azia.az
azia.az

Mehriban Əliyeva köçkünlərlə görüşdü: Güc mənbəyim sizsiniz (FOTOLAR)

27-04-2019, 10:04

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.
Mehriban Əliyeva köçkünlərlə görüşdü: Güc mənbəyim sizsiniz (FOTOLAR)
AZƏRTAC xəbər verir ki, əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün ponsionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün ponsionatları gəzəcəyəm.
Mehriban Əliyeva köçkünlərlə görüşdü: Güc mənbəyim sizsiniz (FOTOLAR)
Sakinlər: Allah Sizi qorusun!

Mehriban Əliyeva: Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək.

Sakinlər: Allah Sizi qorusun. Biz Sizə minnətdarıq.
Mehriban Əliyeva köçkünlərlə görüşdü: Güc mənbəyim sizsiniz (FOTOLAR)
Mehriban Əliyeva: Mən sizə öz böyük məhəbbətimi çatdırıram.

Sakinlər: Bütün qaçqınlar, məcburi köçkünlər Sizdən razıdırlar.

Mehriban Əliyeva: Sağ olun, mən onu hiss edirəm. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur.

Sakinlər: Allah Sizə yar olsun, Siz Azərbaycan xalqına çox kömək etmisiniz. Sağ olun, var olun, Prezidentimiz sağ olsun, Allah sizi qorusun.

Dövlətimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonundan məcburi köçkün Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə oldu.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız.

Sakin: Allah köməyiniz olsun.

Birinci vitse-prezident Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan digər ailələrə də baş çəkdi, buradakı yaşayış şəraiti ilə yaxından tanış oldu, məcburi köçkün ailələrinin müraciətlərini dinlədi, onların qısa zamanda yeni mənzillərlə təmin ediləcəyini vurğuladı.

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. Mehriban Əliyeva 131 şagirdin təhsil aldığı məktəbə müəllimlərlə görüşdü.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, yataqxanadakı vəziyyətlə tanış olum. Görürəm ki, belə vəziyyətdə yaşamaq çox çətindir. Uzun illərdir ki, orada yaşamısınız. Ona görə də artıq plana uyğun olaraq çox qısa bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi üçün mən indi bütün göstərişləri verdim.
Mehriban Əliyeva köçkünlərlə görüşdü: Güc mənbəyim sizsiniz (FOTOLAR)
Sakinlər: Çox sağ olun, Allah köməyiniz olsun.

Mehriban Əliyeva: Çox sağ olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir. Mən bunu görəndə daha da çox işləməyə hazıram və mənim vəzifəm budur. Hər zaman sizin yanınızdayam.

Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayışı ilə yaxından tanış olan, onların müraciətlərini dinləyən Mehriban Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

x x x

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park” yaşayış kompleksinə gəldi.

Mehriban Əliyeva burada da qəsəbə sakinləri ilə görüşdü, müraciətləri dinlədi və onların həlli istiqamətində tapşırıqlarını verdi. Bildirildi ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində daim ardıcıl işlər aparılır və bu qəbildən olan soydaşlarımızın problemləri həmişə dövlətin diqqət mərkəzindədir.

Daha sonra Birinci vitse-prezident məcburi köçkün Şəmsiyyə Mehdiyevanın evində oldu.

Mehriban Əliyeva: Qarabağ problemi ölkəmizin ən böyük problemidir və daim Prezidentin diqqət mərkəzindədir. Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir.

Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma, yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.

Bu gün belə bir gözəl qəsəbədə olmağıma görə çox şadam. Xatırlayıram ki, buranın açılışında bərabər iştirak etmişdik. Görürəm ki, siz çox gözəl, rahat şəraitdə yaşayırsınız. Arzum odur ki, hər bir qaçqın və köçkün məhz belə şəraitdə yaşasın. Biz buna nail olacağıq. Mən əminəm, buna iradə də, imkan da var. Bütün bu məsələlər ardıcıl olaraq öz həllini tapacaq. İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır. Uzun bir prosesdir, çətin prosesdir, böyük maliyyə tələb edən prosesdir. Amma yenə də bütün lazımi addımlar atılır və bu istiqamətdə işlər davam etdirilir. Gözəl, yaxşı, müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində 6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni, bu, o deməkdir ki, 6 min ailənin yaşayış şəraiti yaxşılaşacaq. Mən sizin hər birinizi görməyə çox şadam. Əgər sizin hansısa problemləriniz, xahişləriniz varsa, mən hər zaman kömək etməyə hazıram, hər zaman sizin yanınızdayam.

Sakin: Sayənizdə hər şey yaxşıdır, çox gözəl şəraiti, havası var. Hədiyyələriniz üçün çox sağ olun. Hər şey yaxşıdır, Allah sizə cansağlığı versin.

Mehriban Əliyeva: Bu iki balaca gözəl bala kimin uşaqlarıdır? Çox gözəl oğlanlardır. Amma indi mənə söylədilər ki, bağça fəaliyyət göstərmir. Göstəriş verəcəyəm ki, çox yaxın zamanda bağça fəaliyyətə başlasın. Çünki bu da vacibdir.

Sakin: Çox sağ olun, Sizin sayənizdə heç bir problemimiz yoxdur. Çox gözəl şəraitimiz var.

Digər sakin: Çox sağ olun ki, bizim qəsəbəyə gəlmisiniz. Bu qəsəbənin təməlini siz qoymusunuz.

Mehriban Əliyeva: Bəli, açılışında da iştirak etmişik.

Sakin: Mən keçmiş Qarabağ müharibəsi döyüşçüsüyəm. Son zamanlar ölkədə gedən proseslər, sosial müavinətlərin artırılması bizi çox sevindirir. Qarabağ müharibəsi veteranlarının, əlillərinin müavinətlərini 50 faiz artırdığına görə möhtərəm Prezidentimizə təşəkkür edirik. Bizim burada yaşayışımız yaxşıdır, narazılığımız yoxdur. Gözəl mənzillərlə təmin olunmuşuq. Qarabağ döyüşçüsü kimi Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirəm. Eyni zamanda, döyüşçü yoldaşlarım da. Möhtərəm Prezidentimiz lazım bilsə, hər zaman torpaqlarımızı azad etməyə hazırıq. Amma, eyni zamanda, indiki vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycan Qafqazda lider dövlətdir, dünyada söz sahibidir. Bizim bu vəziyyətə düşməyimiz keçmiş hakimiyyətin təqsiridir. Biz onun bəlasını indi də çəkirik.

Mehriban Əliyeva: Düz deyirsiniz, o zaman Heydər Əliyev iqtidarda olsaydı heç vaxt belə hadisə olmazdı, heç vaxt buna imkan verməzdi.

Sakin: Əgər Heydər Əliyev hakimiyyətə həmin illərdə gəlsəydi, bu bəlalar bizə qismət olmazdı. Mən Sizə, cənab Prezidentə ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirdiyinizə görə dərin təşəkkürümüzü bildirirəm. Allah Sizin və möhtərəm Prezidentimizin canını sağ eləsin.

Mehriban Əliyeva: Çox sağ olun. Mənim də təşəkkürümü qəbul edin. Bilin ki, həm Prezidentin, həm mənim ürəyimdə daim sizə qarşı böyük hörmət, böyük məhəbbət, böyük istək var. Bütün problemlərin həlli ağır və uzun prosesdir. Böyük maliyyə dəstəyi lazımdır. Biz də istəyirik problemlər daha tez həll olunsun, bu planda olan bütün tədbirlər həyata keçirilsin. Amma yenə də qeyd edirəm, iradə var, bütün bu problemlər ardıcıl olaraq həll ediləcək. Bunu hər bir vətəndaşımız, xüsusilə də işğaldan, münaqişədən əzab çəkən, öz doğma torpaqlarından qaçqın düşən, öz doğma evlərini itirən, uzun illərdir ki, çətin vəziyyətdə yaşayan insanlar çox yaxşı başa düşürlər. Ona görə bu insanlara, sizlərə kömək etmək bizim ən əsas və ən vacib vəzifəmizdir. Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam. Çox sağ olun.

Sakin: Allah sizə, Prezidentimizə cansağlığı versin.

Mehriban Əliyeva: Çox sağ olun, Prezidentin də böyük salamlarını sizə çatdırıram. İnşallah Qarabağda biz eyni belə gözəl mənzillərdə görüşək.

Sakin: İnşallah

Birinci vitse-prezidentin adından Şəmsiyyə Mehdiyevanın ailəsinə hədiyyələr təqdim edildi.

Mehriban Əliyeva buradakı digər mənzillərdə yaradılan şəraitlə də yaxından tanış oldu.

Yaşayış kompleksində ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi