlanılır ki, Nazirlər Kabinetinin fəaliyyətinə görə ölkənin birinci şəxsi birbaşa məsuliyyət daşımasın. Azərbaycanda hazırda elədir ki, baş nazirin, hətta Nazirlər Kabinetinin bütövlükdə dəyişməsi belə, vəziyyəti ciddi dəyişməyəcək. Dəyişiklik hələ demokratik islahatlar demək deyil. Demokratik islahatlar olmadan heç bir struktur dəyişikliyi ciddi müsbət effekt verməz. Dünya təcrübəsi də bunu deyir. Ölkədə vitse-prezident institutu tətbiq olunandan sonra onsuz da görünməz olan baş nazir daha da görünməz hala gələcək, eyni zamanda Prezident Administrasiyası rəhbərinin funksiyası azalacaq”.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, baş nazir yalnız parlamentli respublika üsul-idarəçiliyi olan ölkələrdə olur. Prezident üsul-idarəçiliyi olan ölkələrdə baş nazir vəzifəsi deyilən vəzifə yoxdur. Azərbaycanda illərdir qəribə vəziyyətdir-Konstitusiya ilə ölkə prezident üsul-idarəçiliyi olan ölkədir, lakin ölkədə baş nazir var: “İndi 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyada birinci vitse-prezident, vitse-prezident məsələsi də əksini tapacaq. Ancaq bu da baş nazir postunun ləğvi demək deyil, çünki baş nazir postunun və Nazirlər Kabinetinin ləğvi məsələsi referendum aktında əksini tapmır. Beləliklə 26 sentyabrdan sonra da Azərbaycanda baş nazir vəzifəsi qalacaq, Nazirlər Kabineti fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin ASAN xidmət modelinə keçidi məsələsinə gəlincə, bu mümkün deyil. Nazirlər Kabineti ali icranı həyata keçirən bir strukturdur. İndiki halda ali icra hakimiyyətinin başçısı ölkə prezidenti olduğu üçün Nazirlər Kabineti prezidentə tabedir. Prezidentə tabe olduğu üçün də əslində baş nazir vəzifəsi ləğv olunmalıdır. Baş nazir vəzifəsinin ləğv olunması isə bütövlükdə Azərbaycanda idarəetmə sisteminin dəyişdirilməsini tələb edir. Nazirlər Kabinetinin hansı şəkildə idarəçiliyi, hansısa modelə keçməsi üçün Konstitusiyada dəyişikliklər olmalıdır. 26 sentyabrda keçiriləcək referenduma çıxarılan sənəddə isə belə dəyişiklik nəzərdə tutulmur. Konstitusiyada Nazirlər Kabinetinin səlahiyyət və vəzifələri aydın şəkildə əksini tapır. Konstitusiya dəyişikliyi edilmədən buna müdaxilə edib hansısa dəyişikliklər edilməsi Konstitusiya pozuntusu olar. Hansı ölkələrdə vitse-prezident varsa, baş nazir vəzifəsini əslində o həyata keçirir.

Azərbaycanda keçiriləcək referenduma isə vitse-prezidentlik institutunun yaradılması məsələsi çıxarılır, amma baş nazir vəzifəsi də saxlanılır. Bu isə idarəetmədə səlahiyyət, məsuliyyət məsələsində bir qarmaqarışıq vəziyyət yaradacaq. Vitse-prezidentlik institutu tətbiq olunursa, baş nazir vəzifəsinə ehtiyac qalmır. Gəlin baxaq görək, vitse-prezident institutu olan ABŞ-da baş nazir vəzifəsi var? Yoxdur”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi