Nazim İbrahimovu niyə bitirmək istəyirlər - iqtidarda böyük hesablaşma
Biznesmenlərin Bakı Forumunun qəfil ertələnməsinin şok səbəbləri
Dünya Azərbaycanlı İş Adamlarının I Forumuna sayılı günlər qalmış tədbirin təxirə salınması haqlı suallar yaradıb;
diaspor nazirinin bu mərhələdə önə çıxmasını istəməyən qüvvələr ona qarşı elə bir təxribat etdilər ki...
Bu həftənin cümə günü - oktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının I Forumu keçirilməli idi. Diasporla İş üzrə Dövlət Komitəsinin (qısa olaraq Diaspor Komitəsi yazacağıq) təşkilatçısı olduğu tədbirə hazırlıq hələ bir neçə ay əvvəldən başlamışdı.
Belə bir formatda forumun təşkil edilməsini bu ilin iyununda Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında prezident İlham Əliyev tövsiyə etmişdi. Prezident qurultaydakı çıxışında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkənin kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına, xüsusilə iqtisadiyyatın real sektoruna sərmayə qoymağa çağırmışdı.
Məlumata görə, Diaspor Komitəsi daha çox iqtisadi sferaya aid olan belə bir forumun təşkilatçılığını tərəddüd etmədən üzərinə götürüb. Bundan sonra Prezident Administrasiyasının rəhbəri iyunun 27-də xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə sərmayə qoymasının təşviqi, habelə onların diaspor quruculuğu işinə daha geniş cəlb olunması məqsədilə 2016-cı ilin son rübündə belə bir forumun keçirilməsinə sərəncam verib.
“Yeni Müsavat”ın əldə etdiyi sözügedən sərəncamda tədbirin adı Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısı kimi qeyd edilib. Yəni bu, sadəcə, forum deyil, biznesmen azərbaycanlıların birliyinin yaradılması tədbiri olmalı idi.
Diaspor Komitəsinin forumun təşkili ilə bağlı xaricdə gördüyü işlər haqda “Yeni Müsavat”da dəqiq bilgi olmasa da, son həftələr tədbirlə bağlı mediada ciddi təbliğat nəzərə çarpırdı. Komitənin son yaydığı məlumatlarda foruma xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət ediləcəyi bildirilirdi. Toplantıda yuxarıda qeyd etdiyimiz kimi, Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılırdı. Amma foruma 10 gün qalmış Diaspor Komitəsi gözlənilmədən tədbirin keçirilməyəcəyini bəyan etdi.
Image result for diasporlarla iş üzrə
Məlumatda bildirilib ki, forumun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb. “Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Bu səbəbdən də forum daha münasib bir vaxtda keçirilməsi məqsədəuyğun hesab edilib”, deyə məlumatda bildirilib.
Tədbirin sayılı günlər qalmış təxirə salınmasının səbəbləri haqda Diaspor Komitəsinin “izahatı”, əlbəttə ki, inandırıcı deyil. İqtidar qeyri-neft sektorunun dirçəldilməsi istiqamətində xarici investisiyaya çox ciddi önəm verir. Belə bir zamanda xaricdəki azərbaycanlı iş adamlarının Bakıya toplaşmasına da verdiyi önəmi xüsusi cümlələrlə qabartmağa ehtiyac qalmır.
Tədbirin təxirə salınması hakimiyyət kuluarlarında da xeyli söz-söhbətlər və narahatlıqlar yaradıb. İddia olunur ki, təxminən 4 aydır hazırlıq gedən forumun alınmamasının məsuliyyəti Diaspora Komitəsinin, konkret olaraq quruma rəhbərlik edən Nazim İbrahimovun üzərindədir.
Image result for Baku
Belə xəbərlər var ki, Diaspor Komitəsi forumun təşkilində hökumətin iqtisadiyyata məsul nazirlərinin, eləcə də xaricdəki azərbaycanlıların Azərbaycandakı yaxın adamlarının əlaqələrindən istifadə etməyib. Çünki iş adamını (hətta azərbaycanlı olsa belə) ölkə iqtisadiyyatına sərmayə yatırmağa cəlb etmək Diaspor Komitəsinin məsul olduğu sahə deyil və ya onun təkbaşına görə biləcəyi iş deyil. İndi Diaspor Komitəsi hansısa “Təşkilat Komitəsi” haqda bəyan edir, amma rəsmi qaynaqlarda belə bir qurum və tərkibi haqda bilgi yoxdur. Yəni aydın deyil ki, məsələn, bu Təşkilat Komitəsinə iqtisadiyyat naziri, kənd təsərrüfatı və ya kommunikasiya və yüksək texnologiyalar naziri də daxil olubmu?
Tədbirin fiasko olmasının səbəbləri sırasında Bakıya gəlməsi razılaşdırılan tərkibin ranqının hakimiyyəti razı salmaması da var. “Yeni Müsavat”ın xəbərinə görə, forumda iştiraka xaricdə yaşayan təxminən 160 biznesmenin dəvət edilməsi razılaşdırılıb ki, bu da əsasən Rusiya Federasiyasında yaşayan azərbaycanlı iş adamları olub.
Belə ki, şimal qonşumuzdan foruma ən böyük nümayəndə heyəti - 40 nəfərdən çox iş adamı dəvət olunubmuş. Əlbəttə, ən varlı azərbaycanlıların Rusiyada yaşadığını nəzərə aldıqda, buna yalnız sevinmək olardı. Amma belə məlum olub ki, Bakıya gəlmək dəvətinə razılaşanlar sırasında tanınmış iş adamlarından heç biri yoxdur. Bundan başqa, Diaspor Komitəsi dünyanın inkişaf etmiş ölkələri sırasında yalnız Almaniyadakı azərbaycanlıları prosesə cəlb edə bilib ki, bu da, təbii, iqtidarı razı sala bilməz.
Image result for Biznesmenlərin forumu
Türkiyə, Ukrayna və Qazaxıstandan dəvət edilmiş iş adamlarının ölkəyə ciddi investisiya yatırmaq imkanları isə yüksək deyil. Belə bir iddia da var ki, foruma daha çox N.İbrahimova yaxın iş adamlarının dəvətli olması da hakimiyyəti ciddi narazı salıb, Dünya Azərbaycanlı İş Adamları Birliyi adı altında müəyyən adamların iqtisadi maraqlarının təmin ediləcəyi şübhəsi yaranıb. Bu səbəblərdən də tədbirin təxirə salınmasına və formatında dəyişiklik edilməsinə qərar verilib.
Aydındır ki, bu cür qərar dövlət başçısının göstərişi olmadan verilə bilməz. Tədbirin daha hansı səbəblərdən baş tutmamasından asılı olmayaraq, bu cür qərar verilməsi hakimiyyətin Diaspora Komitəsinin fəaliyyətindən narazı olduğunu göstərir. Təsadüfi deyil ki, bu qərardan sonra Diaspora Komitəsinin sədrinin postundan uzaqlaşdırılacağı barədə xəbərlər yenidən aktuallaşıb. Amma Nazim İbrahimovun hazırda iqtidarda, şəxsən ölkə başçısının yanında mövqelərinin yaxşı olduğu deyilir. Onun son illər daha ciddi və prezidentə daha yaxın bir qrupla çalışdığı barədə məlumatlar var. Ona görə də N.İbrahimovun bir tədbirdən yana vəzifədən çıxarılacağı barədə deyilənlər o qədər də inandırıcı deyil.
Sadəcə diaspora kimi vacib bir sahəni ələ keçirmək istəyən iqtidardaxili iri qruplaşma liderləri son vaxtlar Nazim İbrahimova ciddi mane olmaqdadırlar. Görünür yeni mərhələdə, post-neft dövründə diaspora nazirinin önə çıxmasını kimlərsə qəbullana bilmir. Əslində N.İbrahimovun yaxşı təşkilatçı, diplomat və siyasi texnoloq olduğu sirr deyil. Onun uzun müddət hakimiyyətin media siyasətinə, təbliğat işlərinə rəhbərlik etməsi yaddaşlardan silinməyib. Bu bacarığına görə mərhum prezident Heydər Əliyev o dövrdə iqtidar üçün yeni, həm də vacib olan Diaspora Komitəsinin rəhbərliyinə Nazim İbrahimovu gətirdi.
Görünür, sözügedən forumun baş tutmamasında daha çox Nazim İbrahimovun personasının ciddi rolu var.