azia.az
azia.az

Ölkədə türmələrin sayı niyə artır?

14-12-2016, 10:53

Ölkədə türmələrin sayı niyə artır?
Ekspert: “Regionlarda cəzaçəkmə müəssisələrinin tikilməsi müsbət hal olsa da, ümumilikdə cəzaların sərtliyi problemi var; bu gedişlə yeni tikilən türmələri də ağzına qədər dolduracaqlar”

Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycanın müxtəlif bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikildiyini açıqlayıb.

General-mayor deyib ki, yeni cəzaçəkmə müəssisələri Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər ərazilərdə tikilir.


“Cəzaçəkmə müəssisələrinin müxtəlif regionlarda olması onunla bağlıdır ki, vətəndaşlar yaxınlarının yanına gedəndə əziyyət çəkməsinlər. Cəzaçəkmə müəssisələrindəki şərait yüksək səviyyədədir və mütəmadi olaraq məhkumların saxlanma şəraiti yaxşılaşdırılır. Onların televizora baxmaq, telefonla danışmaq hüquqları tam təmin olunur” - deyə, H.Əlixanov bildirib.

General-mayorun söylədiklərində həqiqət var və regionlarda yeni cəzaçəkmə müəssisələrinin tikilməsi yaxınları həbsdə olan vətəndaşların qayğılarının az bir qismini də olsa yüngülləşdirir. Amma məsələnin bu tərəfi də var ki, Azərbaycanda məhkum edilmiş şəxslərin sayı durmadan artır. Bu gün ölkədə bütün cəzaçəkmə və istintaq təcridxanalarında saxlanılan, məhkum edilmiş şəxslərin sayı 24 minə qədərdir. Bu qədər insan Azərbaycanda indiyə qədər həbs yerlərində olmayıb. Digər tərəfdən də cəzaçəkmə yerlərində məhkumların çox sıx şəkildə yerləşdirilməsi problemi də yaşanmaqdadır. 4 nəfərlik kamerada 8, hətta 10 nəfərin yerləşdirilməsi haqda xəbərlər də ara-sıra mətbuatda yer alır.


2016-cı ilin aprel ayında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təşkil olunmuş “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” adlı dəyirmi masada çıxış edən deputat Çingiz Qənizadə bildirmişdi ki, bir məhkumun cəzaçəkmə müəssisəsində saxlanmasının bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində büdcədən 80 milyon manatın ayrılması deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycanda məhkumların sayı 16-17 minə yaxın idi. Bu rəqəmi 2013-cü ilin mayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov açıqlamışdı.

“Hakimlər 3 il cəza ilə həbs yerində qalmalı şəxsə 7 il cəza təyin edib türmələrdə sıxlığın yaranmasına yol açırlar”

Müəssisələrin tikilməsi sıxlığın aradan qaldırılması baxımından da müsbət hal kimi qarşılana bilər. Amma məsələ bundadır ki, Azərbaycan Cinayət Məcələsinin ildən-ilə sərtləşməsi də məhkumların sayında özünü göstərir. Bu həm də hazırkı iqtisadi böhran dövründə büdcədən məhkumların saxlanılması üçün hər il ayrılan 80 milyon manatın artırılmasını zəruri edir.

Vəziyyəti dəyərləndirən “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış regionlarda cəzaçəkmə müəssisələrinin tikilməsini müsbət hal adlandırıb. Deyib ki, Cəzaların İcrası Məcəlləsində təsbit olunub ki, cəzaya məhkum edilmiş şəxslər imkan daxilində daimi yaşayış yerinə yaxın yerdə cəza çəkməlidirlər: “Bu gün cənub zonasından olan məhkum edilmiş şəxslər cəzalarını Salyanda çəkirlər. Gələcəkdə Lənkəranda belə müəssisəsinin tikilməsi müsbət haldır. Məhkumların yaxın-qohumları uzun yol gedib-gəlmək, yol xərcləri problemindən qurtula bilərlər”.



Tanınmış hüquqşünas, bununla belə, qeyd edib ki, regionlarda türmələrin tikilməsi öz-özlüyündə müsbət hal olsa da, ümumilikdə cəzaların sərtliyi problemi yaşanmaqdadır və yeni tikilən müəssisələrin məhkumlarla doldurulmasına yol açır: “Azərbaycanda borc münasibətlərinin dələduzluq kimi qiymətləndirilməsi adi haldır. Bu gün cəzalar həddən artıq sərtdir. Mənə kimsə deyə bilməz ki, birinə qarşı 7 min manatlıq dələduzluq etmiş şəxsin 7 il müddətində azadlıqdan məhrum edilməsi adekvat cəzadır. Yəni Cinayət Məcəlləsi imkan verir ki, bu əmələ görə belə bir cəza təyin olunsun. Amma bu adekvat cəza deyil. Dövlət həmin şəxsi 7 il həbsdə saxlamaqla vurulmuş ziyandan qat-qat çox büdcə vəsaiti xərcləməlidir. Digər tərəfdən, hakimlərə sual verəndə ki, niyə belə sərt cəza təyin edirsiz, cavab verirlər ki, yüngül cəza təyin etmək nəyimizə lazımdır; prokuror, digəri düşünsün ki, görəsən, nə marağı oldu ki, yüngül cəza təyin etdi. Azərbaycanda bərqərar olmuş rüşvət-korrupsiya sisteminin varlığı təqsirləndirilən şəxslərin barəsində cəza təyini məsələsinə bu şəkildə təsir edir. Yəni hakimlər cəza təyin edərkən aşağı həddi deyil, ən yuxarı həddi əsas götürürlər. Türmələrdə sıxlıq yaranmasının əsas səbəblərindən biri də budur - hakimlər şəxsləri uzun müddətə azadlıqdan məhrum etməklə türmələrdə sıxlıq yaratmış olurlar. 3 il cəza ilə həbs yerində qalmalı şəxsə 7 il cəza təyin edib türmələrdə sıxlığın yaranmasına yol açırlar. Əgər şəxs 3 il müəssisədə qalıb gedəcəkdisə və yeri boşalacaqdısa, hakimlərin ən yuxarı həddi təyin etməsi türmələrdəki kameraların boşalmasının qarşısını alır”.

M.Baxış deyir ki, Azərbaycanda cəzaların törədilən cinayətlərə adekvat olmaması, ağır olması məsələsi dəfələrlə gündəmə gəlib: “Biri digərindən borc alır, sonra maddi durumu pisləşir, həmin borcu qaytara bilmir. Deyir ki, borcu ödəyəcəyəm. Qarşı tərəf polisə şikayət edir və borc alanı çox rahatlıqla dələduzluqda ittiham edib 10-12 ilə qədər həbsə göndərirlər. Dövlət də hər il həmin şəxsin cəzaçəkmə yerində saxlanılması üçün büdcədən pul ayırır. Belə şəxslər 1-2 deyil, az qala məhkumların yarısından çoxdur. Əslində isə dələduzluq cinayətinin törədilməsini sübut etmək çox çətindir. İstintaq sübut etməlidir ki, şəxs borc alanda həmin pulu inamdan, etibardan sui-istifadə etməklə ələ keçirmək niyyəti güdüb. Niyyətin məhz pulun, malın, əmlakın ələ keçirilməsi olması sübuta yetriləndən sonra şəxsin həbsi üçün əsas yaranır. Qanunda belədir. Azərbaycanda isə borc alanı tuturlar, sübut bazası olmadan belə ən ağır cəzaya məhkum edirlər. Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun qərarı var ki, borc münasibətlərinin hüquqi tövsifinə xüsusi diqqət yetirilsin. Lakin hüquqi tövsif məsələsinə tam aydınlıq gətirilmədiyinə görə qanunvericilikdə boşluq yaranır. Bu boşluqdan yararlanıb ”əl qızdırmaq" həvəsində olanlar da az deyil. Odur ki, türmələr dələduzluq ittihamı ilə məhkum edilmiş şəxslərlə doludur. Məsələn, 2 şəxs şəriklik müqaviləsi bağlayıb hündürmərtəbəli bina tikməyi qərarlaşdırır. Maliyyə vəziyyətinə görə bina yarımçıq qalır. Şəriklərdən biri qaçır polisə, prokurorluğa ki, şərik məni aldadıb. Baxmayaraq ki, binanın 7 mərtəbəsi tikilib, adamı həbs edirlər. Halbuki bu qanunsuzluqdur. Rusiya Federasiyasında isə bu münasibətlərin tənzimlənməsi qaydası belədir ki, əgər zərərçəkənə dəyən ziyan ödənirsə, təqsirləndirilən barəsində cinayət işinin icraatına xitam verilir. Azərbaycanda isə belə hal yoxdur. Ən yaxşı halda təqsirləndirilən ziyanı ödəyibsə, kimlərinsə əlini “qızdırıb”sa, şərti cəzaya məhkum etməklə azad edirlər".

M.Baxış son illər cəzaların ağırlaşdırıldığını da diqqətə çatdırdı: “Təəssüf ki, biz cəzaların yüngülləşdirilməsi prosesinə şahidlik etmirik. Əksinə, cəzalar ağırlaşdırılır. Maddələrin sanksiyasının yüngülləşdirilməsi əvəzinə daha da ağırlaşdırırlar. Bu gedişlə yeni tikilən türmələri də ağzına qədər dolduracaqlar. Dövlət büdcəsindən məhkumların saxlanılmasına xərclər də müvafiq olaraq artacaq. Azərbaycan dövləti, cəmiyyəti bu vəziyyətdən qazanmayacaq, itirəcək”.

Qeyd edək ki, bu gün Azərbaycanda 17 cəzəçəkmə müəssisəsi, 1 həbsxana, 3 istintaq təcridxanası, 1 uşaqlar üçün cəzaçəkmə müəssisəsi və 1 məhbuslar üçün müalicə müəssisəsi fəaliyyət göstərir. 4 saylı cəzaçəkmə müəssisəsi qadın məhkumlar üçün nəzərdə tutulub. Bakı və Şəkidə fəaliyyət göstərən istintaq təcridxanaları müstəqillik dönəmində inşa olunub. Azərbaycan cəzaçəkmə müəssisələrində məhkum olunmuş şəxslərin sayına görə sanitar qovşaqların sayı həddən artıq azdır.16 kişi, 1 qadın cəzaçəkmə müəssisəsində sanitar qovşaq problemi illərdir ki, həll edilməmiş qalmaqdadır. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi