azia.az
azia.az

“Heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq”

3-09-2016, 09:59

“Heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq”
Mirşahin: “Bu gün ANS-in minə yaxın əməkdaşı işsizdir və onların sosial vəziyyəti getdikcə ağırlaşır”
Sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS TV və ANS TV-nin lisenziyasının ləğv edilməsi ilə bağlı ANS Şirkətlər Qrupunun Milli Televiziya və Radio Şurasına qarşı iki iddiasına baxılıb. İddiaların heç biri təmin edilməyib. Bizimyol.info xəbər verir ki, məhkəmədə ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edib. O, prosesi Azərbaycanda tarixi məhkəmə iclası hesab etdiyini deyib. “Bu, eyni zamanda həm də tarixin məhkəməsidir. Mühakimə olunan həm də tarixin 25 ilidir! ANS-in yaşını nəzərə alaraq belə deyirəm və düşünürəm ki, haqlıyam. Bu məhkəmədə 25 il ərzində ANS-in çəkdiyi, tarixə, qızıl fonda köçürdüyü hadisələr və insanlar var. Dağlıq Qarabağda açılan ilk atəşdən atəşkəsin elan olunduğu son günədək, Xocalı, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Xocavənd kimi yaşayış məntəqələrimizin hər birinin müdafiəsi, işğalı, son günləri yalnız ANS tərəfindən lentə alınıb və bizim arxivimizdə saxlanır. Biz Qarabağın hər bir qarışını kamera ilə keçmişik, dünyanın informasiya nəhəngləri bu qaynar bölgələrə öz əməkdaşlarını göndərməkdən çəkindiyinə görə yalnız ANS-in video materiallarından istifadə edrdilər və bizim şirkətə buna görə minnətdar idiər, bu o zamanki informasiya blokadası şəraitində çox vacib idi və sabah tarixə şahid–sübut lazım olsa, ANS-siz keçinmək, sadəcə, mümkün olmayacaq”.
Mirşahin əlavə edib ki, kanalın apardığı vətənpərvərlik xəttini prezident İlham Əliyev həmişə yüksək qiymətləndirib. “Bu gün ANS-in minə yaxın əməkdaşı işsizdir və onların sosial vəziyyəti getdikcə ağırlaşır. Bütün gözlər məhkəməyə, onun ədalətinə dikilib. Çünki biz qanunlarla yaşayan və qanunlara tabe olmağa öyrəşmiş və hamıdan da Qanunlara tabe olmağı tələb edən qurum, kollektiv kimi yenə də Qanundan, öz dövlətimizdən, onun yaranışının hər bir kərpicinin qoyulmasında ya şahid, ya da inşaatçı kimi iştirak etdiyimiz doğma Azərbaycanımızdan yapışmışıq”.
Mirşahin Ağayev ANS TV-nin fəaliyyətinin dayandırılma səbəblərinə də toxunub. “Guya ANS telekanalı Türkiyə respublikasında baş vermiş dövlət çevrilişinə yönəlmiş hadisələri qeyri-obyektiv işıqlandırıb və Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu kimi tanınan, Fəthullah Gülənə və onun tərəfdaşlarına dəstək verib, Türkiyə hakimiyyətinə qarşı çevriliş cəhdinə rəhbərlik etməkdə şübhəli bilinən Fəthullah Güləndən müsahibə alıb, yerli və xarici kütləvi informasiya vasitələrində anons edilib. Bu ittihamların hər biri 2-ci sinif səviyyəsində belə təkzib olunmağa layiq cəfəngiyyatdır. Çünki əvvəla ANS belə bir təbliğat aparmayıb, əksinə Televiziya və Radio yayımı haqqında Azərbaycan Republikası qanununun 3-cü madəsində təsbit edilmiş teleradio fəaliyyətinin obyektivliyi, ideoloji və siyasi plüralizm və qərəzsizlik prinsipinə müvafiq olaraq efirə verilən proqramlarda vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etmək üçün bərabər imkanlar yaratmağa çalışıb. Əksinə, Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırlan tərəfin mövqeyi daha az əks olunub, ona görə ki, ANS Azərbaycan-Türkiyə münasibətlərinə strateji müttəfiqlik və qardaşlıq prizmasından yanaşaraq, ancaq rəsmi Ankaranın mövqeyini işıqlandırıb”
Telekanalın vitse-prezidenti Fəthullah Gülənin müsahibəsi adlandırılan prosesə toxunaraq qeyd edib ki, burada söhbət qətiyyən müsahibədən getməməlidir. “Ona görə ki, ANS-in Amerika Birləşmiş Ştatlarındakı müxbiri Fəthullah Güləndən ayrıca müsahibə almayıb, bu bir mətbuat konfransı olub və əməkdaşımız da burda onlarla nüfuzlu KİV, o cümlədən türk jurnalistlərlə birlikdə iştirak edib. Hamı kimi sual verib, cavab alıb və bu materialı ANS-ə göndərib. ANS-in rəhbərliyi isə materialı efirə verməyi məqsədəuyğun saymayıb. Materialın ANS TV-də efirə veriləcəyinin yerli və xarici kütləvi informasiya vasitələridə anons edilməsinə gəlincə, burada da ciddi aydınlaşdırmağa ehtiyac var. Biz ötən məhkəmə iclaslarında sübut etdik ki ANS-ə məxsus heç bir kütləvi informasiya vasitəsində Fəthullah Gülənlə reportajın anonsu verilməyib və sözsüz ki, reportajın özü də efirə getməyib.
Yəqin ki, məhkəməyə bu da çox maraqlı olar: Biz Fəthullah Gülənlə reportajı iyul ayının 18-də saat 10:57 də almışıq. Saat 18:30-da isə ANS-in yayımı dayandırılıb. Bizə şifahi elan olunan bağlanma səbəbi də bu olub ki, Gülənlə müsahibə verəcəkdiniz. Qarşısını aldıq. Doğru deyil. Əgər bizim mətbuat konfransından reportajı efirə vermək fikrimiz var idisə, hər 15 dəqiqədən bir efirə xəbərlərlə çıxan ANS olaraq niyə o müsahibəni bütün gün ərzində efirə verməmişdik? Nə mane olurdu ANS-ə? Yəni aydın deyil ki, ANS həmin materialı vermək istəsəydi alan kimi, elə Xəbərçi-nin saat 12 buraxılışnda verərdi. Daha 8 saat niyə gözləyirdi ki? Deməli səbəb əsassızdır!
MTRŞ bəyan edir ki, guya Türkiyə dövlətində baş verən hadisələrin işıqlandırıması ilə bağlı bizə dəfələrlə xəbərdarlıq olunub. Daha bir rəsmi təkzib səsləndirirəm: İyul ayının 15-dən 18-i də daxil olmaqla həmin günlər bizə MTRŞ-dan nə Türkiyədə baş verənlər, nə də başqa mövzuda nə şifahi, nə də yazılı surətdə heç bir xəbərdarlıq daxil olmayıb. Əksinə biz özümüz materialı alan kimi maraqlanan dövlət qurumlarını dərhal xəbərdar etmişik.
Anonsların yerli və xarici kütləvi informasiya vasitələrində verilməsi ətrafındakı vəziyyətə gəlincə, burda da aydınlaşdıılması vacib məqamlar var. Fəthullah Gülənin iştirak etdiyi mətbuat konfransından ANS TV-nin anons verə biləcəyi ehtimalı və yalnız ehtimalı əsasında 25 yaşlı qos-qocaman şirkət bağlanır, onun 25 illik xidməti, nüfuzu, 1000-ə yaxın əməkdaşının gələcəyi nəzərə alınmır, özü də bu, həqiqətə uyğun olmayan ehtimal əsasında, vermədiyimiz materiala və vermədiyimiz anonsa görə edilir! Bəs onda bu anonsları doqrudan verən və MRTŞ-n məntiqinə görə bu anonslar vasitəsilə terrora doğrudan da dəstək vermiş (xarici KİV bir yana) yerli KİV-lərdən, saytlardan niyə heç kim heç nə soruşmur?
Jurnalistika nəzər nöqtəsindən ANS TV-nin Amerika Birləşmiş Ştatlarındakı Bürosu qeyri-adi bir iş görməyib, öz peşəkar fəaliyyəti ilə məşğul olub. O günlər bütün dünyanın diqqət mərkəzində olan bir adamın mətbuat konfransına gedib. ANS tarixi boyu belə işləyib: Gürcüstanda da, Çeçenistanda da, Qırğızıstanda da, İranda da, Əfqanıstanda da... Özbəkistanda da, Liviyada da... Heç kimin də ağlına bizi terrorun təbliğində günahlandıraraq qapatmaq gəlməyib...”
O həmçinin qeyd edib ki, MTRŞ-nin iddiasına görə, ANS qəddarlıq əks etdirən kadrlar nümayiş etdirməkə, guya çevriliş cəhdi edənlərə dəstək verib. “Guya ANS TRT-nin aparıcısının birbaşa efirdə oxuduğu bəyanatı yayımlamaqla terrorçulara kömək edib, hətta Türkiyə təmsilçimizin hadisə rayonundan birbaşa efirə çıxaraq əldə etdiyi məlumatları çatdırması belə ANS-i ittiham hədəfinə çevirib. Unudulur ki, Azərbaycanda açıq yayımda olan TRT o günlər də eyni qaydada çalışırdı və MTRŞldakılar da daxil olmaqla Azərbaycan tamaşaçıları hadisələri bu kanal vasitəsilə birbaşa izləyə bilərdi. Təbii ki, burda qəddar kadrlar da var idi, ölən də, yaralanan da, amma bu kadrları ANS Türkiyə telekanallarına, o cümlədən rəsmi TRT-yə istinadən qoşularaq göstərirdi. Əgər TRT-nin yayımı yolverilməz hesab olunurdusa onda MTRŞ bu kanalın Azərbaycanda açıq yayımını dayandırmamışdı. ANS TV iulun 15-dən 18-dək Türkiyədə baş verən prosesləri tam təfərrüatları ilə verib. Təəssüf ki, araşdırmalar dolğun aparılmır, maraqlıı tərəf olan MTRŞ-nın təqdim etdiyi, ayrı-ayrı çıxışların kontekstdən çıxarılmış parçalarına istinad edilir. Biz o günlər 50 saata yaxın birbaşa efirdə işləmişik”.
Mirşahin həmin vaxt telekanalda efirə gedənlərdən sitat gətirərək, bildirib ki, ANS TV-nin efirində o gecə və sonrakı gün və gecələr ölkənin tanınmış insanları, dövlət və hökumət üzvləri, millət vəkilləri Türkiyə dövlətinin başına gəlmiş bəlanı qardaş dərdi kimi qəbul ediblər, qanuni hakimiyətə dəstək veriblər. Prezident İlham Əliyevin hadisələri pisləyən mövqeyi ilk dəfə ANS TV-dən yayımlanıb. Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov ilk açıqlamanı məhz ANS TV vasitəsilə çatdırıb. İyulun 15, 16-sı və 17-si də daxil olmaqla o günləri işıqlandırdığımza görə Türkiyənin Azərbycandakı səfiri Alper Coşğun ANS-ə xüsusi təşəkkürünü bildirib və bu gün o çıxışı hər kəs sosial şəbəkədə izləyə bilər”.
Mirşahin sonda qaydaları pozmadıqlarını vurğulayıb. “Bildiyiniz kimi biz 25 ildir ki işləyirik, uşaq deyilik və mövcud oyun qaydalarını da yaxşı bilirik və ona görə də heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq” –deyərək, məhkəmədən ədalətli qərar çıxarmasını istəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi