azia.az
azia.az

Əli İnsanovu ailə üzvlərindən kimlər Bakıda gözləyir?

22-10-2016, 10:33

Əli İnsanovu ailə üzvlərindən kimlər Bakıda gözləyir?
“Oğlu Vidadi hazırda Azərbaycandadır, atasının yanına bəzən o gedir...”

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun oktyabrın 20-də 11 illik həbs cəzası başa çatdı.

Barəsində üç yeni maddəsi ilə cinayət işi açılan sabiq nazir azadlığa buraxılmadı. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.İnsanov oktyabrın 11-də Qaradağ məhkəməsinin çıxardığı qərarla bağlı apelyasiya şikayəti verib. Yaxın günlərdə onun apelyasiya şikayətinə baxılacaq.

Sabiq nazir ətrafında gəzən söz-söhbət bitib-tükənmir. Belə iddialar var ki, hakimiyyət tərəfindən son aylarda onunla bəzi məsələlərdə anlaşmaq üçün cəhdlər edilib. Ölkə iqtidarı onu azad edəcəyi halda ölkəni tərk etməsini tələb edib. Bu versiya bir qədər inandırıcıdır. Çünki İnsanovla eyni hadisəyə görə 2005-ci ildə həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev üç il öncə məhz belə anlaşma yolu ilə azadlığa çıxmış və ölkəni tərk etmişdi. Sabiq səhiyyə nazirinə hətta yaşayacağı ölkənin Almaniya olduğu deyilir. Almaniyanın seçilməsinin təsadüf olmadığı vurğulanır. İddia olunur ki, İnsanovun hazırda ailəsinin əksər üzvləri bu ölkədə yaşayır. Amma İnsanovun hakimiyyətlə bu məsələdə anlaşmadığı üçün həbsdə qaldığı söylənilir.

Qeyd edək ki, həbsdə olduğu 11 il ərzində İnsanovun ailəsindən kimlərin Azərbaycanda qaldığı, kimlərin ölkəni tərk etdiyi daim müzakirə mövzusu olub. Aparılan araşdırmalar da çox vaxt nəticəsiz qalıb.

İnsanovun həbsxanaya arxasınca gəlməsi üçün yalnız vəkilinə icazə verməsi barədə redaksiyamıza xəbər daxil olub. Sabiq nazirin son 11 ildə ailəsindən heç kimin üzünü belə görmədiyi qeyd olunub. Bu da bəzi müəmmalara yol açır. Ya İnsanovun ailəsindən kimsə ölkədə qalmayıb, ya da o, ailə üzvlərindən kiminsə həbsxanaya gəlməsini istəmir.
Adının çəkilməsini istəməyən sabiq dövlət məmurunun çevrəsinə daxil olan şəxslərdən biri onun oğlunun və qardaşlarının Azərbaycanda olduğunu, digər ailə üzvlərinin ölkədə olmadığını bildirdi: “Məhəmməd adlı qardaşı bir il öncə rəhmətə getdi. İli bugünlərdə olacaq. Əhməd adında qardaşı ölkədədir. Bir oğlu, bir qızı var. Oğlunun adı Vidadidir, hazırda Azərbaycandadır. Atasının yanına bəzən o gedir. Arabir qardaşı da İnsanovun yanına gedir. Həyat yoldaşı əksər vaxtlar xaricdə olur”.

Qeyd edək ki, avqustun 24-də İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi