azia.az
azia.az

Bakıda еrməni yalanı ruhlu alman MƏRƏZİ

5-06-2016, 03:02

Bakıda еrməni yalanı ruhlu alman MƏRƏZİ Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli siyasi lider, müxalifətçi, demokratik insan olduğunu deyir və Facebook-dakı səhifəsində də yazır.

Hər halda "yazır" kəlməsinə müraciət edir və düşünmək istəyirəm ki, həmin səhifədə dərc olunan statuslar Əli Kərimlinin fərdi intellektual məhsuludur - halbuki bu yazıların Ə.Kərimli tərəfindən diqtə olunaraq yazıldığını iddia edənlər də az deyil.

Nə də olsa, yazılanların müəllifinin ayırd edilməsi yox, AXCP sədrinin Facebook-da müntəzəm açıqlamalarının məzmunudur ki, onlar da, cəbhəçilərin özləri də etiraf edirlər - əksər hallarda məntiqlə seçilmir.

Daha doğrusu, şüur axını təsiri bağışlayaraq məntiqdən uzaq yazılar olur.

Əli Kərimlinin hələlik son statusu Almaniya bundestaqında qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş qətnamə ilə bağlıdır.

Bu tragikomik sənədin Berlinlə Ankara arasındakı münasibətlərə necə zərbə vurduğunu şərh etməyə çalışan Əli Kərimli, sizcə, kimi suçlayır, kimi günahkar sayır?

Yanılmadınız, Türkiyəni.

"Açıq etiraf etmək lazımdır ki, bügünkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var. Türkiyənin və Azərbaycanın strateji maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniya həm Türkiyədən, həm də Azərbaycandan vaxtaşırı demokratik islahatlar da tələb edir", - Ə.Kərimli yazır.

O bildirir ki, "Almaniya parlamentinin olmayan "erməni genosidi"ni tanıması səhv qərardır. Aydındır ki, bu qərar tarixə istinadla deyil, hazırki Almaniya-Türkiyə münasibətləri kontekstində, Türkiyəyə təzyiq məqsədilə qəbul edilib. Almaniya tarixən erməni lobbisinin zəif olduğu, əksinə, Türkiyə ilə, son illərdə isə Azərbaycanla da sıx əlaqələri olan güclü Avropa dövlətidir".

AXCP sədri belə "geosiyasi" gəzişmədən sonra qərarını açıqlayır: "Almaniya ilə dostluğu, strateji tərəfdaşlığı yüksək qiymətləndirib, onun demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşıb, bu müttəfiqliyi daha da möhkəmlətmək lazım idi. Təəssüf ki, bu yol seçilmədi".

Yəni hər şey aydındır: Almaniya bundestaqının Türkiyəyə aşkar təzyiqə yönələn, kobud pressinq vasitəsinə çevrilməsi nəzərdə tutulan qərarının başlıca günahkarı elə Türkiyədir, sonra da ki, Azərbaycan.

Fəqət bu qətnamənin qəbulunun Azərbaycana nə dəxli var və ya rəsmi Bakının hansı əməlinə görə AXCP sədri alman bundestaqının ermənipərəst mövqeyinin izhar etməsində bizi, yəni Azərbaycanı suçlayır - bilinmir.

Başa tökülən kül və ya Azərbaycanın Mardoheyi

AXCP sədri Əli Kərimlinin Facebook-dakı açıqlaması absurd olmaqla yanaşı, siyasətdə "kollaborasionizm", psixologiyada "nihilist davranış" kimi dəyərləndirilirsə, ilahiyyatçılarda belə açıqlamalar "başa kül tökmək sindromu" kimi səciyyələndirilir.

Qədim yəhudilərdə dərd, kədər və ələm zamanı başa kül tökmək, bununla da qəmin ən yüksək mərtəbəsində olduqlarını göstərmək adəti vardı. Bu barədə Əhdi-Ətiqdə, daha doğrusu, "Esfirin Kitabı"nda (5-ci fəsil, 1-ci səhifə) bəhs olunur və yazılır ki, Mardohey adlı şəxs Çar Atrakserksin bütün yəhudiləri qırmaq barədə fərman verdiyini eşidəndə "paltarlarını cırdı, başına kül tökdü, şəhərin ortasına çıxaraq hayqırdı, dərdli nalə çəkdi". Bu xəbəri eşidəndə çariça Esfir də eyni davranış sərgiləyib, bəzəkli paltarlarını çıxararaq cırıq əba geyinib və başına kül töküb.

AXCP sədrinin Almaniya bundestaqının qərarına dolayısı yolla haqq qazandırmağa çalışması mənə o Mardoheyin naləsini xatırlatdı: eynən Mardohey başqasının yanlış qərarında ölkəsini və soyunu suçlu bildiyi təki, Əli Kərimli də alman deputatların siyasi ikiüzlülük və savadsız mövqeyində (ifadə Almaniyanın "Deutsche Welle" teleradioşirkətinin baş redaktoru Alexander Kudascheff-ə məxsusdur) Türkiyə və Azərbaycanı ittiham edir.

Doğrudur, Əli Kərimli cəmiyyətdə qəzəb yaratmamaq üçün ehtiyatlı davranmağa çalışır, "Almaniya parlamentinin olmayan "erməni genosidi"ni tanıması səhv qərardır. Aydındır ki, bu qərar tarixə istinadla deyil, hazırki Almaniya - Türkiyə münasibətləri kontekstində, Türkiyəyə təzyiq məqsədilə qəbul edilib" yazır - lakin onun belə "obyektiv" görünmək cəhdi ən azı birmənalı qarşılanmır.

AXCP sədri xəbərdarlıq etməkdən də çəkinmir: "Bu hadisədən istifadə edib, istər Türkiyədə, istər Azərbaycanda antialmaniya isterikası yaratmaq istəyənlər də səhv etmiş olacaqlar".

Rişxənd, yoxsa hiyləgər mesaj?

Almaniya bundestaqında "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlı qətnamənin qəbulu özü bir fars, şou idi.

Sənəddə Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətli əyilir: "O dövrün "gənc türklər" rejiminin təlimatı ilə 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolisində 1 milyondan artıq etnik erməninin sistematik köçürülməsi və qətli başladı. Onların taleyi XX əsrdə yaşanan qorxunc kütləvi qətllərin, etnik təmizliklərin, köçürülmələrin və hətta soyqırımların bir örnəyidir".

Mətndə Osmanlının müttəfiqi Alman İmperiyasının yaşanan hadisələrdəki rolu "utancverici" olaraq qiymətləndirilir, bildirilir ki, Almaniya diplomatik nümayəndəliklərinin və missionerlərin xəbərdarlıqlarına baxmayaraq, Almaniya insanlıq əleyhinə bu cinayəti dayandırmayıb.

Almaniya kansleri Angela Merkel qətnamənin müzakirə olunaraq səsə qoyulduğu və sonra da qəbul edildiyi iclasda iştirak etməyib, səbəb kimi NATO-nun baş katibi Yen Stoltenberqlə görüşünü göstərib.

Amma elə həmin görüşdən sonrakı mətbuat konfransında A.Merkel qətnamə ilə bağlı sualı cavablayanda deyib: "Türkiyə NATO-nun üzvü, Ermənistan isə tərəfdaş ölkədir. Türkiyə ilə ortaq maraqlarımız var, münasibətlərimiz geniş spektri əhatə edir. Mən və Almaniya hökuməti Türkiyə və Ermənistan arasında dialoqun yaradılması üçün töhfə verməyə hazırıq".

Almaniyanın baş naziri Türkiyə ilə "ortaq maraqlar"dan, "geniş spektrli münasibət"lərdən bəhs edir.

Doğrudur, o, faktların konstatasiyası ilə məşğuldur. Fəqət belədirsə, 1915-ci ildə Osmanlı Türkiyəsində törədildiyi iddia olunan qondarma "erməni soyqırım"ını tanımaq, üstəlik Türkiyəni həmin dövrdə "ölkədəki xristian azlıqlara divan tutmaq"da suçlamaq nədir - sadəcə, ermənilərin iddialarına əsaslanaraq heç bir əsası olmayan isterikanı "tarixi fakt" kimi qəbul etmək nə dərəcədə məntiqidir?

Erməni ruhlu "yaşıllar"

Almaniya Yaşıllar Partiyasının üzvü Folker Bek bundestaqda qəbul olunmuş qətnamənin müəllifləri arasındadır.

Bek 2012-ci ildə, Bakıda "Eurovision" mahnı müsabiqəsi öncəsində "Demokratiya naminə musiqi" mövzusunda keçirilən beynəlxalq konfransa qatılmışdı.

O, Azərbaycanla bağlı iki suala bir cavab vermişdi.

"Siz, Almaniya parlamentinin və "Yaşıllar" partiyasının üzvü kimi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi faktını təsdiq edirsinizmi?" sualını eşidəndə susan V.Bek "Erməni işğalı nəticəsində 1 milyona yaxın insanın hüquqlarının pozulmasını necə dəyərləndirirsiniz? Bu iki faktla bağlı şəxsən siz və ya sizin "Yaşıllar" partiyası indiyədək hər hansı bir mövqe nümayiş etdiribsinizmi?" sualına belə cavab vermişdi: "Mən münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyam və eyni zamanda Dağlıq Qarabağdakı azlıqların (yəni qarabağlı erməni separatçılarının, - O.H.) hüquqlarının tam təmin edilməsini, qorunmasını istəyirəm".

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə düşmən kəsilən, separatçılığı terrorçuluq səviyyəsinə yüksəldən, dinc azərbaycanlılara divan tutanlara belə rəğbəti, sözün açığı, alman pedantizmi və ya ümumbəşəri dəyərlərə sədaqət prinsipləri ilə izah etmək mümkün deyil. Nədən ki, elə həmin prinsiplər qaraya ağ deməyin absurd, yolverilməz olduğunu ehtiva edir.

Di gəl, bəhs etdiyimiz açıqlama Folker Bekə məxsus olduğundan, müəyyən mənada anlaşılandır. Bu "herr" qeyri-adekvatlığı ilə seçilir.

Məsələn, Berlin prokurorluğunun mətbuat katibi Martin Steltnerin açıqlamasını xatırlaya bilərik. Cənab Steltner demişdi ki, Yaşıllar Partiyasının Federal Məclisdəki, yəni bundestaqdakı üzvü Folker Bek gecə satalarında polis tərəfindən Nollendorfplatz meydanı yaxınlığında nəzarətə alınıb və onun üzərində 0,6 qram "Crystal Meth" sintetik narkotik maddəsi aşkarlanıb.

Narkotik maddələrə aludə olması alman mediasında dəfələrlə vurğulanan və müzakirələr mövzusuna çevrilən F.Beki ciddi siyasətçi qəbul etmək olarmı? Ritorik sualdır və cavabını da AXCP sədri Əli Kərimlinin öhdəsinə buraxıram.

Hə, cənab Kərimli onu da unutmasın ki, uzun müddətdən bəri narkotik istifadəçisi olan Bek şəxsi internet səhifəsindən hər zaman liberal bir narkotik siyasəti tərəfdarı olduğunu etiraf etmişdi.

Kitab oxumaq lazımdır...

Prussiya kansleri Otto fon Bismarkın sevimli kəlmələrindən biri "banal məntiq" idi. Yəni almaya armud, armuda da frenç demək olmaz, cinayətkarı zərərçəkən kimi təqdim etmək sərsəmlikdir.

Həmin banal məntiqə görə, Almaniya ermənilərin qondarma iddialarını ciddi qəbul edəcək ən son ölkə olmalı idi. Çünki 1-ci Dünya Müharibəsinə Osmanlı Türkiyəsinin qatılması məhz Almaniyanın istəyi, təzyiqləri və tələbləri ilə olmuşdu.

Nəticədə Osmanlı xanədanı dağıldı, Türkiyəni böyük dövlətlərin şikarına çevrilərək parçalanmaqdan, məhv olmaqdan Mustafa Kamal Atatürk xilas etdi. Buna görə də 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanana az qala bütün hadisələrə görə məhz Almaniya birbaşa məsuliyyət daşıyır.

Bundan başqa, qondarma "erməni soyqırımı"nı tanımış Fransadan fərqli olaraq, Almaniyada erməni yox, türk icması çoxsaylı və güclüdür: bu səbəbdən də qətnamənin qəbuluna yerli erməni lobbisinin təsiri barədə iddialar yersizdir.

Almaniya bundestaqının deputatları tarixçilərin müzakirə etməli olduqları məsələni siyasət predmetinə çevirirlərsə, rəsmi Berlin faktiki olaraq Ankara ilə münasibətlərə, əlaqələrə və müttəfiqliyə xəyanət edib.

Türkiyənin bölgədə yürütdüyü siyasətin Avropa Birliyinin və bu strukturun lideri Almaniyanın "maraqları"na (oxu: tələblərinə) cavab vermədiyinə görə belə absurd qətnamə ilə Ankaranı cəzalandırmağı qərara almış Berlin işğalçı Ermənistanı dəstəkləyib, erməniləri daha da cəsarətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində obyektiv və qərəzsiz mövqe tutduğunu deyən Almaniyanın səmimiyyətinə inanmaq olarmı?

AXCP sədri Əli Kərimli bu barədə bir kəlmə də yazmır, əksinə, Almaniya bundestaqının tarixə təhqir sayılacaq qətnaməsini tənqid edənləri bəribaşdan "isterika"da suçlayır.

Halbuki əsl isterika dünyanın az qala istənilən məkanında baş verən proseslərdə Azərbaycanın mövcud hakimiyyətini suçlamaq, Qərbdə Türkiyəyə və Azərbaycana qarşı atılan istənilən addımdan, qərardan və açıqlamadan sonra dərhal siyasi mazoxizm nümayiş etdirərək "Susun, danışmayın, günahkar bizik" demək hesab olunardı.

Amma Əli Kərimlinin Facebook-dakı son statusu isterika da deyil.

Bu yazı özünü Azərbaycan siyasətinin liderlərindən biri olduğunu iddia edən, tərəfdarlarına güvənən, "müxalifətin aparıcı qüvvəsinə başçılıq etdiyi"ni hər fürsətdə vurğulamağa çalışan insanın zəifliyinin, mövqelərinin səbatsızlığınınn, fərdi və ya korporativ maraqlarını millətlə dövlətin mənafelərindən üstün tutması ilə yanaşı, ağalarını xoflandırmamağa, sahiblərini incik salmamağa can atan şəxsin təlaşlı bəyanatı da sayıla bilərmi?

AXCP sədrinin ən səthi tənqidə belə davam gətirməyən məntiqinə görə, Türkiyə aldığı bütün zərbələrə susmalı, haqsızlıqlarla barışmalı, yalanları həqiqət saymalı, ən başlıcası isə yalnız və yalnız özünü ittiham etməlidir.

Azərbaycan isə ümumiyyətlə laqeyd mühahidəçi mövqeyi tutmalı, eyni zamanda hələlik Almaniyadan, sonra isə Əli Kərimlinin menyusuna uyğun olaraq, "başqa demokratiya beşik"lərindən gələn əmrlərə "Ləbbeyk!" deməli, bütün göstərişləri dərhal yerinə yetirməli, dövlətin suverenliyi və xarici siyasətin müstəqilliyi prinsiplərini bilmərrə unutmalıdır.

AXCP sədri Əli Kərimli böyük rus yazıçısı Nikolay Qoqolun 1836-cı ildə yazdığı "Müfəttiş" komediyasını bir daha oxusa, pis olmazdı.

Həmin əsərdə unter-zabitin dul qadını təki başqası günahkar olanda da, özümüzü qamçılamağı lazım bilir.

Eynən Azərbaycanda bəzi siyasətçilər nəyin bahasına olursa-olsun sifarişləri yerinə yetirməyə, "hami"lərin göstərişlərini gerçəkləşdirməyə can ataraq xalqı, dövləti unutduqları kimi...

Orxan Hun
Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi