azia.az
azia.az

“Oqtay Əsədov PA-nın şöbə müdiri müavini səviyyəsində olan bir şəxsdir”

6-12-2016, 09:49

“Oqtay Əsədov PA-nın şöbə müdiri müavini səviyyəsində olan bir şəxsdir”
Rəsul Quliyev: “Parlament sədri Prezident Administrasiyasının şöbə müdirlərinin müavini səviyyəsində qəbul edilən bir şəxsdir”

2005-ci ildən Milli Məclisin sədri olan Oqtay Əsədov Azərbaycan müstəqillik əldə etdikdən sonra 7-ci spikerdir. O, 25 illik müstəqillik dövründə spikerlik ömrü ən uzun olan parlament sədri kimi tarixə düşmüş sayıla bilər.

Hörmətli Oqtay müəllimdən öncə parlamentin sədri olmuş 6 nəfərdən (Elmira Qafarova, Yaqub Məmmədov, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov) heç biri 11 il həmin vəzifədə olmayıblar. Belə getsə Oqtay Əsədov daha bir rekorda imza atacaq: O, MM-də siyasi müzakirələrə imkan verməyən spiker kimi də tarixdə qalacaq. Demək olar ki, hər iclasda cənab Əsədov deputatlara “bura siyasi müzakirə aparmaq yeri deyil” kimi iradlar tutaraq danışmalarına mane olur. Hansı ki, parlament məhz müzakirə yeridir. Bu cür yanaşma tərzi olan adamın həmin vəzifədə olması spiker vəzifəsinə və ölkədəki duruma adekvatdırmı?

20 ildir ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin keçmiş sədri Rəsul Quliyev “Yeni Müsavat”a bildirdi ki, parlamentin sədrinin siyasi müzakirələrə imkan verməməsi, MM-in siyasi müzakirə meydanı olmadığını bəyan etməsi ölkədəki siyasi duruma, idarəçiliyə tamamilə adekvatdır: “Hətta deputat seçilmək şansı olanların belə hökumətin təsdiqindən sonra deputat mandatı ala bildiyi parlament sədrinin parlamentin funksiyasının nədən ibarət olduğunu bilməməsində təəccüblü heç nə olmamalıdır. Onun və orada oturan deputatların əksəriyyətinin fikrincə, parlamentin vəzifəsi Prezident Administrasiyasından verilən tapşırıqları yerinə yetirməkdir, vəssalam. Əgər icazə versələr, qaldırılan məsələ və ya onunla əlaqəsi olmayan məsələlər barədə nələrdənsə danışacaqlar, icazə verilməsə, heç bir müzakirəsiz tapşırığı qəbul edəcəklər. Azərbaycan Milli Məclisi Prezident Administrasiyasının ikinci dərəcəli şöbəsi səviyyəsində qəbul edilirsə, bu da böyük şeydir. Parlament sədri isə Prezident Administrasiyasının şöbə müdirlərinin müavini səviyyəsində qəbul edilən bir şəxsdir.

Əslində parlament funksional olaraq ancaq siyasətlə məşğul olan bir strukturdur, parlament müzakirə meydanıdır, parlamentin fəlsəfəsi budur. İstənilən qəbul ediləcək qanun, istər daxili, istər xarici, istər iqtisadiyyat, istər hüquqla, istər təhsil, istər sağlamlıq və sairə dövlətin bu istiqamətlərdə aparacağı siyasəti müəyyənləşdirir. Parlament dövlətçiliyin 3 qolu arasında (hökumət, məhkəmə, parlament) ancaq siyasətlə məşğul olan yeganə qoldur.

Mən parlamentin fundamental funksiyasının siyasət olduğunu sədr olduğum dövrdə yox, azı ondan 5-6 il öncə bilirdim. Yəni “perestroyka” ilə əlaqədar bir çox kitabların çapına icazə verilmiş kitabları mütaliə edəndən sonra. Ona görə parlament sədri seçildiyim ilk gündən heç vaxt heç bir məsələni müzakirəsiz qəbul etmək kimi yarıtmaz işlə məşğul olmamışam. Bütün müzakirələrdə çıxış etmək fikrində olan müxalifətdən olanların hamısına söz vermişəm. Məsələ ilə əlaqədar çıxışlarını heç vaxt yarımçıq kəsməmişəm. Mənim kimlərinsə sözünü kəsməyim ancaq və ancaq müzakirə olunan məsələ ilə əlaqədar olmayan uzun-uzadı çıxışlar olub. Sözünü kəsdiyim bu insanların 80 faizi hökumətyönlü deputatlar olub. Müxalifətdə olan deputatların bizə danışmağa imkan vermirsiniz kimi demoqoqik sözlərini eşitməmək üçün adətən onlara axıra qədər sözlərini deməyə imkan vermişəm. 3 illik sədrliyim dövründə müxalifətdən olan deputatların 1 faiz belə əhəmiyyət kəsb edən təklifinə rast gəlməmişəm".

R.Quliyev daha sonra qeyd etdi ki, qanunların hazırlanmasının birbaşa iştirakçısı olduğu üçün qanun müzakirələrə çıxanda heç vaxt deputatları toplayıb “bu şəkildə səs verin” deməyib: “Çünki spiker kimi özümə inamım var idi, qanunu müdafiə edə biləcəyimə əmin idim. Ondan başqa ağıllı bir təklifi qanuna əlavə edib səsə qoya bilərdim, bu dəyişikliyi deputatlardan başqa heç kimlə müzakirə etmək məcburiyyətim yox idi.

Parlamentin hökumətin əlində oyuncaq olduğu ölkələrin hamısı avtoritar rejimlərdir. Güclü müxalifəti olmayan parlamentli ölkələrdə inkişafın olması qeyri-mümkündür. Parlamentin icra hakimiyyətinə təsir etmək gücü yoxdursa, ölkədə məmur özbaşınalığı çiçəklənəcək. Ölkədə müstəqil informasiya vasitələri, xüsusilə TV-lər olmasa, xalqla dövlət arasında əlaqələr olmur, yəni müstəqil informasiya vasitələrinin dövlət orqanlarına təsiri olmayan ölkə maksimum avtoritar ola bilər.

Mən işlədiyim dövrdə dövlətin qolları arasında balans yaratmaq üçün axıra qədər çalışdım. Birinci məğlubiyyətim 1995-ci konstitusiyasında bu balansın saxlanılmasına nail olmamağım oldu. Ancaq ondan sonra konstitusiyaya edilmiş dəyişiklərlə müqayisədə 1995-ci il konstitusiyası Azərbaycan üçün demokratiyanın zirvəsi kimi görünür. 1995-ci ildə azı 6 ay “parlamentə seçilən deputatların azı 35 faizi müxalifətdən olmalıdır” fikrimi izah etməyə, buna nail olmağa çalışdım. Təəssüf ki, buna da nail ola bilmədim. Siyasi müzakirələrin olmadığı, alternativə fikrə yasaq qoyulan, normal müxalifət olmayan parlamenti olan ölkələrdə hər sahədə krizis krizisin ardınca gələcək, xaos vəziyyəti yaranana qədər davam edəcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi