azia.az
azia.az

Fərdi yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır - Yenilik

6-10-2016, 09:00

Fərdi yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır - Yenilik
Azərbaycanda 2013-cü il yanvarın 1-dək inşa edilmiş və hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır

Milli Məclisdən Trend-ə verilən məlumata görə, hazırkı “Daşınmaz əmlakın dövlət reyetri haqqında” qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair əsaslara (hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daxildir.
Qanuna edilən yeni dəyişikliklərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara bundan əlavə daha biri əlavə edilib.
Yeni layihədə təklif edilib ki, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara daxil edilsin.
Bu dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq məqsədilə hazırlanıb.
Milli Məclisin deputatı Çingiz Qənizadə Trend-ə bildirib ki, yeni təklif edilən dəyişikliklərə görə, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olduqdan, yəni özəlləşdirildikdən sonra torpaq üzərində tikinti aparıla bilər: “Torpaq mülkiyyəti üçün çıxarış almadan onun üzərində tikinti aparıla bilməz. Həmin ərazidə ev tikmək istəyən şəxs gələcəkdə torpağı özəlləşdirməlidir. İndi təklif edilir ki, torpaq əvvəlcədən özəlləşdirilsin, torpaq mülkiyyəti haqqında dövlət reyestrindən çıxarış alınsın, sonra həmin ərazidə tikinti aparılsın. Yəni, torpağı özəlləşdirməsən, orada tikinti işlərinə başlaya bilməzsən”.

Ç.Qənizadə qeyd edib ki, bu dəyişikliyi asanlaşdırma kimi qəbul etmək olar: "Mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadıqda problemlər yaranırdı. Bəzən bələdiyyə üzvləri bildirirlər ki, torpaq sahəsi doğru hesablanmayıb. Yaxud mülkiyyət hüququnu təsdiq etməmisənsə, torpaq sənin olsa da tikinti aparmırsansa, bələdiyyə o torpağı başqasına sata bilər. Bu səbəbdən mübahisələr yarana bilər. Torpaq mülkiyyətilə bağlı qanuni sənəd - dövlət reyestrindən çıxarış alındıqdan sonra bələdiyyə, icra strukturu nümayəndələri tikinti aparılması ilə bağlı problem yarada bilməzlər. Amma mülkiyyət üzərində hüquq təsdiq edilməyibsə, bu, mübahisə predmeti ola bilər”.

Ç.Qənizadə bildirib ki, mülkiyyət hüququnu təsdiq edən sənəd dövlət reyestrindən çıxarışdır. Çıxarış olduqdan sonra artıq mülkiyyət həmin şəxsin mülkü hesab olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi