azia.az
azia.az

Putin konkret tapşırıq verib, ermənilər rus əsgərləri ilə birgə Qarabağda... - Polkovnikdən SENSASİYA

25-04-2022, 17:07

Putin konkret tapşırıq verib, ermənilər rus əsgərləri ilə birgə Qarabağda... - Polkovnikdən SENSASİYA
Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində təxribata əl atdı. Sərhədimizi pozmağa çalışdılar. Sərhədçilərimiz isə onlarla bağlı lazımi tədbirlər gördü.

Bəs Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılmasından sonra belə bir addıma nə üçün rəvac verir? İrəvan vaxt uzatmaqla və ənənəvi təxribat kartı ilə nəyə nail olmağa çalışır? Bu təxribatların hərbi-siyasi kulisində nələr ola bilər?

Suallarımızı Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərova ünvanladıq.

Azia.az xəbər verir ki, Polkovnik Publika.az-a müsahibəsində bildirdi ki, Ermənistanın son təxribatlarında baş nazir Nikol Paşinyanın Kremldən aldığı təlimatlar xüsusi önəm daşıyır.

- Cənab polkovnik, erməni hərbçilərinin Azərbaycanın dövlət sərhədini pozması və diversiya addımları nədən xəbər verir?

- Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın sərgilədiyi müxtəlif şahmat gedişləri onu deməyə əsas verir ki, bu adam heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. Sonuncu Moskva səfərindən sonra Paşinyana Kremldən göstəriş verilib ki, maksimum şəkildə Brüsseldəki razılaşmaları pozsunlar. Nikol Vovayeviç də Kremlin həmin göstərişini “ustalıqla” öz hərbçiləri vasitəsi ilə yerinə yetirir. Yalnız dünən axşam saatlarında Ermənistanın Müdafiə Nazirliyi etiraf etdi ki, Eduard Martirosyan guya itkin düşüb. Sonra dedilər ki, yolu azaraq Azərbaycan tərəfinə keçib. Yəni onu demək istəyirəm ki, Ermənistan heç vaxt öz sözünün yiyəsi olmayıb. Azərbaycan da bütün bunları nəzərə almalıdır. Çünki 2020-ci ilin 10 noyabr razılaşmasında göstərilən müddəalar İrəvan tərəfindən hələ də yerinə yetirilməyib.

- Sülh sazişi ilə bağlı Ermənistanın bəyanatlarından elə də çox müddət keçməyib. Bəs dünənki sərhəd təxribatları nəyə hesablanıb?

- Ermənistan hələ də müxtəlif manevrlər etməyə çalışır. Ermənistan həm Rusiyanın, həm Fransanın, bəzi hallarda da Amerika Birləşmiş Ştatlarının təhriki ilə müəyyən hərəkətlərə yol verir. Bölgədə gərginliyin artmasına maraq göstərir. Elə buna görə də Azərbaycanın Müdafiə Nazirliyi, eləcə də Dövlət Sərhəd Xidməti öz üzərinə düşəni etməlidir və edir. Dövlət Sərhəd Xidməti də Ermənistan ordusunun son təxribatları ilə bağlı bəyanat yaydı. Bildirildi ki, onlar elə düşünməsin ki, biz onların təxribatlarına göz yumacağıq. Bu açıqlamanın izahı odur ki, biz – yəni Azərbaycan tərəfi – əvvəllər humanistlik göstərirdik. Müraciət olunandan sonra yolu azaraq Azərbaycan tərəfinə keçən erməni hərbçilərini geri qaytarırdıq.

- Sizcə, sərhədi pozan diversant Martirosyanla bağlı hər hansı tədbir görüləcəkmi?

- Hesab edirəm ki, Martirosyan dövlət sərhədini pozduğuna, öz hərəkətlərinə görə Azərbaycan qanunları qarşısında cavab verməlidir. Çünki o, diversiya qrupunun üzvüdür. Heç bir halda onun “yolu azaraq keçməsi” məsələsinə fikir vermək lazım deyil. Sadəcə olaraq onu qanunlar çərçivəsində cəzalandırmaq lazımdır. Heç bir halda onu Avropa Şurasının və başqalarının xahişi ilə geri qaytarmaq lazım deyil. Həmin diversant cəzasını çəkməlidir ki, digərlərinə də dərs olsun.

- Moskva görüşündən sonra Ermənistan tərəfinin təxribatlarının artmasının arxasında hansı hərbi-siyasi amillər dayana bilər?

- Ermənistanın siyasi rəhbərliyi hazırda müxtəlif gedişli oyunlar oynayır. Artıq aprel ayı başa çatır. Bu vaxta qədər yaradılan birgə komissiyalar bir araya gəlməli idi. Azərbaycan və Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsi üçün demarkasiya və delimitasiya işləri həyata keçirilməli idi. Amma bu məsələdə Ermənistan tərəfindən hər hansı bir həvəsi görmək mümkün deyil. Ermənistan sonuncu Putin-Paşinyan görüşündə konkret tapşırıq alıb. Yəni Rusiyanın başı Ukraynadan ayılana qədər müxtəlif təxribatlar törətməklə məsələni uzatmalıdır. Bundan sonra Rusiya dövriyyəyə yenidən daxil olmağı düşünür. Necə ki, Nikol Paşinyana Vladimir Putin tərəfindən söz verilib ki, onlar bu məsələ ilə məşğul olacaqlar. Onların bu məsələ ilə necə “məşğul olacağını” da biz bilirik. 28-30 il ərzində biz bunu görmüşük. Rusiya heç bir halda bölgədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı addımlar atmayıb. Baxmayaraq ki, bu ilin 22 fevralında Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı sənəd də imzalanıb. Ona görə də biz işimizi bilməliyik. Azərbaycan Ordusu aldığı tapşırığı sona qədər yerinə yetirməlidir. Biz bu məsələni axıra çatdırmalıyıq.

- Axıra çatdırmayacağımız təqdirdə nə baş verə bilər?

- Axıra çatdırmayacağımız təqdirdə böyük baş ağrılarımız olacaq. Əsgər və zabitlərimizin sağlamlığı ilə bağlı da böyük problemlərin olacağı istisna deyil. Onlar yaralana və hətta şəhid ola bilərlər. Bu cür xəbər gəlsə, biz təəccüblənməməliyik. Ermənistan Rusiyanın sülhməramlıları ilə bir yerdə daha ağır təxribatlar törədəcək. Cəhd etməyəcəklər, təxribatlara imza atacaqlar. Ona görə də bizim komandanlıq bunları nəzərə almalıdır. Hər halda onlarda olan məlumatlar da mənim düşündüklərimin boş fikirlər olmadığını sübuta yetirir. O mənada ki, ermənilər və sülhməramlılar bundan sonra da vəziyyəti gərginləşdirəcəklər.

- Sərhəddəki əvvəlki gərginliklərin yenidən aktivləşməsi ehtimalı nə qədərdir? Erməni təxribatlarına cavab olaraq ordumuzun dövlət sərhədində irəliləməsi mümkündürmü?

- Azərbaycan Ordusu əslində dövlət sərhədlərinin dəqiqləşdirilməsi istiqamətində komandanlıqdan təlimatlar alıb. Artıq belə bir komanda verilib. Sadəcə olaraq son vaxtlar rusiyalı sülhməramlılar bizim işlərimizə maneələr törətdilər. Ona görə də bu istiqamətdəki işlər bir qədər ləngidi. Həmin işlər aparılır və sona çatdırılmalıdır. Ölkə rəhbərliyi Müdafiə Nazirliyi ilə Dövlət Sərhəd Xidməti qarşısında tapşırıqlar qoyub. Həmin tapşırıqlar da bildiyim qədər icra olunur. Bu işlər də bəzi hallarda tez, bəzi hallarda gec gedir. Amma bu istiqamətdə iş aparılır. Yəqin ki, ermənilərin sonuncu sərhəd təxribatından sonra Azərbaycan tərəfi öz qərarlarını verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi