azia.az
azia.az

Qarabağ üçün islam döyüşçüləri

8-05-2017, 13:01

Qarabağ üçün islam döyüşçüləri

Azərbaycan təmsilçiləri meydana qara sarğılarla çıxmalıdır

25 il qabaq Şuşanı işğal etmiş ermənilər Azərbaycanın bu tarixi şəhərinə hücum etmiş erməni silahlılarının sayını fantastik səviyyədə azaldırlar, şəhəri müdafiə edən azərbaycanlı döyüşçülərin sayını isə dəfələrlə azaldırlar. Məsələn, “Vikipedia” internet kitabxanasının rus redaksiyasına material yerləşdirmiş ermənilər şəhərə cəmi 2 tankla 1800 erməninin hücum etdiyini iddia edirlər.

Amma İstiPress-in müxtəlif erməni mənbələrində apardığı araşdırmalar çox-çox fərqli rəqəmlər ortaya çıxarır. Özü də şəhərin işğalında iştirak etmiş erməni hərbçilər özləri də müxtəlif müsahibələrində fərqli rəqəmlər səsləndiriblər. Məsələn, Şuşanın işğalına rəhbərlik etmiş Komandos ləqəbli erməni general Arkadi Ter-Tadevosyan 2014-cü ildə “Lratvakan”a verdiyi müsahibədə Ermənistan ordusunun 3 min əsgərinin Şuşaya hücumda iştirak etdiyini bildirmişdi, şəhəri müdafiə edən azərbaycanlıların sayının 2500 olduğunu iddia etmişdi.

Peşəkar hərbçi olan Arkadi Ter-Tadevosyan sonradan bu iddiasının bir qədər gülünc olduğunu anladı və “Lragir”ə bir il sonra verdiyi müsahibəsində şəhərə hücum edən erməni sayının şəhəri müdafiə edən azərbaycanlılardan 3 dəfə çox olduğunu bildirdi, yəni Şuşaya 7500 erməninin hücum etdiyini təsdiqlədi. Həmin müsahibəsində Arkadi Ter-Tadevosyan ermənilərin 4500-ə qədərinin həlak olduğunu bildirmişdi: “Qurbanlarımız o qədər böyük idi ki, mən bu şəhərə hücum etdiyimizə peşman olmuşdum”.

Azərbaycan tərəfindən isə Şuşanı cəmi 300 əsgər müdafiə edib. Düzdür, əvvəl şəhərdə 500 döyüşçü olub, lakin mayın 7-də çeçen səhra komandiri Şamil Basayevin rəhbərlik etdiyi 150 döyüşçü onları tərk edib. Beləliklə, Şuşanın müdafiəsi 400 azərbaycanlı döyüşçünün ümidinə qalıb. Son nəfəsinə kimi vuruşmuş həmin 400 nəfərin 195-i qəhrəmancasına həlak olub, 165 nəfər isə döyüş meydanından yaralı çıxarılıb.

Təbii ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanın hazırlıqsızlığından istifadə edərək Şuşanı işğal etmiş Ermənistan bu məsələdə tək olmayıb və Xankəndidə yerləşən 366-cı Rusiya alayı bu işdə böyük rol oynayıb. Şəhərə girən işğalçı qoşunlar Azərbaycanın 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Aşağı Gövhər Ağa məscidini və Cümə məscidini dağıtdılar, Qarabağın bağrında bir islam ocağını söndürdülər. Bu baxımdan Şuşanın taleyi təxminən min il qabaq - 1099-cı il iyulun 15-də səlib yürüşçüləri tərəfindən işğal olunmuş Qüdsün taleyini yaşayıb. Səlibçilər onda bu müqəddəs islam şəhərinin bütün müsəlman əhalisini qırdılar. Qüdsün işğalı düz 88 il çəkdi və islam aləmini qaniçən səlibçilərdən məhz atalarımız olan səlcuq türkləri xilas etdi. Onların şücaəti nəticəsində itirilmiş müsəlman şəhərləri bir-bir geri alındı və 1187-ci ildə Qüds azad edildi.

Şuşa bu günkü islam aləminin Qüdsüdür. Təsadüfi deyil ki, ermənilər öz məqalələrində xristian dünyasının sərhədinin Ağdamdan keçdiyini iddia edirlər. Azərbaycan torpaqlarını işğal etməklə Helsinki prinsiplərin pozmuş Ermənistanın hərbi cinayətlərinə qərb dünyasının göz yumması məhz xristian həmrəyliyi hesabınadır. İslam aləmi bu nüansı unutmamalıdır. Bu məsələ Bakıda bu gün başlayan İslam Həmrəyliyi Oyunlarında da nəzərə alınmalıdır. Yaxşı olar ki, İslam aləmini təmsil edən futbol komandaları bu gün meydana Şuşanın işğalını xatırlayaraq qara sarğılarla çıxsınlar. Bugünkü Fələstin - Oman və Azərbaycan - Kamerun görüşlərində bu çox vaxibdir. Hər kim olmasa da Azərbaycan yığması bu addımı mütləq atmalıdır.

Çingiz RÜSTƏMOV / İstiPress


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi