Naxçıvanın muxtariyyət statusu ləğv edilməlidir
Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın muxtariyyət statusu ləğv edilməlidir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləndən sonra Azərbaycan üçün yeni strateji mərhələ başlayacaq. Bundan sonra isə Naxçıvanın muxtariyyət statusu Azərbaycanın strateji tələblərinə cavab verməyəcək.
1920-ci il dekabrın 1-də Zəngəzur Rusiya tərəfindən Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycandan tamamilə ayrılmış oldu. Əgər Zəngəzur Ermənistana verilməsəydi, Naxçıvanın muxtariyyət statusu da gündəmə gəlməyəcəkdi. Moskva və Qars müqavilələri ilə Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsi Azərbaycanın iqtisadi inkişafını və milliləşdirmə prosesini əhəmiyyətli dərəcədə tormozladı.
Proseslər göstərir ki, Azərbaycanda referendumun keçirilməsi ciddi zərurətə çevrilib. Azad edilən torpaqlar üzərində, ümumən Azərbaycanda yeni münasibətlər sisteminin yaradılması və fərqli idarəçilik modelinin tətbiq olunması qaçılmazdır.
Biz, Şərqi Zəngəzur (Kəlbəcər, Zəngilan, Laçın, Cəbrayıl və Qubadlı) amilindən çox ciddi şəkildə istifadə etməliyik. Prezident İlham Əliyev tərəfindən Şərqi Zəngəzur İqtisadi Zonasının yaradılması isə Azərbaycanın manevr imkanlarını da əhəmiyyətli dərəcədə artırıb.
Zəngəzur dəhlizi açılandan sonra, Naxçıvanın Azərbaycana birləşdirilməsi təmin edilmiş olacaq. Muxtariyyət statusunun ləğvi isə gələcəkdə Azərbaycanın tarixi torpaqları - Zəngəzur üzərindəki sahiblik imkanlarını artıracaq.
Düşünürəm ki, İ.Əliyevin atdığı addımların tarixi konturları təkcə erməniləri narahat etmir. Bu, 30 ildir Naxçıvanı ailə şirkəti kimi idarə edən Talıbovlar ailəsinə də arxayınlıq vəd etmir. Odur ki, Naxçıvanda Talıbovlara məxsus şirkətlərin və otellərin tələsik satılması təsadüf deyil
Samir Feyruzov, politoloq