Yeni Günəşlidə şam ağaclarını kim və niyə kəsir?
Yeni Günəşli qəsəbəsi, "A-B" yaşayış sahəsi 127 və 131-ci binanın sakinləri uzun illər boyunca ərazini yaşıllaşdıran şam ağaclarının kəsilməsindən şikayətçidir. Sakinlər deyir ki, son günlər yaşadıqları binaların yaxınlığındakı şam ağacları tanımadıqları şəxslər tərəfindən əsasən də gecə saatlarında kəsilərək, naməlum istiqamətə daşınır. Kəsilən ağaclardan geriyə isə bu gördüyünüz mənzərə qalır. Burada yaşayanlar ağac kəsiminin 15 və 16 may tarixlərində daha intensiv aparıldığını deyirlər.
Onların sözlərinə görə, bu barədə hətta bir neçə dəfə hüquq-mühafizə orqanlarına da şikayət edilib. Gəl ki, polis əraziyə baxış keçirib getdikdən sonra ağaclara qənim kəsilənlər öz "işlərinə" davam edib.
Sakinlər bildirir ki, hazırda boş bir düzənliyi xatırladan bu ərazi bir vaxtlar onların sevimli istirahət yeri olub. Onların sözlərinə görə, yaxınlıqda uşaqlarını gəzintiyə çıxaracaq normal ərazi olmadığından, valideynlər azyaşlı uşaqları buranın park olduğuna inandırıb gəzintiyə çıxarırlarmış ki, indi də bu imkandan məhrum olublar. Bu məkan bir zamanlar təqaüdçülərin domino oynadıqları sevimli yer də olub.
Rafiq İbrahimov, sakin: "Qardaş, burada, bizim bu Günəşlidə bir yer yoxdur ki, adam axşam çıxanda, səhər çıxanda otursun. Aşağıda bir dənə stol qoymuşdu bizim təqaüdçülər. Gəldilər, o stolu da sökdülər ki, burada istirahət yeri düzəldəcəyik. Amma nə vaxt düzəldəcəklər, heç birindən heç nə yoxdur".
Ərazidə ağac kəsiminə son qoyulmasını arzulayan sakinlərdən biri olayı bu cür nəql edir: "Ayın 15-i gecə gördüm burada ağaclar kəsilir. Birbaşa polisə zəng elədim, özüm də müdaxilə etdim, polis onları apardı. Bundan bir qədər sonra gəlib iki ağac da kəsdilər. Doqquz ağac kəsilmişdi".
O, ağac cəlladlarının ərazidə atıb getdikləri elektrik mişarını da nümayiş etdirdi: "Səhər saat 4-də qaçdım onların dalınca, artıq gec idi. Onlardan geriyə, bax, bu qaldı. Bu, onların trofeyasıdır. Elə qaçdılar ki, heç ceyran belə qaça bilmir. Qaçmaqda yaxşıdırlar".
Ağacların qırılmasına etiraz edənlər məsələdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məlumatlandırdıqlarını deyir. Adı çəkilən qurumun xəbərdar olduğu əraziyə nazirlik əməkdaşlarının gəlməsindən də sezilirdi. Onlar kamera qarşısında danışmasalar da, şifahi olaraq hadisənin aktlaşdırıldığını və ağac kəsiminin dayandırılması üçün müvafiq addımların atacağını dedilər.
Az keçməmiş 68 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Vüqar Məmmədov da gəlib çıxdı. Amma, deyəsən, baş mühəndisin iş işdən keçəndən sonrakı gəlişi sakinlərin ürəyincə deyildi.
Vüqar Məmmədov burada yaşayanlar üçün yaxın zamanda yeni istirahət guşəsinin yaradılacağını müjdələmək istəyirdi ki, sakinlər bir neçə dəfə onun sözünü kəsdi, bu da tərəflər arasında mübahisə yaratdı: "Bu dəqiqə JEK-in düz yanında, bu sakinlərin həyətində də yeni istirahət yerləri yaradılır. Yəni plana salınıb. İndi hazırda orada işlər gedir".
Sakinlərin iddia etdiyi kimi, ərazidəki oturacaqların çıxarılmasına gəlincə, baş mühəndis sökülən skamyaların sakinlər tərəfindən özbaşına quraşdırıldığını dedi.
Ağacların kəsilməsini şərh edən Vüqar Məmmədov bu addımı da qanunsuz adlandırdı və faktı 33-cü Polis Bölməsinin araşdırdığını bildirdi. Şikayətçilər isə yenə də baş mühəndisin sözlərini şübhə altına aldı və az öncəki söz dueli bir daha təkrarlandı: "Xeyr. Bu təzə olub. İndi bölmə araşdırır bu məsələni. Bununla bağlı iş açılıb, Polis Bölməsi məlumatlıdır. Artıq bununla bağlı araşdırma aparılır ki, bunu nə vaxt ediblər. Bunu gecə saatlarına ediblər. Gündüz eləməyiblər ki, məlumatımız olsun. İndi Polis Bölməsi ilə danışdıq. Araşdırırıq ki, kim eləyib bunu".
Qəsəbə sakinləri onu da iddia edirdi ki, bu ağaclar məhz bir qədər aralında tikintisi tamamlanmaq üzrə olan göydələnin inşaatçı şirkəti tərəfindən kəsilib. Onlar bizdən məsələni ictimailəşdirməyi xahiş edirdilər.
Kifayət Məmmədova, sakin: "Gəlirlər gecə ilə kəsirlər. Bu qədər oğurluq olmaz axı. Bu, millətdən oğurluqdur. Bunun başqa adı yoxdur. Gecə niyə gəlirsiniz ki? Əgər qanunidirsə, gəlin deyin ki, kəsmişik. Camaat gecə çıxıb bunların qarşısını alır. Bu qədər də olmaz".
Fikrət Firudov, sakin: "Mən Qarabağ əlili kimi çıxıb bir dənə burada dincələ bilirəm. İmkanım yoxdur gedib şəhərdə dincəlməyə. Ümidimiz bir dənə buradır. Müraciət edirəm cənab prezidentə, aidiyyəti təşkilatlara: bura bir əncam çəksinlər".
Bu şikayətlərin nə ilə nəticələnəcəyini bilməsək də, bildiyimiz bir şey var ki, qəsəbədə yaşıllığın qorunmasına cavabdeh qurumlar səfərbər olaraq bu ərazidəki ağac kəsiminin qarşısı alınması üçün tədbirlər görməli və əsas şüarı "Hərəyə bir ağac kəsək!" olan günahkarlar müəyyən edilməlidir. Biz isə öz borcumuzu yerinə yetirərək ərazini də çəkdik, sakinlərin mövqeyini də çatdırdıq. Problemi həll etmək qalır aidiyyəti qurumların, daha doğrusu, onların vəzifəli şəxslərinin insafına...