azia.az
azia.az

Sarkisyanın Kremlə uğursuz demarş cəhdi - TƏHLİL

7-05-2016, 18:04

Sarkisyanın Kremlə uğursuz demarş cəhdi - TƏHLİL Mayın 5-də əvvəlcə “Dağlıq Qarabağdakı separatçı rejimin tanınması” ilə bağlı qanun layihəsinin Ermənistan hökuməti tərəfindən qəbul olunması barədə məlumat yayıb, daha sonra bu təkzib edən rəsmi İrəvan bircə gedişi ilə “nə etdiyinin fərqində olmadığını” göstərdi.

Eyni gündə, aralarında saat fərqli olmaqla rəsmi olaraq iki bir-birini təkzib edən xəbər yayıldı. Birinci xəbər Ermənistan hökumətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verməsi idi. Həmin xəbərdə rəsmi İrəvanın qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərdiyi qeyd olunmuşdu. Sözügedən sənədin həmin gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan tərəfindən təqdim edildiyi bildirilib.

Üstündən iki saat yarım keçəndən sonra isə bu xəbər tam təkzib olundu. Təkzib bəyanatı məlum qanun layihəsini parlamentə təqdim edən Savarş Köçəryanın işlədiyi nazirlikdən gəldi. İkinci xəbərdə qeyd olunurdu: “Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir. Hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil. Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq”.

Bu iki xəbər arasında diqqət çəkən bir əsas məqam var: rəsmi Moskvanın ilk xəbərdən sonrakı reaksiyası. Moskva vaxtı ilə saat 12:23-də Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin "DQR" tanınması haqqında qanun layihəsinə rəy verməsi ilə bağlı xəbərə münasibət bildirdi. Peskovun bəyanatında iki məqama diqqəti yönəltmək vacibdir. Birinci məqam, Kremlin sözçüsünün məlum qanun layihəsinin Moskva ilə müzakirə olunmadığını söyləməsidir. Cənab Peskov bununla Yerevana Moskvanın həmin qanun layihəsinə rəy vermədiyini çatdırdı.

İkinci məqam isə Putinin sözçüsünün "Bu kontekstdə qəbul olunacaq qərarı diqqətlə izləyirik. Sözsüz ki, əvvəlki kimi ümid edirik ki, tərəflər Dağlıq Qarabağda gərginliyin eskalasiyasına gətirib çıxaracaq addımlardan qaçacaq" bəyanatıdır. Peskov bununla Yerevana ikinci mesajını çatdırmış oldu. Bu, Rusiyanın Ermənistana “bundan sonrasına mən qarışmaram” ismarışı idi.

Əslində Yerevana mayın 4-də Rusiya XİN başçısı Sergey Lavrov da mesaj göndərmişdi. Yerli mediaya müsahibəsində Lavrov, Ermənistanın bu məsələni müzakirə etmədiyini bildirmişdi: “Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək”.

Lavrovun bu mesajını diqqətə almaq istəməyən Sarkisyan iqtidarı yenə də həmişəki kimi qaydaları pozmağa çalışdı. Lakin göründüyü kimi bu cəhd uğursuz alındı. Kremlin bircə bəyanatı ilə Ermənistan geri addım atmağa məcbur oldu.

Bəs Yerevanın "DQR" tanımaqla bağlı ortaya atdığı "Erməsnitan XİN-nin dili ilə desək, iki deputatın təşəbbüsü ilə bağlı rəy"in məqsədi nə idi?

Bu sualın cavabı çox da çətin deyil. Ermənistan aprel hadisələrindən sonra Rusiyanın nəbzini yoxlamağa cəhd edir. Sarkisyan hakimiyyəti yaxşı anlayır ki, "DQR"-in tanınması 20 ildən çoxdur ki, davam edən danışıqlar prosesinə, eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyacaq. Nəzərə alsaq ki, bu danışıqlar prosesinin əsas təşəbbüskarı məhz Moskvadır, o zaman Yerevanın separatçı rejimin tanınması barədə təxribatın həm də Moskvaya qarşı yönəldiyini görməmək mümkün deyil.

Kremldə Qarabağdakı qondarma rejimin müstəqilliyinin Ermənistan tərəfindən tanınmasının nəticəsini yaxşı anlayırlar. Bunun Bakı üçün "casus belli"- müharibə üçün yaranan formal bəhanə olduğunu yaxşı anlayan rəsmi Moskvanın İrəvana bu demarşına yaxın günlərdə cavab verəcəyi gözləniləndir.

Bütün bu baş verənlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İrəvanla Moskva arasında dərin fikir ayrılığının mövcudluğuna dəlalət edir. Lavrovun İrəvana təkliflə getməsindən tutmuş Rusiya XİN başçısının son müsahibəsindəki fikirlərin Sarkisyan hökuməti tərəfindən təkzib edilməsi gözdən qaçılan faktlar deyil. Bir tərəfdən səsmi Moskva Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflə getdiyini açıqlayır, Ermənistan XİN başçısı Edvard Nalbandyan isə Rusiya XİN başçısının heç bir təkliflə gəlmədiyini deyir. Lakin həm Rusiya, həm də Azərbaycan və Ermənistan mediasında Lavrovun "5+2" təklifi ilə Ermənistana getdiyini, Dağlıq Qarabağ ətrafındakı işğal altındakı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı İrəvana təkliflər verdiyi barədə fikirlər müzakirə mövzusu olur. Sarkisyan hökuməti isə ciddi cəhdlə Lavrovun belə bir təkliflə çıxış etmədiyini söyləyir.

Görünən odur ki, Sarkisyan iqtidarı rəsmi Moskvanın etibarını ya itirib, ya da itirmək üzrədir. Kremlin təkliflərinə nümayişkaranə şəkildə "yox" cavabı verilməsinin Sarkisyan iqtidarının sonunu gətirəcəyi açıq-aydın görünür. Nəzərə alaq ki, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Yeni konstitusiyaya görə, ölkəni parlamentin seçdiyi baş nazir idarə edəcək. Sakisyan bu posta özünü iddialı görür. Lakin Ermənistandakı hərbi xuntanın Dağlıq Qarabağ cəbhəsində aprel məğlubiyyəti və Kremlə qarşı edilən uğursuz demarşlar Sarkisyanın baş nazir postu ilə bağlı xəyalının üstündən iki bir-biri ilə kəsişən qara xətt çəkib. Çox güman ki, həmin xətlərdən birini məhz Kreml çəkib.

Fərid Əkbərov

APA Analitik Mərkəzi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi