azia.az
azia.az

Əli İnsanovun gözlənilməz dəstəyi, “köhnə qvardiya”nın qayıdışı və vəd edilən xəzinə (TƏHLİL)

5-11-2022, 18:48


Haqq və Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanovun dünən verdiyi bəyanat siyasi mühitdə geniş müzakirələrə səbəb olub. 

 Qaynarinfo xatırladır ki, Əli İnsanov partiyanın İdarə Heyətinin iclasında Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib.

 Əli İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Daha sonra ona dövlət vəsaitlərinin mənimsənilməsi və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkili ilə bağlı ittiham irəli sürülüb. 2007-ci il aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə keçmiş nazir barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Qaradağ Rayon Məhkəməsi bu ittihamlar üzrə onu 7 il 5 gün azadlıqdan məhrum edib.  Keçmiş nazir 2019-cu ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.  Əli İnsanov həbs olunduğu vaxtdan Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutub. O həbsdən çıxdıqdan sonra da mövqeyini dəyişməyib. 2019-cu ildə Haqq və Ədalət Partiyasını təsis edərək, Azərbaycanda ədalətli cəmiyyətin qurulması uğrunda mübarizə aparacağını bildirib. 3 il ərzində keçmiş nazir hakimiyyətin ünvanına müxtəlif tənqidlər səsləndirib. Bu səbəbdən Əli İnsanovun hakimiyyətlə bir araya gəlməsi gözlənilməz olub.  Doğrudan da nə baş verir? 14 il həbs həyatı yaşayan və buna görə iqtidarı ittiham edən, sərt tənqidlərə məruz qoyan keçmiş nazir niyə birdən-birə İlham Əliyevi dəstəkləmək qərarına gəlib? Özü də bu bəyanat "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirələrdən sonra səsləndirilib. Bəzi məlumatlara görə, İnsanovun bu bəyanatı əslində Azərbaycanın siyasi sferasında "update" əməliyyatı ilə bağlıdır.  Hakimiyyət 2018-ci ildə islahatlara başlayacağını elan etdi və az sonra iqtidar komandasında əhəmiyyətli dəyişiklik baş verdi. Daha sonra diqqət siyasi partiyalara yönəldi. İllərlə qeydiyyatsız qalan partiyaların bu problemi həllini tapdı. Həmçinin partiyalar qərargahla təmin edildi.  İqtidarla siyasi partiyalar arasında dialoq prosesinə start verildi. Hökumət nümayəndələri bütün bunları islahatların tərkib hissəsi kimi xarakterizə edərək Azərbaycanda siyasi fəaliyyət sahəsində açılımlara gedildiyini bildirirdi. Amma 1993-cü ildən bu yana müxalifətdə olan və özlərini YAP iqtidarının əzəli rəqibi kimi səciyyələndirən siyasi güclər hakimiyyətin bu addımını imitasiya kimi qiymətləndirdi. İqtidarla dialoqa  gedən partiyalar isə "avtobus müxalifəti” adlandırıldı. Bu gün ictimai rəyin formalaşdırılmasında ən güclü alət olan sosial şəbəkələrdə hakimiyyətlə dialoqa gedən partiyaların hədəfə alınması yeni siyasi konfqiruasiya planını zədələdi. Əslində, bu məsələdə hakimiyyətin ayağa qaldırmaq istədiyi partiyaların da rolu böyük oldu. Onlar faktiki olaraq gözləntiləri doğrultmadı. Bəzi iddialara görə, "Siyasi partiyalar haqqında” yeni qanuna zərurət də əslində bu səbəbdən yaranıb. Yəni, konstruktiv müxalifətin ictimai rəyə təsir imkanlarının demək olar ki, olmaması, bir çox hallarda həmin təşkilatların liderlərinin cəmiyyət tərəfindən qəbul edilməməsi hakimiyyəti siyasi sferada yenilik etmək planını bir daha nəzərdən keçirməyə məcbur etdi. 

İddialara görə, yeni planda konstruktiv müxalifətin təmərgüzləşməsi nəzərdə tutulur. "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı iki partiyalı sistemin yaradılması barədə təkliflər də təsadüfi deyil. Bu təklif həmin planın tərkib hissəsi kimi səciyyələndirilir. 

Əli İnsanova gəlincə, ehtimal olunur ki, hakimiyyətlə dialoqda olan partiyaların onun rəhbərlik etdiyi təşkilat ətrafında cəmləşməsi nəzərdən keçirilir. Hər halda Əli İnsanov digər partiya (konstruktiv müxalifət nəzərdə tutulur-red) sədrlərindən daha nüfuzlu fiqurdur, hakimiyyətdən maddi asılılığı yoxdur, qərbi azərbaycanlı kimi regional faktordan yararlanmaq imkanları genişdir. Hakimiyyətlə dialoqda olan partiyaların bir mərkəzdə cəmləşməsi həm də siyasi partiyaların maliyyələşməsi məsələsini asanlaşdırır. Növbəti il üçün siyasi partiyalara 5 milyon manat vəsait ayrılıb. Mövcud qanunvericiliyə görə, partiyalara ayrılan vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi isə Milli Məclisin say tərkibinə (125-ə) bölünür və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır.  Lakin indiyə qədər parlamentdə təmsil olunmayan partiyalara maliyyə ayrılması faktına rast gəlinməyib. Bu da onların 3 faizlik həddi keçə bilməməsi ilə əlaqədardır. Konstruktiv müxalifətin birləşməsi ilə bu problem də həll olunur. Yəni, vahid təşkilatda, vahid komandada seçkilərə qatılmaqla daha böyük uğur əldə etmək, ən pis halda 3 faizlik həddi keçməklə büdcədən maliyyələşməni təmin etmək və kənar mənbə axtarışından qurtulmaq mümkündür. Bu həm də hakimiyyətin rəqib partiyanın maliyyə vəziyyətinə nəzarət etməsini asanlaşdırır.  Hakimiyyətin "ənənəvi müxalifət” adlandırdığı siyasi güclərin hərəkətlənməsi də iqtidarın iddia edilən bu planından xəbərdar olmaları ilə izah edilir. Xatırladaq ki, bir neçə gün əvvəl Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yenidən təşkilatın rəhbrəliyinə gələcəyi barədə məlumat yayılmışdı. Bundan başqa, Azərbaycan  Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədovun blok yaradacağı, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın təşkilatın lideri Lalə Şövkətin barış hərəkatının yaradılması barədə açıqlaması, AXCP-nin aksiyalara start verməsi faktı mövcuddur.

Görünür, onlar yenidən hərəkətlənərək ikipartiyalı sistemin, yaxud konstruktiv müxalifətin birləşərək bir güc ortaya çıxması və iqtidarla birgə siyasi mühiti yönləndirməsinin qarşısını almağa, yaxud iqtidara tək rəqib özlərinin olduğunu isbat etməyə çalışır. 

 

Seyid


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi