övləri üzrə yarışlar bir neçə gün əvvəl başlayıb. Ona görə ayrı-ayrı ölkələrin idmançıları, xarici nümayəndə heyətləri xeyli vaxtdır ki, Bakıdadırlar. Oyunların hazırlıq işləri də həftələr öncə yekunlaşıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün işləri vaxtından əvvəl yerinə yetirib. İndi qarşıda dayanan əsas vəzifə yarışların keçirilməsidir.
Hər bir beynəlxalq tədbir zamanı əsas təşkilati məsələlərdən biri də təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycanın isə sabitliyin etibarlı təminatıçısı, ictimai asayişin qorunması baxımından bölgədə və dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması hər birimizdə qürur və fəxarət hissi doğurur. Ölkəmiz son illər keçdiyi sosial-iqtisadi inkişaf yolu ilə yanaşı, həm də cəmiyyətdə asayişin, əmin-amanlığın qorunması sahəsində də dünyada öncüllər sırasındadır.
İndiyədək Azərbaycanda onlarla beynəlxalq tədbirin keçirilməsinin əsas səbəblərindən biri də ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın və yüksək təhlükəsizliyin mövcud olmasıdır. İstər “Eurovision” mahnı yarışması, istərsə də I Avropa Oyunları göstərdi ki, Azərbaycanda istənilən kütləvi tədbirin keçirilməsi üçün heç bir təhlükə yoxdur.
Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarında da təhlükəsizliyin təmin olunması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Aprelin 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında daxili işlər naziri Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.
Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq.
Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.
Cari ilin mart və aprel aylarında təhlükəsizlik qüvvələrinin və vasitələrinin oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.
Yol hərəkətinin təhlükəsizliyi və yüksəksəviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələrin icrası yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.
Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.
İctimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. Ümumilikdə bu gün respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.
I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “IPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə ediləcək.
Onu da qeyd edək ki, Oyunlarda təhlükəsizlik tədbirlərini ayrı-ayrı dövlət orqanları əlaqələndirilmiş şəkildə həyata keçirəcək. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanın təhlükəsizlik strukturları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının da təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək.
Bu gün ətraf bölgələrdə xoşagəlməz hadisələr baş verməkdədir. Dünyanın bir sıra nöqtələrində, eləcə də Yaxın Şərqdə gedən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Azərbaycanın isə təhlükəsizliyin və ictimai asayişin təmin olunması baxımından nəinki regionun, eləcə də dünyanın nümunəvi ölkələrindən biri olması qürurvericidir. Aidiyyəti strukturlarımız dövlətin təhlükəsizliyinə, onun milli maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirləri ən yüksək səviyyədə həyata keçirirlər. İstənilən çirkin məqsədin qarşısını almaq üçün ölkəmiz kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Ən əsası, Azərbaycan dövlətinin gücü istənilən növ təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”[/justify]