azia.az
azia.az

90-cı illərin Qarabağ müharibəsinin əlillərinə veriləcək birdəfəlik ödənişlə bağlı RƏSMİ AÇIQLAMA

23-02-2022, 14:42

90-cı illərin Qarabağ müharibəsinin əlillərinə veriləcək birdəfəlik ödənişlə bağlı RƏSMİ AÇIQLAMA
“1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq siyahısının müəyyən edilməsi üzərində iş gedir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər ya yox idi, ya da çox məhdud sayda olub:

“Ona görə də bu sahədə müəyyən çətinliklər var. Çünki həmin sənədlər elektronlaşmayıb.

Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək”.

“Ümid edirik ki, iyun ayına qədər elektronlaşmalar başa çatacaq. Hazırda kifayət qədər eyni adlarda olan şəxslərə dair şəhadətnamə var. Yaxud da şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik yaşanan şəhadətnamələr var.

Onların bəziləri ilk illərdə rus blanklarında hazırlanan şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun siyahının hazırlanması üzərində iş gedir.

Həmin şəxslərin hər hansı bir quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlarla bağlı birbaşa qərar verilərək ödənişlər ediləcək. Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə, DSMF-nin qurumlarına aidiyyəti sənədlərlə yaxınlaşaraq yoxlamalardan keçərək ödənişlərini alsınlar.

Planlaşdırırıq ki, bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən sərəncama görə, I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat və III dərəcə əlilliyə görə - 4 400 manat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi